Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədliyyə Nazirliyi: Taleh Bağırzadənin həyat yoldaşı barəsində cinayət təqibinə xitam verilib

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məhkum Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadənin cinayət məsuliyyətinə cəlb olunması barədə yayılan məlumatlarla bağlı açıqlama yayıb. 
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan açıqlamada qeyd olunub: “L.İsmayılzadə övladları ilə birgə həyat yoldaşı məhkum T.Bağırzadə ilə görüşlərinin birində cəzaçəkmə müəssisələrində istifadəsi qadağan olunmuş mobil telefonu qanunsuz olaraq ərinə ötürməyə cəhd edib. 
Faktla bağlı ibtidai istintaq aparılaraq onun əməlində cinayət tərkibinin olduğu müəyyən edilib, buna baxmayaraq, bu əməlin böyük ictimai təhlükə törətmədiyi, himayəsində dörd azyaşlı uşağının olması, mövcud ailə vəziyyəti nəzərə alınaraq səmimi peşman olduğu halda, barəsində cinayət təqibinə xitam verilməsinin mümkünlüyü nəzərdən keçirilib.
Bununla əlaqədar istintaq prosedurlarına uyğun olaraq L.İsmayılzadənin törətdiyi əmələ münasibət bildirməsi və iş üzrə prosessual qərar qəbul edilməsi üçün ona iki vəkilinin iştirakı ilə Cinayət Məcəlləsinin 29, 317-1.1-ci (cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyanın ötürülməsinə cəhd) maddəsi ilə ittiham elan olunub. 
L.İsmayılzadə törətdiyi əməldən səmimi peşmanlığını bildirərək təqsirindən keçilməsini xahiş edib. Bu əsaslarla istintaq tərəfindən prosessual qaydalara uyğun olaraq onun barəsində humanist qərar qəbul olunaraq cinayət təqibinə Baş Prokurorluğun razılığı ilə xitam verilib.
Bununla əlaqədar bildirilir ki, L.İsmayılzadənin guya məhkəmə məsuliyyətinə verilməsi barədə mediada və sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqətə uyğun deyil. Sensasiya xatirinə belə uydurma məlumatları yayanlar ictimaiyyəti çaşdırmaq, dövlət orqanlarının qanuni və ədalətli fəaliyyətinə kölgə salmaq məqsədi güdürlər”.

2 Oktyabr 2019 22:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə