Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Litvanın sosial təminat və əmək naziri ilə görüş

Litvanın sosial təminat və əmək naziri ilə görüş

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan DOST Agentliyinin 1 saylı Bakı DOST Mərkəzində Litva Respublikasının sosial təminat və əmək naziri Linas Kukuraitis ilə görüş olub. Görüşdən öncə L.Kukuraitisin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də yad edilib. Sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi yolunda canından keçmiş şəhidlərimizin məzarı ziyarət olunub.

Görüş zamanı bildirilib ki,  DOST mərkəzi hər gün orta hesabla 400--450 vətəndaşa xidmət edir. Hazırda mərkəzdə 132 növ xidmət göstərilir. Sorğularla müəyyən edilib ki, məmnunluq səviyyəsi 94 faizdən çoxdur. 2025-ci ilədək ölkə üzrə 31 DOST mərkəzi yaradılacaq və 2,8 milyon şəxsə xidmət göstərəcək.

Litvalı nazir və nümayəndə heyəti üçün DOST layihəsi, sosial təminat sahələrində elektron sistemlər, tətbiq edilən e-xidmətlərə dair təqdimatlar edilib.

Nazir Sahil Babayev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan  DOST layihəsi əsasında ölkəmizdə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində dövlət xidmətlərinin “bir pəncərə”dən təqdim olunması mərhələsinə keçildiyini deyib, DOST konsepsiyası barədə məlumat verib, “Məşğulluq” alt sisteminin əmək bazarı üçün faydalarından, “e-sosial” internet portalının əhəmiyyətindən bəhs edib.

Litvalı nazir Linas Kakuraitis ölkəmizdə aparılan islahatların təqdirəlayiq olduğunu bildirib. Əlavə edib ki, sosial təminat sisteminin avtomatlaşdırılması, DOST layihəsi kimi mükəmməl bir konsepsiyanın tətbiqi ölkənin bu istiqamətdə uğurla fəaliyyət göstərməsinin göstəricisidir. 

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında” saziş imzalanıb. Nümayəndə heyəti Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində yaradılan şəraitlə və əlillərin yaradıcılıq nümunələri  ilə tanış olub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

4 Oktyabr 2019 11:56 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə