• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regionların sosial-iqtisadi inkişafına dövlət proqramlarının icrası İsmayıllını tamamilə müasirləşdirir

Regionların sosial-iqtisadi inkişafına dövlət proqramlarının icrası İsmayıllını tamamilə müasirləşdirir

İş elə gətirib ki, bölgələrin sosial-iqtisadi inkişafı barədə qəzet materialı hazırlayan həmkarlarımız xüsusilə vurğulanmalı bir “problem”lə qarşılaşırlar. Belə ki, indi hansısa rayonun daha sürətlə inkişaf etdiyini demək mümkün deyil. Çünki artıq bütün bölgələrimizdə sosial-iqtisadi inkişafın yüksək tempini görürük. Əminəm ki, həmin tempin İsmayıllıda daha qabarıq nəzərə çarpdığını yazsam, qətiyyən haqsızlıq etmərəm. Amma onu da deməliyəm ki, bu tərəqqi, inkişaf ölkəmizdə 2004-cü ildən etibarən həyata keçirilən dövlət proqramlarının icrasının nəticəsidir. Bundan başqa, adı çəkilən proqramların icrasına dövlət başçısının şəxsən nəzarət etməsi də uğurların sayını artırır. 
Yeri gəlmişkən, Prezident İlham Əliyev bu il yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda demişdi ki, əgər biz 2004-cü ildə qəbul edilmiş birinci proqrama nəzər salsaq görərik ki, görülən bu işlərin böyük hissəsi orada əks olunmamışdır: “Çünki biz bu proqrama və ondan sonrakı ikinci və üçüncü proqramlara əlavələr etdik. Mənim bölgələrə çoxsaylı səfərlərim çərçivəsində, vətəndaşlarla təmaslar əsnasında yeni təkliflər gəldi. Mən hər il onlarla rayona səfərlər edirəm, keçən il otuzdan çox rayonda olmuşam. Hər dəfə görülən işlərlə maraqlanıram, nəzarət edirəm, eyni zamanda, yerlərdən təkliflər alıram. Ona görə bu proqramlara bəzi hallarda zərurət yarandıqca əlavələr olunur. Odur ki, proqramların təhlilini apararkən biz mütləq əlavələri də nəzərə almalıyıq”.
Dövlət başçımızın həmin qənaətinin təsdiqini onun istənilən bölgəyə səfərdən sonra verdiyi sərəncamlarda da görürük. Ölkə rəhbərinin avqustun 26-27-də reallaşdırdığı İsmayıllı səfərindən sonra da rayonda irəli sürülən təkliflərə cavab olaraq yeni sərəncamlar imzalamışdır. Prezidentin 10 sentyabr 2018-ci il tarixli sərəncamında qeyd edilirdi ki, İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri, zəruri avadanlıq və inventarla təchizatı məqsədi ilə bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,5 milyon manat vəsait ayrılsın. Fikrimizcə, bu qərar, sadəcə, sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün atılan addım kimi deyil, həm də bölgə əhalisinin təkliflərinə hörmət və ehtiramla yanaşıldığının göstəricisi kimi dəyərləndirilməlidir.
Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, dövlət başçımızın bu qayğısı da yerlərdə lazımınca qiymətləndirilir və rayon əhalisinin məsuliyyətini, prinsipiallığını qat-qat artırır. Mən avqustun 31-də İsmayıllıda ­Prezident İlham Əliyevin bu rayona səfəri ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağında həmin həqiqətin növbəti təsdiqini gördüm. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd etdi ki, dövlət başçısı səfərdən dərhal sonra İsmayıllı şəhərində yeni xalça fabrikinin, 48 mənzilli yaşayış binasının və 100 yerlik uşaq bağçasının tikintisi barədə sərəncam imzalayıb.
M.Sadıqov Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrinin icrası ilə bağlı müxtəlif istiqamətlər üzrə hazırlanmış fəaliyyət proqramları və tədbirlər planı barədə ətraflı danışdı. Bir sıra kəndlərə qaz çəkilişi, istehsal və sosial obyektlərin, yollların tikintisi ilə bağlı ilkin layihə işlərinə, torpaq ayrılmasına başlandığını deyən rayon rəhbəri əminliklə bildirdi ki, qarşıya qoyulan vəzifələr layiqincə icra olunacaqdır. 
Həmin yığıncaqdan iki gün əvvəl isə İsmayıllıda “Aqrar sığorta: ixrac potensilaının gücləndirilməsi və kənd təsərrüfatında intensiv inkişafın əsası kimi” layihəsi çərçivəsində tədbir keçirilirdi. Qeyd edək ki, bu məsələ dövlət başçımızın xüsusi diqqət mərkəzindədir. Xatırladaq ki, “Aqrar sığorta: ixrac potensilaının gücləndirilməsi və kənd təsərrüfatında intensiv inkişafın əsası kimi” layihəsinin əsas məqsədi 2014-cü ildən etbarən yaranmış yeni qlobal çağırışlar fonunda Azərbaycan iqtisadiyyatında, o cümlədən, aqrar sektorda həyata keçirilən genişmiqyaslı islahatlara vətəndaş cəmiyyətinin dəstəyini təmin etmək və beləliklə də, sektorda inkişaf dinamikasını daha da sürətləndirməkdir. Bundan başqa, layihə çərçivəsində kənd təsərrüfatı subyektlərinin maarifləndirilməsi, problemin yerində təhlili və optimal həll yollarını özündə ehtiva edən təkliflər paketinin hazırlanması kimi fəaliyyətlərin icra edilməsi də nəzərdə tutulur ki, bu da aqrar sferada sığorta sisteminin inkişafını sürətləndirməklə, müasir tələblərə uyğun təsərrüfat münasibətlərinin formalaşmasında əhəmiyyətli rola malik olacaqdır. Həmin tədbirin bilavasitə İsmayıllıda keçirilməsi isə bu rayonda aqrar sektorun inkişafına verilən önəmlə bağlı idi. 
Mirdaməd Sadıqovla İsmayıllının bugünkü hərtərəfli inkişafı barədə xeyli söhbət etdik. Yeni salınan Dəmirçi-Lahıc, Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yollarının, Keyvəndi kəndinin ərazisində istifadəyə verilən “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksinin, Lahıc qəsəbəsində yeni inşa olunan məktəb binasının, “Azərxalça” ASC-nin İsmayıllı filialının, “Azərişıq” ASC-nin yenidən qurulan 110/35/10 kilovoltluq “İsmayıllı” yarımstansiyasının, Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun , “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın açılışı, eləcə də Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimlərindən və başqa bir neçə inkişaf göstəricisi olan faktlardan kifayət qədər danışdıq.
Rayon rəhbəri qeyd etdi ki, bütün bunlar ölkə ictimaiyyətinə məlum olduğuna görə bu barədə yazmağa ehtiyac yoxdur: “Ancaq biz – ismayıllılar həmin faktlar barədə dönə-dönə danışacaq və fəxr edəcəyik ki, bu inkişaf cənab Prezidentin rayonumuza göstərdiyi qayğı və diqqətin nəticəsidir”. 
Yeri gəlmişkən, Mirdaməd müəllim “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının kollektivi adından Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan məktub haqqında danışdı və dövlət başçımızın rəsmi saytında yerləşdirilmiş həmin məktubu birlikdə oxuduq. “Sevinc Hacıyeva və başqalarından” sərlövhəsi ilə verilmiş məktubda deyilirdi: “ Hörmətli cənab Prezident, 2018-ci il avqustun 25-i Sizin iştirakınızla “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının istifadəyə verildiyi gün Azərbaycan xalçaçıları üçün daha bir unudulmaz tarixə çevrildi. Sizin xalçaçılarla hər görüşünüz bir bayramdır. İsmayıllı toxucuları üçün yaratdığınız şərait bizi bir daha yaxşı işləməyə, gözəl xalçalar toxumağa, milli dəyərlərimizi yaşatmağa ruhlandırır. Emalatxanamız müasirliyi, abadlığı ilə göz oxşayır, rayonumuza xüsusi gözəllik verir.
Respublikamızda yeni xalça istehsalı emalatxanalarının yaradılması gənclərin xalçaçılığa marağını artırır, bu sənətin parlaq gələcəyini təmin edir. Əziz Prezidentimiz, Siz bizim əməyimizi hər zaman yüksək qiymətləndirmisiniz. Sizin “Dövlət daim sizi dəstəkləyəcək” sözlərinizin arxasında indiyədək bu sahədə gördüyünüz real işlər və gələcək planlarınız dayanır. İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikilməsi barədə sərəncamınız bütün toxucuların hədsiz sevincinə səbəb olub. Bizə göstərdiyiniz yüksək diqqət və qayğıya görə sizə dərin minnətdarlığımızı bildirir, bu sənətin yaşadılması və daha da inkişaf etdirilməsi üçün qarşımıza qoyduğunuz vəzifələri uğurla yerinə yetirəcəyimizə söz veririk. Siz Azərbaycan xalçasının və xalçaçılarının böyük hamisisiniz. Allah Sizi qorusun!”
Öyrəndik ki, rayonun Kəlbənd kənd sakini Paşa Mirzəxanov da dövlət başçımıza minnətdarlıq məktubu yazıb. Onunla görüşmək istədim. O qədər də çətin olmadı. Çünki artıq həmin kəndin yolu ən müasir şəkildə yenidən çəkilib. Paşa Mirzəxanov dedi ki, Kəlbənd və Girk kəndlərinin sakinlərinin imzaladığı məktubu bilavasitə mən yazdığıma görə xeyli məmnunam. Bu məktubun səbəbini isə özünüz gördünüz. Yolumuz heç zaman olmayan bir şəkildə yenilənib. Məktubda yazmışam ki, biz Kəlbənd və Girk kəndinin sakinləri Sizə dərin minnətdarlığımızı, yüksək ehtiramımızı bildiririk. Siz illərlə qəlbimizdə qalan arzumuzu reallığa çevirdiniz. Sərəncamınızla Kürdmaşıdan kəndlərimizə asfalt yol çəkdirdiniz. Bu il avqustun 25-də İsmayıllıya səfəriniz zamanı yolun açılışını etdiniz. Kəndlərimizin sakinlərinə sevinc və yeni həyat bəxş etdiniz. Allah Sizi sevindirsin!
Amma bugünkü İsmayıllı həqiqətləri təkcə yeni istifadəyə verilən obyektlərlə bitmir. Bu rayonun sosial həyatında o qədər yeniliklər olur ki, onların hər biri haqqında ayrılıqda söhbət açmaq qətiyyən mümkün deyil. Məsələn, rayonda Heydər Əliyev Fondunun xətti ilə keçirilən humanitar aksiyada 80 nəfər şagirdə məktəbli forması verilib, təhsildə əldə olunan yüksək nəticələr qazananların iştirakı ilə ənənəvi “Təhsil bayramı” keçirilib, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Qalınçaq kəndində sakinlərlə görüşüb, görkəmli şair Məmməd Araza həsr olunmuş poeziya günü təşkil olunub. Dini radikalizmə qarşı maarifləndirmə layihəsi reallaşdırılıb, Qəbələ Səyyar ASAN xidmət avtobusu bir ay müddətinə rayon sakinlərinə xidmət göstərmək üçün İsmayıllıya gəlib. Nəhayət, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, rayonun Xəlilli kəndində dövlət investisiya qoyuluşu ilə 40 yerlik – 2 qrupluq uşaq bağçası inşa edilib.
... Məqaləni regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının bölgələrimizə verdiyi səmərə ilə bağlı fikirlərlə başlamışdım və həmin proqram çərçivəsində reallaşan bir tədbir haqqında xəbərdən götürülmüş cümlə ilə başa çatdırmaq istəyirdim. Amma yazı “40 yerlik” obyektin gülüzlü, çiçək təravətli sakinlərinin ürəyində yaranacaq sevinclə tamamlandı. Körpə səsi, uşaq sevinci olan yerdə başqa faktlardan, səbəblərdən söz açmağa ehtiyac qalırmı? Məncə, yox... 
 

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

14 2018 23:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin