• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazarbayev: Astana beynəlxalq arenada Ankaranın mövqeyini dəstəkləyir

Nazarbayev: Astana beynəlxalq arenada Ankaranın mövqeyini dəstəkləyir

Ankarada Türkiyə və Qazaxıstan prezidentləri danışıqlar aparıblar. Qazaxıstan lideri Nursultan Nazarbayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib ki, Astana beynəlxalq arenada Ankaranın mövqeyini dəstəkləyir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
Qazaxıstanın dövlət başçısının sözlərinə görə, Türkiyə və Qazaxıstan regional və qlobal məsələlər üzrə vahid mövqedən çıxış edirlər. İki ölkə arasında əməkdaşlıq ümumi tarixi və mədəni əlaqələrə əsaslanır. 
N.Nazarbayev sonra bildirib ki, Türkiyə-Qazaxıstan Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasının nəticələri iki ölkə arasında hərtərəfli əlaqələrin inkişafına impuls verəcək. Buna görə də belə yüksək səviyyədə görüşlərin tez-tez baş tutması xüsusi əhəmiyyət kəsb edir.
Mətbuat konfransında çıxış edən Türkiyə Prezidenti R.T.Ərdoğan N.Nazarbayevi türk dünyasının ağsaqqalı adlandırıb. Onun sözlərinə görə, danışıqlar çox uğurlu olub. 
R.T.Ərdoğan sonra bildirib ki, danışıqlar zamanı Fətullah Gülənin terrorçu FETÖ hərəkatı ilə mübarizə məsələləri də geniş müzakirə olunub. FETÖ təkcə Türkiyə və türkdilli dövlətlərə deyil, hazırda terrorçuların fəaliyyət göstərdiyi bütün ölkələrə ciddi təhlükə törədir. 
Liderlər bu yaxınlarda Qırğızıstanda keçirilən türk dövlətləri liderlərinin sammitinin nəticələrini də müzakirə ediblər. Onlar bu qənaətdədirlər ki, türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin daha yüksək səviyyəyə çatdırılması vacibdir. 
Mətbuat konfransında qeyd olunub ki, Qazaxıstanda hazırda Türkiyənin 800-dən çox şirkəti uğurla fəaliyyət göstərir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1,9 milyard dollara çatıb. Yaxın gələcək üçün hədəf bu rəqəmi 5 milyard dollara, sonrakı mərhələdə isə 10 milyard dollara çatdırmaqdır. N.Nazarbayevin sözlərinə görə, hər iki ölkənin hökumətləri bu istiqamətdə çalışacaq. 
 

M. HACIXANLI, 
“Xalq qəzeti”

14 2018 21:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin