Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Siyahıyaalınma ölkəmizin gələcək inkişafı üçün mühüm önəm daşıyır

Azərbaycanda oktyabrın 1-dən başlanan növbəti siyahıyaalınma mühüm tarixi hadisədir. Bu, ilk növbədə, onunla bağlıdır ki, son illərdə ölkəmizdə iqtisadiyyatın davamlı inkişafı sahəsində uzunmüddətli və sistemli tədbirlər həyata keçirilib. Aparılan davamlı iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilib, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub. İnsanların yaşayış, mənzil şəraitində çox ciddi dəyişikliklər baş verib. Miqrasiya proseslərində müəyyən yeniliklər gerçəkləşdirilib. 

Bütün bunlar nəzərə alınaraq reallaşdırılan indiki siyahıyaalmanın nəticəsində insanların rifahında, onların gəlir mənbələrində, mənzil-məişət şəraitində diqqətçəkən dəyişikliklərlə yanaşı, əhalinin ailə, ev təsərrüfatlarının tərkibi, hər bir şəxs barədə toplanılan məlumatlar respublikada həm daxili, həm də xarici miqrasiya proseslərinə, eyni zamanda, insanların məşğulluq statusuna, onların gəlir mənbələrinə, təhsil səviyyəsinə dair bir çox sosial-iqtisadi göstəricilərin əldə edilməsinə imkan yaradacaq.
Yeri gəlmişkən, hazırda keçirilən siyahıyaalınmaya ilk dəfə olaraq sosial statusla bağlı məsələlər daxil edilib. Başqa sözlə, siyahıyaalınmada strateji yol xəritələrindən irəli gələn vəzifələrin monitorinqi, eləcə də dayanıqlı inkişaf üzrə BMT-nin müvafiq qərarları ilə əlaqədar suallar da nəzərə alınıb. 
Onu da xatırladaq ki, əvvəlki siyahıyaalmadan fərqli olaraq sorğu vərəqəsinə ilk dəfə daxil edilən əlilliyə dair suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə, məşğulluğuna və əhalinin siyahıyaalınması çərçivəsində toplanan digər göstəricilərə dair məlumatlar şəhər və rayonlar, eləcə də yaş qrupları üzrə əldə ediləcək. Bu da öz növbəsində, əlillərin sosial müdafiəsi və onların cəmiyyətə inteqrasiyası ilə bağlı dövlət siyasətinin inkişafı üçün zəruri məlumatlara olan tələbatın ödənilməsi səviyyəsini artıracaq. Bununla yanaşı, əldə ediləcək məlumatlar Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş bir sıra müvafiq beynəlxalq konvensiyalar, o cümlədən BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyası çərçivəsində götürülmüş öhdəliklərin milli səviyyədə icrasının daha dolğun statistik qiymətləndirilməsinə və beynəlxalq təşkilatlardan daxil olan əhalinin bu kontingentinə dair sorğuların əhatəli cavablandırılmasına imkan verəcək.
İnzibati ərazi vahidləri üzrə əmək ehtiyatlarının istifadəsini və əmək bazarında mövcud vəziyyəti daha dolğun təhlil etmək məqsədilə beynəlxalq metodoloji yanaşmalara əsaslanaraq sorğu anketinə işçi qüvvəsinin tərkibi və əhalinin məşğulluğuna dair bir sıra suallar da daxil edilib.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 1-də ölkəmizdə həyata keçirilən növbəti siyahıyaalınmada iştirak edərək siyahıyaalma və sorğu vərəqələrinin suallarını cavablandırarkən bildirib ki, bu, hər bir ölkə üçün çox önəmli tədbirdir. Azərbaycanda da siyahıyaalınma müntəzəm olaraq keçirilir. Son dəfə 10 il bundan əvvəl reallaşdırılıb. Əlbəttə, ötən dövr ərzində respublikamızda çoxlu mühüm dəyişikliklər baş verib. İlk növbədə, demoqrafik vəziyyət daha da yaxşılaşıb. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini təntənə ilə qeyd etdik. İşsizliklə bağlı görülən tədbirlər öz səmərəsini verir, vətəndaşların sosial rifahı yaxşılaşır. Təkcə cari il minimum əməkhaqqı təxminən iki dəfə artırılıb. Həmçinin pensiyalar, tələbələrin təqaüdləri, müavinətlər artırılıb. Yəni, sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır və bu da təbiidir.
Dövlət başçısı daha sonra deyib: “Əlbəttə, müstəqillik dövründə Azərbaycanın əhalisi təxminən 3 milyon artmışdır. Bu da bizim mövqelərimizi möhkəmləndirir, ölkəmizi gücləndirir. Eyni zamanda, qarşımıza yeni çağırışlar çıxır. Siyahıyaalınma bizə daha dəqiq və müfəssəl məlumat verəcək. Baxmayaraq ki, biz ölkəmizdəki prosesləri yaxından izləyirik və bu proseslər müsbət istiqamətdə gedir. Siyahıyaalma 10 gün ərzində keçiriləcək və bu gün artıq bu proses başlayır. Əminəm ki, 10 gün ərzində Azərbaycan əhalisinin tam şəkildə siyahıyaalınma prosesi başa çatacaq və bizə iqtisadi inkişafla, infrastrukturla, miqrasiya və əmək resurslarının artımı ilə bağlı yeni məlumat verəcək ki, gələcək inkişafımızı necə planlaşdıraq. Bizdə əmək resursları artır. Əlbəttə ki, tədbirlər gərək bu artıma uyğun olsun”.
Göründüyü kimi, ölkəmizdə belə bir tədbirə yüksək əhəmiyyət verilməsi təsadüfi deyil. Ekspertlər bildirirlər ki, əhalinin siyahıyaalınması cəmiyyət üçün vacibdir. Dünya təcrübəsi də göstərir ki, hər bir dövlətin əhalisi siyahıyaalmanın nəticələrini maraqla öyrənir. İnsanlar öz ölkəsinin dünya ölkələri arasında hansı yerdə olduğu ilə daim maraqlanırlar. Cəmiyyət müəyyən bir müddət ərzində özünün daha zəngin və firavan yaşadığını, daha təhsilli və mədəniyyətli olub-olmadığını və ya inkişafına vaxt sərf edib-edilmədiyini anlamaq üçün öz portretini görmək istəyir. Əhali əvvəlki siyahıyaalınmalarla özünü və özündən əvvəl gələn nəsilləri müqayisə edir. Əhalinin siyahıyaalınmasının yekunları və cari uçot məlumatları əsasında əldə olunan demoqrafik göstəricilər ölkənin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının işlənib hazırlanmasında və həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Demoqrafik göstəricilərə dair proqnoz məlumatlarından sosial-iqtisadi inkişafla əlaqədar gələcək planların qurulması zamanı istifadə olunur. Proqnoz məlumatların hesablanması üçün əsas məlumat mənbələri əhalinin siyahıyaalınması, demoqrafik hadisələrin cari qeydiyyatı və əhalinin mexaniki hərəkətidir. Eyni zamanda, etibarlı proqnoz məlumatlarının əldə olunması üçün sosial-iqtisadi vəziyyətin kompleks qiymətləndirilməsi və fərziyyələrin əsaslandırılması da mühüm əhəmiyyət kəsb edir.
Ekspertlərin fikrincə, əhalinin siyahıyaalınması milli səviyyədə demoqrafik və sosial-iqtisadi inkişafa dair proqnozların hazırlanmasına, ölkə Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn hədəflərin qiymətləndirilməsinə əlverişli imkan yaradacaq.
Bununla bərabər, siyahıyaalınmanın keçirilməsi ölkə üzrə əhalinin sayı, yerləşməsi, milli (etnik) mənsubiyyəti, cins və yaş tərkibi, ailə vəziyyəti, təhsil səviyyəsi, mənzil şəraiti və sair haqqında məlumatların əldə edilməsinə imkan verəcək.
Xatırladaq ki, ölkəmizdə bu mühüm tədbirlə bağlı hazırlıq işləri yüksək səviyyədə görülüb. Prezident İlham Əliyevin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli fərmanının icrasını reallaşdırmaq məqsədilə Dövlət Statistika Komitəsinin müvafiq təqvim planına əsasən siyahıyaalma zamanı əhalinin tam əhatə olunması üçün dolğun uçot təşkil edilib. Siyahıyaalmanın yüksək səviyyədə gerçəkləşdirilməsi məqsədilə 50-dək metodoloji və köməkçi sənədlər hazırlanıb, siyahıyaalma, habelə sorğu vərəqələri Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyada təmsil olunan 19 dövlət qurumu, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə razılaşdırılaraq təsdiqlənib. Bununla yanaşı, yaşayış məntəqələrinin sxematik planları əsasında Azərbaycanın inzibati ərazi vahidləri üzrə təşkilati planlar tərtib olunub, nəticəsdə ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33 min 907 sayıcı məntəqəsinə bölünüb, siyahıyaalma məntəqələrinin işçilərlə komplektləşdirilməsi və onların təlimatlandırılması uğurla başa çatdırılıb. 
Siyahıyaalınma ilə bağlı əhalinin məlumatlandırılması üçün hazırlanan təşviqat materiallarından plakat və banerlər yerli icra hakimiyyətləri tərəfindən müəyyənləşdirilən dislokasiya üzrə yerləşdirilib, videoçarxlar isə apreldən başlayaraq televiziya kanalları və aparıcı elektron media vasitələrində, Bakı Metropolitenində, Dənizkənarı Milli Parkda və Dövlət Reklam Agentliyinin paytaxtın mərkəzi prospektlərində quraşdırılan elektron lövhələrdə yayımlanıb. 
Xatırladaq ki, müstəqillik dövründə sayca üçüncü dəfə keçirilən siyahıyaalmanın sorğu vərəqəsində altsuallarla birlikdə 46 sual, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla ümumilikdə 52 sual öz əksini tapıb. 

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

2 Oktyabr 2019 22:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə