Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 425 Bakı şəhəri, 2 oktyabr 2019-cu il
 
“Ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 iyul tarixli 193 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
 
 
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş Naziri 
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 2 oktyabr

tarixli 425 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

             

Ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji

qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən hazırlanmışdır və ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edir.

1.2. Ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin məqsədi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanu-nuna Əlavədə göstərilən fəaliyyətin (bundan sonra – nəzərdə tutulan fəaliyyət) həyata keçirilməsi zamanı ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərin aşkarlanması, onların məkana, zamana görə miqyasının və intensivliyinin qiymətləndirilməsi, aradan qaldırılması və ya azaldılması üçün tədbirlərin həyata keçirilməsini, habelə dövlət orqanları və qurumları, fiziki və ya hüquqi şəxslər (bundan sonra – sifarişçi) tərəfindən nəzərdə tutulan fəaliyyətə dair ətraf mühitə təsirin qiymətləndirilməsinin Azərbaycan Respublika-sının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik) ilə ilkin məsləhətləşmələrdən sonra aparılmasını, ətraf mühitdən səmərəli istifadənin, ətraf mühitin davamlı inkişafının və ekoloji təhlükəsizliyin, potensial zərərli ekoloji təsirlərin planlaşdırma mərhələsində qarşısının alınmasını və bu istiqamətdə digər tələblərin yerinə yetirilməsini, sifarişçi və strateji sənədləri hazırlayan dövlət orqanları, qurumları və bələdiyyələr (bundan sonra – planlaşdırıcı orqan) tərəfindən həmin Qanunun tələblərinə əməl olunmasını təmin etməkdən ibarətdir.

1.3. Ətraf mühitə təsirin qiymətləndirilməsi (bundan sonra – ƏMTQ) və strateji ekoloji qiymətləndirmə (bundan sonra – SEQ) sahəsində nəzarət dövlət və ictimai nəzarət formalarında həyata keçirilir.

1.4. ƏMTQ və SEQ sahəsində dövlət nəzarətini Nazirlik həyata keçirir.

1.5. ƏMTQ və SEQ sahəsində ictimai nəzarət dövlət nəzarətinin həyata keçirilməsindən asılı olmayaraq, “İctimai iştirakçılıq haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq fiziki şəxslərin və vətəndaş cəmiyyəti institutlarının təşəbbüsü ilə ictimai dinləmələr və ictimai müzakirələr vasitəsilə təşkil olunur və həyata keçirilir.

 

  1.  ƏMTQ və SEQ sahəsində dövlət nəzarətinin həyata keçirilməsi

 

2.1. ƏMTQ və SEQ sahəsində dövlət nəzarəti “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.9-cu maddəsində nəzərdə tutulan fəaliyyət üzrə Nazirliyin səlahiyyətli şəxsləri tərəfindən təsdiq olunmuş iş planına uyğun olaraq və daxil olan şikayətlər əsasında il ərzində yoxlamalar vasitəsilə həyata keçirilir.

2.2. Ətraf mühitə mümkün təsirin normalarından (hədlərindən) asılı olaraq, bu Qaydanın 2.1-ci bəndində göstərilən yoxlamalar 3 (üç) - 10 (on) iş günü müddətində həyata keçirilir.

2.3. ƏMTQ və SEQ sahəsində dövlət nəzarətinin həyata keçirilməsi və həmin zaman məhdudlaşdırıcı tədbirlərin tətbiqi və bu barədə qərarların qəbul edilməsi sahibkarlıq subyektlərinə münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun həyata keçirilir.

2.4. Nəzərdə tutulan fəaliyyət xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə yaxın ərazilərdə həyata keçirildikdə, həmin fəaliyyətə dair ƏMTQ Nazirliyin, müalicə-sağlamlaşdırma yerləri və kurortlara münasibətdə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndələrinin iştirakı ilə aparılır.

2.5. Sifarişçi və planlaşdırıcı orqan Nazirliyin bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan yoxlamaları həyata keçirən vəzifəli şəxslərinə lazımi şərait yaratmalı, zəruri məlumatları (sənədləri) və tələb olunduqda yazılı izahatlarını verməlidirlər.

2.6. ƏMTQ və SEQ sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı Nazirliyin vəzifələri aşağıdakılardır:

2.6.1. sifarişçi və planlaşdırıcı orqan tərəfindən “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsini yoxlamaq və dövlət ekoloji ekspertizasının rəyi verilmiş ƏMTQ və SEQ sənədlərinin icrasına nəzarət etmək;

2.6.2. ƏMTQ və SEQ sahəsində ictimai nəzarəti həyata keçirmək istəyən şəxslərin müraciətlərinə baxmaq;

2.6.3. ƏMTQ və SEQ sahəsində əhalinin maarifləndirilməsi işini təşkil etmək;

2.6.4. ƏMTQ və SEQ üzrə qərarların qəbuluna və yerinə yetirilməsinə nəzarət etmək;

2.6.5. dövlət ekoloji ekspertizasının rəyi olmadan nəzərdə tutulan fəaliyyət və həmin fəaliyyət üzrə işlərin həyata keçirilməsi ilə əlaqədar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə uyğun olaraq, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul etmək;

2.6.6. ƏMTQ və SEQ sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən, dövlət və bələdiyyə orqanlarından tələb etmək;

2.6.7. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə inzibati xətalar haqqında işlərə baxmaq, təqsirli şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmək, onların əməllərində cinayət tərkibi olduqda həmin işləri aidiyyəti üzrə göndərmək.

2.7. Nazirliyin ƏMTQ və SEQ sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar hüquqları aşağıdakılardır:

2.7.1. nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi üçün verilən lisenziyanın, icazənin, təbiətdən (təbii ehtiyatlardan) istifadəni nəzərdə tutan müqavilələrin (kontraktların) və həmin fəaliyyətin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş digər sənədlərin qüvvəsinin dayandırılması və ya ləğvi barədə qərar qəbul edilməsi üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq;

2.7.2. nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ƏMTQ aparılmasının təmin olunmasını tələb etmək;

2.7.3. ƏMTQ-nin bu Qaydanın, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarının, ətraf mühitin mühafizəsi sahəsində digər normativ hüquqi aktların tələbləri və aşağıdakılar nəzərə alınmaqla həyata keçirilməsini tələb etmək:

1. təbiətdən səmərəli istifadə və onun bərpası, istehsal və xidmət prosesində yaranan tullantıların təkrar istifadəsi, onların kompleks emalı, utilizasiyası;

2. mərkəzləşdirilmiş kanalizasiya sistemləri vasitəsilə idarə olunan tullantı sularının təmizlənməsinin təmin edilməsi, müəyyən olunmuş həddə təmizlənməmiş tullantı sularının təbii və süni su axarlarına (tutarlarına) və yerin relyefinə axıdılmasının qarşısı alınmaqla, onların texniki ehtiyaclar üçün istifadə edilməsi;

3. su, torpaq, atmosfer havası, meşə, bitki və heyvanlar aləmi, yerin təkindən faydalı qazıntılar və digər təbii ehtiyatlardan istifadənin əsaslandırılması;

4. torpaqların, bitki və heyvanlar aləminin, biomüxtəlifliyin mühafizəsi və bərpası, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin statusunun qorunması;

5. əhalinin və ətraf mühitin antropogen mənşəli fiziki, kimyəvi və bioloji faktorların zərərli təsirlərindən mühafizəsini təmin edən tədbirlərin hazırlanması;

6. nəzərdə tutulan fəaliyyətin ətraf mühitə təsirinin intensivliyi, müddəti, hədləri və dövriliyi;

7. əlverişli materiallardan (xammaldan) istifadə, enerjiyə qənaət, texnoloji itkiləri və enerji sərfini azaldan, həmçinin az tullantılı və tullantısız, ekoloji standartlara cavab verən səmərəli texnologiyaların tətbiqi;

2.7.4. ƏMTQ və SEQ sənədlərinə dair dövlət ekoloji ekspertizası rəyinin yerinə yetirilməsini tələb etmək;

2.7.5. ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində normativ hüquqi aktların tələblərinin pozulması nəticəsində təbiətə vurulmuş zərərin həcmini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək) və bunun əsasında təqsirkar şəxslərə bu zərərin könüllü ödənilməsi barədə tələblər irəli sürmək və ya iddiaları məhkəməyə təqdim etmək.

 

3. ƏMTQ və SEQ sahəsində dövlət nəzarətinin

nəticələrinin rəsmiləşdirilməsi

 

3.1. ƏMTQ və SEQ sahəsində dövlət nəzarətinin nəticələri 2 (iki) nüsxədə tərtib olunan aktla rəsmiləşdirilir. Aktın 1 (bir) nüsxəsi müvafiq planlaşdırıcı orqana və ya sifarişçiyə təqdim edilir, digəri isə Nazirlikdə saxlanılır. Aktı imzalayanlar öz rəyini bildirmək (akta əlavə etmək) hüququna malikdirlər.

3.2. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan aktda aşağıdakılar göstərilməlidir:

3.2.1. nəzarət tədbirinin həyata keçirildiyi planlaşdırıcı orqan və ya sifarişçi haqqında məlumatlar (ünvanı, rəhbərin və səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı, VÖEN-i);

3.2.2. nəzarətin aparılmasının hüquqi əsası, səbəbləri və müddəti;

3.2.3. nəzarət tədbirinin nəticələri.

3.3. ƏMTQ və SEQ sahəsində Nazirliyin qərarlarının icrası planlaşdırıcı orqan və sifarişçi üçün məcburidir, bu qərarlardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

 

4. ƏMTQ və SEQ sahəsində ictimai nəzarətin həyata keçirilməsi

 

4.1. ƏMTQ və SEQ sahəsində ictimai nəzarəti həyata keçirmək istəyən şəxslər nəzarətin aparılmasından 7 (yeddi) iş günü əvvəl yazılı şəkildə Nazirliyə müraciət edərək, ictimai dinləmələrin və ya ictimai müzakirələrin keçirilməsi barədə dəqiq yer və vaxt göstərilməklə məlumat verməlidirlər.

4.2. ƏMTQ və SEQ sahəsində ictimai nəzarəti həyata keçirən fiziki şəxslərin və vətəndaş cəmiyyəti institutlarının vəzifələri aşağıdakılara riayət etməkdir:

4.2.1. ƏMTQ və SEQ üzrə ictimai nəzarətin aparılması, bu sahədə ictimai dinləmələrin və müzakirələrin keçirilməsində iştirak zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarının, bu Qaydanın və digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək;

4.2.2. ictimai nəzarətin nəticələri barədə Nazirliyi, yerli icra hakimiyyəti orqanını, bələdiyyəni, sifarişçini, planlaşdırıcı orqanı və kütləvi informasiya vasitələri ilə ictimaiyyəti məlumatlandırmaq.

4.3. ƏMTQ və SEQ sahəsində ictimai nəzarəti həyata keçirən fiziki şəxslər və vətəndaş cəmiyyəti institutları aşağıdakı hüquqlara malikdirlər:

4.3.1. nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi ilə bağlı Nazirlikdən və bələdiyyələrdən məlumat əldə etmək;

4.3.2. ƏMTQ və SEQ-lə bağlı ictimai dinləmələrin keçirilməsini sifarişçidən və planlaşdırıcı orqandan tələb etmək;

4.3.3. nəzərdə tutulan fəaliyyətə dair ekoloji ekspertiza rəyi ilə tanış olmaq və onun icrasını tələb etmək;

4.3.4. nəzərdə tutulan fəaliyyət “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla həyata keçirildikdə, inzibati qaydada və (və ya) məhkəməyə şikayət vermək.

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə