• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Masallı sakinlərinin istirahəti nümunəvi təşkil olunur

Masallı sakinlərinin istirahəti nümunəvi təşkil olunur

Azərbaycanda həyata keçirilən sosial yönümlü siyasət ilbəil özünün gözəl bəhrələrini verir. Həmkarlar İttifaqları Konfederasiyasının ayrı-ayrı qurumları üzv işçilərin güzəştli şərtlərlə müalicə, bərpa və istirahətinin təşkilinə yardımçı olurlar. 
Artıq bu ilin yay istirahət mövsümü sona yetmişdir. Həmvətənlərimizin və xarici turistlərin daha çox istirahətə getdikləri gözəl məkanlardan biri sayılan Masallı rayonunda mövsüm ərzində minlərlə soydaşımız və xarici vətəndaş dincələrək günlərini mənalı keçirib. Burada turizm və istirahət şəbəkəsi get-gedə genişlənir, xidmətin səviyyəsi artır, ilin bütün fəsillərində istirahət üçün də imkanlar yaradılır. Müalicəvi “İstisu” bulaqlarının minbir dərdin dərmanı olması danılmazdır. Burada çoxlu istirahət guşələri var. Hazırda rayon mərkəzində Viləş çayının hər iki sahilində möhtəşəm park-bulvar kompleksi inşa olunur. Bəs Masallı sakinləri özləri müalicə, bərpa və istirahət üçün, əsasən, haraya üstünlük verirlər? Bu sualla, ilk olaraq, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri Səfail Eyvazova müraciət etdik. 
S.Eyvazov bildirdi ki, 1990-cı illərin əvvəllərində ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmizdə nail olunan iqtisadi dirçəliş həmkarlar ittifaqları strukturlarına, o cümlədən sanatoriyalarımıza ikinci nəfəs vermişdir. Sonrakı illərdə Prezident İlham Əliyevin də siyasətində vətəndaşların sağlamlığının prioritet təşkil etməsi kurort və turizmin inkişafı prosesinə yeni impuls verdi. İndi həmin sağlamlıq ocaqlarında aparılan müalicə nəticəsində xəstələrdə reabilitasiya prosesi sürətlənir, xəstəliklərin kəskinləşməsinin qarşısı alınır və xəstələr normal həyata qayıtmaq imkanı əldə edirlər. Konfederasiyanın ayırdığı maliyyə vəsaiti hesabına sanatoriyalarımız ildən-ilə simasını dəyişir, xidmətin səviyyəsi yüksəlir. Elə bu səbəbdəndir ki, ölkəmizdəki sanatoriyalara getmək istəyənlərin sayı da ilbəil artır. 
– Rayonumuzun ictimai həyatında yaxından iştirak edirik, – deyə Səfail müəllim sonra bildirdi. – Hİ üzvü olan sahə işçilərimizin sosial qayğısına da layiqincə qalmağa çalışırıq. Rayon təhsil şöbəsi ilə bağlanan kollektiv müqavilədə buna aid xüsusi öhdəliklər əksini tapıb. Kollektiv müqaviləyə əsasən, ehtiyacı olanlar əməkhaqlarından əlavə, ödənişlərlə təmin edilirlər. Müalicələrinə, istirahətlərinə müəssisənin, həmkarlar ittifaqı komitəsinin büdcəsindən vəsait ayrılır. İş vaxtında da müəyyən güzəştlərə sahibdirlər. Sahə işçilərimiz bu yay həm fərdi qaydada, həm də bizim yardımımızla bir çox yerlərdə dincələ biliblər. 
Ən çox üstünlük verdikləri yerlərsə “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyindəki sanatoriyalar olmuşdur. Yay ayları ərzində “Naftalan” vanna müalicəxanalarına, “Bilgəh” kardioloji, “Abşeron” mədə-bağırsaq müalicəsi, “Qaranquş” uroloji, “Günəşli” nevroloji sanatoriyalarına, həmçinin Masallı “İstisu” mərkəzinə, Qəbələ və Nabrana gedənlərimiz çox olub. Üç ay ərzində 67 nəfər təhsil işçimiz həmin yerlərə güzəştli yollayışlarla təmin edilib. 
Onu da deyim ki, ilin 8 ayında 750 nəfərə maddi yardım göstərmiş, qayğı uman Hİ üzvlərimizə bayram günlərində hədiyyələr vermiş, ərzaq yardımları göstərmişik. Silahlı Qüvvələrimizin 100 illiyi münasibətilə Qarabağ müharibəsi əlilləri ilə, habelə yüksək balla tələbə adını qazanmış Masallı məzunları və pensiyaçı ahıllarla görüşlərimiz xüsusilə, yaddaqalan olmuşdur. 
Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri İlqar ­Ramizoğlu, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri Camal Hüseynov, Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasıyası rayon komitəsinin sədri Hüseyn Əmirli də müvafiq sahələrdə çalışanların yay istirahətinin təşkili, eləcə də onların sağlamlığının bərpası məqsədilə həyata keçirdikləri tədbirləri diqqətə çatdırdılar. Öyrəndiyimizə görə, sentyabr və oktyabr aylarında da həmkarlar ittifaqlarının xəttilə sahə işçiləri üçün güzəştli şərtlərlə sanatoriyalara yollayışlar sifariş edilib. 
Həmkarlar ittifaqı rayon komitələri yeri gəldikcə, nəcib təşəbbüslər də göstərirlər. Məsələn, evi yanmış bir tibb bacısına həm çalışdığı kollektiv, həm də səhiyyə işçiləri həmkarlar ittifaqı tərəfindən zəruri köməklik edilib. 8 nəfər ağxalatlı təntənəli surətdə qiymətli hədiyyələrlə pensiyaya yola salınıb, 30 nəfərə maddi yardım göstərilib. Hətta çoxsaylı xəstələrə də əl tutulub və s. 
Masallının işgüzar, zirək camaatı var. Hər kəs doğma rayonun sosial-iqtisadi inkişafına şəxsi töhfəsini verməyə çalışır. Rayon sakinləri yaxşı istirahət etməyi də xoşlayır, sağlamlıqlarının bərpasına qalmağı da unutmurlar. Bu yöndə sahə həmkarlar ittifaqları onların daimi yardımçılarıdır.

Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”nin bölgə müxbiri 

 

14 2018 21:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Sentyabr 2018 | 12:51
Reyd keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin