Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oğuzda ADAU söhbəti

Oğuzda ADAU söhbəti

Son vaxtlar Azərbaycan Dövlət Aqrar Universitetinə maraq göstərən, məhz bu ali məktəbin ixtisaslarını seçən orta məktəb məzunlarının sayı xeyli artıb. Bu bir tərəfdən universitetdə yaradılan yüksək şərait, digər tərəfdən bir sıra kənd təsərrüfatı ixtisaslarının prioritet ixtisaslara çevrilməsi, kənd təsərrüfatına dövlət səviyyəsində diqqət və qayğı göstərilməsi ilə əlaqədardır.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov özünün facebook səhifəsində maraqlı bir status paylaşıb. Rektor yazır: "Hörmətli izləyicilər, bu gün “Universitetimizi tanıdaq” layihəsi çərçivəsində Oğuz rayonunda məktəblilərlə görüşdüm. Çox maraqlı bir görüş alındı. Görüşdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, təhsil idarəsinin, DAİM-ın rəhbərləri, məktəb direktorları, müəllimlər, valideynlər və bir sıra fermerlərlə yanaşı 250 nəfərdən artıq məktəbli də iştirak etdi. Universitet barədə video çarxlar nümayiş etdirildi, universitetin tarixi və bu günü barədə məlumat verdim, möhtərəm cənab Prezidentin ali diqqəti nəticəsində universitetin uğurları barədə danışdım, kənd təsərrüfatı nazirliyinin kadr hazırliğı ilə bağlı dəstəyi və diqqəti ilə bağlı fikirlərimi bölüşdüm. Şagirdlərin çoxsaylı suallarını cavablandırdım”.

Qeyd edək ki, universitetin rəhbərliyi neçə vaxtdır bu layihə çərçivəsində görüşlər, toplantılar keçirir, məzunları maraqlandıran suallara cavab verir, hətta onların ali məktəbin bu günkü həyatı ilə yaxından tanış olmaları üçün şərait yaradır. Nəticə göz qabağındadır. Bir vaxtlar 150-200 balla universitetə daxil olmaq mümkün idisə, bu indi sadəcə mümkün deyil. Artıq 500-600 balla tələbə adını qazananlar var və bütün bunlar heç kimi təəccübləndirmir. Əvvəllər plan yerləri bəzən heç 50 faiz də doldurulmurdusa, indi elə ilk turdan bu rəqəm 95-96 faizə çatır. İndiyədək görünməyən rəqəmlərdir. İbrahim Cəfərov deyir ki, “bunun yeganə səbəbkarı cənab Prezidentimizdir.Bu qayğı, bu diqqət, bu kömək olmasaydı elə yenə əvvəlki kimi davam edəcəkdi”.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri
                         

 

4 Oktyabr 2019 15:59 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə