Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya siyasi elitası Paşinyanı qəbul etmir

Məlum olduğu kimi, bu günlərdə İrəvanda Avrasiya İqtisadi İttifaqının növbəti  sammiti keçirilib. Lakin tədbirin sönük keçməsi, xüsusilə Rusiya Prezidenti Vladmir Putinin tədbirə evsahibliyi edən ölkənin rəhbərinə nümayişkəranə laqeyd  yanaşması (Paşinyan məhz belə davranışa layiqdir) Rusiya və Ermənistan mediasının nəzərindən qaçmayıb.  

Yeri gəlmişkən, Moskvaya qayıtmazdan əvvəl Prezident Vladimir Putin Rusiyanın Ermənistandakı səfirliyində bu ölkənin sabiq dövlət başçısı, hazırda həbsdə olan Robert Koçaryanın həyat yoldaşı Bella Koçaryanı qəbul edib. Əlbəttə, çay süfrəsi arxasında nə barədə söhbət getdiyini ehtimal etmək çətin deyil, lakin tərəflər bu barədə açıqlama verməyiblər. 
Ermənistan KİV-i yazır ki, Paşinyan və onun ətrafının həmin görüş barədə əvvəlcədən məlumatı olmayıb. Səfirlikdəki görüş barədə eşidən kimi, Paşinyan təcili olaraq özünü aeroporta yetirib ki, Rusiya Prezidenti ilə vidalaşmağa macal tapsın. Aeroportda dövlət başçıları qısa müddət ərzində görüşüb söhbət ediblər. Lakin Paşinyanın çox həyəcanlı və pərt olduğu diqqətdən yayınmayıb.
Siyasi təhlilçilər bildirirlər ki, Paşinyanın narahat olmasına yetərincə səbəb var. Əsas səbəb Putinin Ermənistana səfərinin gözlənilən nəticələri verməməsidir. Fakitiki olaraq, Vladimir Putin Paşinyan hakimiyyəti ələ keçirəndən bu vaxta qədər hələ də İrəvana rəsmi səfər etməyib. Bu, Ermənistan-Rusiya münasibətlərinin reallıqda hansı səviyyədə olduğuna dəlalət edir.
Paşinyan, üstəlik, İrəvanda V.Putinlə əməlli-başlı görüşüb müzakirələr apara bilmədi. Onların ikitərəfli görüşü” “Dvin” restoranında cəmi 10 dəqiqə çəkib. Avrasiya İqtisadi İttifaqı Sammitinin İrəvanda keçirilməsinə baxmayaraq, baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü son anda baş tutub. Hətta yerli jurnalistlərdən biri yazıb ki, Paşinyan “doğma divarlar” arasında nokauta düşdü.
Bu hadisələr bir  daha Ermənistanın və onun baş naziri Nikol Paşinyanın tam nüfuzdan düşdüyünü  sübut edir.  
Ermənistan mediası da təsdiq edir ki, rəsmi İrəvan bu görüşün baş tutması üçün çox ciddi səylər göstərib, görüş üçün Rusiya tərəfi ilə dəfələrlə əlaqə yaradılıb və xahiş olunub. 
Əslində, protokol qaydalarına görə, zirvə görüşünü təşkil edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür, əksər hallarda bu görüş geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur. 
Dəfələrlə anoloji tədbirlərə ev sahibliyi edən Azərbaycanın nümunəsi, Azərbaycan Prezidentinin dövlət və hökumət başçıları ilə ayrı-ayrılıqda, geniş tərkibdə görüşləri bunu əyani şəkildə təsdiqləyir. 
Təəccüblü deyil ki, Vladimir Putinlə Nikol Paşinyan arasında görüş günün sonunda, özü də sammit çərçivəsində baş tutub. Bu isə Ermənistana və onun baş nazirinə olan münasibətin göstəricisidir.    
Həmçinin, xatırladaq ki, bundan əvvəl də ABŞ-a səfəri öncəsi Paşinyanın Donald Trampla görüşəcəyini piar edən Ermənistan mediası baş nazirin yalnız ABŞ Prezidenti ilə selfi çəkdirməyə nail olduğundan məyusluğunu gizlədə bilməmişdi.
Bütün bunların, Paşinyanın dünyada qeyri-ciddi siyasi fiqur kimi qəbul olunmasının səbəbi isə onun yürütdüyü qeyri-konstruktiv siyasət, bölgədə və dünyada mövcud olan reallıqları bilməməsi və ya nəzərə almamasıdır. Ermənistan mediası, ekspertləri də etiraf edir ki, elə buna görə də son illər Ermənistan olan-qalan nüfuzunu da itirib.
Prezident İlham Əliyev Paşinyanın tam əksinə olaraq ən mötəbər tədbirlərə dəvət olunur, dünyanın aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu ictimai-siyasi xadimlər və s. ilə yüksək səviyyədə görüşlər keçirir. Bu, həm cənab İlham Əliyevin, həm də Azərbaycanın yüksək nüfuzunun göstəricisidir. 
Yeri gəlmişkən, Prezident İlham Əliyevin dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət olunması, habelə keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər də dövlət başçımıza dünyada olan böyük etimadın təzahürüdür. 
Qeyd edək ki, “Valday” Beynəlxalq Diskussiya Klubu 2004-cü ildə yaradılıb. Klubun ilk konfransı Rusiyanın Veliki Novqorod şəhərində, Valday gölünün sahilində keçirilib. Elə klub adını da buradan götürüb.
Ötən illər ərzində dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilmiş klub öz tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verir. İndiyədək klubun iclaslarına ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, o cümlədən Harvard, Kolumbiya, Corctaun, Stenford, Karlton, Sarbonna, London, Qahirə, Tehran, Tokio, Təl-Əviv və digər universitetlərin tanınmış professorları qatılıb. Finlandiya, Çexiya, Avstriya, Fransa, İtaliya, İran, CAR və digər ölkələrin prezidentləri və baş nazirləri “Valday” klubunun qonağı olublar. Rusiya Prezidenti Vladimir Putin klub yarandığı vaxtdan hər il diskussiyaların iştirakçıları ilə görüşür və ətraflı fikir mübadiləsi aparır. 
Sonda bir daha vurğulamaq istərdik ki, bu gün dünyanın siyasi elitası arasında Paşinyanın nüfuzunun kəskin aşağı düşməsi gözlənilən idi. Belə ki, böyük siyasətə küçə, meydan təfəkkürü, xırda intriqalarla daxil ola bilməzsən. Təsadüfi deyil ki, Paşinyan hazırda oyundankənar vəziyyətdə qalıb. 

 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

2 Oktyabr 2019 22:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə