Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əsrin müqaviləsi” Azərbaycanı qüdrətli dövlətə çevirdi

Həmin tarixi günləri heç kəs unutmayıb və unuda bilməz. Çünki o illərdə Azərbaycan, sözün həqiqi mənasında, məhrumiyyətlər və məşəqqətlər içərisində yaşayırdı. Bu gün isə ölkəmiz kosmosda öz rabitə peykləri olan, regionun lider dövləti imicini qazanan, bütün mütərəqqi beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi, ABŞ, Rusiya və NATO-nun ali hərbçilərinin ən mühüm məsələləri müzakirə etdiyi ünvana çevrilib. 25 il əvvəlki Azərbaycanla bugünkü Azərbaycanı məhz belə faktlara görə müqayisə etmək mümkün deyil. 

Ulu öndər Heydər Əliyev ötən əsrin 90-cı illərində Yeni Azərbaycan Partiyasının yaradılması da daxil olmaqla, xalqımız və dövlətimiz üçün çox böyük, misilsiz işlər görmüşdü. Ancaq mən onun imza atdığı üç mühüm tarixi sənədi yada salmaq istəyirəm. Çünki həmin sənədlər olmasaydı, bugünkü Azərbaycan qətiyyən mümkün ola bilməzdi. 
Həmin sənədlərin birincisi cəbhədə atəşkəs haqqında sazişin imzalanması idi. Əgər həmin atəşkəs sazişi imzalanmasaydı, heç bir əcnəbi şirkət Azərbaycana investisiya gətirməzdi. Müharibə gedən, xaos, anarxiya olan ölkəyə kim sərmayə qoyar ki? Məhz həmin sazişin verdiyi imkanlar nəticəsində qüdrətlənmiş Azərbaycan Ordusu 2016-cı ilin aprelində bir neçə gündə düşmənin gözünün odunu aldı. Həmin günlər mən mətbuatdan oxuyurdum ki, Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən erməni əsgərləri silah-sursatı, texnikanı ataraq, kütləvi surətdə geri qaçırdılar.
Ümummilli lider Heydər Əliyevin imzaladığı ikinci mühüm sənəd “Əsrin müqaviləsi” idi. Məhz həmin tarixi sazişdən sonra dünya ölkələrinin və xüsusən, qlobal şəbəkəyə malik olan neft şirkətlərinin Azərbaycana olan marağı gündən-günə artdı. İndi Azərbaycanın beynəlxalq neft şirkətləri ilə imzaladığı 30-dan çox müqavilənin hamısı məhz “Əsrin müqaviləsi”nin davamı olaraq ərsəyə gəlib. Dövlət başçımız bir nitqində xatırlatdı ki, Azərbaycan iqtisadiyyatına 263 milyard dollardan çox investisiya yatırılıb və bu qədər vəsaitin 50 faizdən çoxu xarici investisiyalardır. Diqqət yetirin, əhalisinin sayı bu günlərdə 10 milyona çatmış, coğrafi cəhətdən o qədər də böyük ölkə olmayan Azərbaycanın iqtisadiyyatına 132 milyard dollar xarici investisiya gətirilib. Bu faktın söylənməsi “Əsrin müqaviləsi”nin Azərbaycan üçün əhəmiyyətini ifadə etmək kifayətdir. 
Ulu öndərin ötən əsrin 90-cı illərində imza atdığı üçüncü mühüm dövlət sənədi isə 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi idi. Ümummilli liderin özünün işləyib hazırladığı Konstitusiya layihəsindəki müddəaların təxminən üçdəikisinin insan hüquq və azadlıqlarına aid olmasının nəticəsidir ki, ölkəmizin beynəlxalq aləmdəki nüfuzu sürətlə artır. Elə 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik etməyimiz də bu reallığı bir daha təsdiq edir. Həmin iclaslarda dünyanın nüfuzlu dövlətlərinin təmsilçiləri çıxış etmək və ya təklif irəli sürmək üçün aparıcıdan – Azərbaycan Prezidentindən söz istəyəndə, bizim hər birimizin ürəyi qürürla dolurdu.
 “Əsrin müqaviləsi” imzalanan illərdə bizim hər birimiz ölkədə baş verən proseslərdən xəbərdar idik. Həmin illərdə bizi üzən faktlardan bir-ikisini yada salmaq istəyirəm. Azərbaycana Amerika Birləşmiş Ştatlarından gələn nümayəndə heyəti təyyarə ilə Tbilisiyə, oradan isə yerüstü nəqliyyatla Bakıya gəlirdi. Çünki Bakıda o dövr üçün müasir olan təyyarələri qəbul edə biləcək hava limanı yox idi. Bu gün isə Bakı, Gəncə və Naxçıvandan başqa daha bir neçə şəhər və rayonumuzda beynəlxalq uçuşları qəbul edib yola sala bilən aeroportlar var. İndi yüzlərlə, minlərlə xarici qonaq məhz gəzmək, istirahət etmək üçün Azərbaycana gəlir. Qətiyyətlə deyə bilərik ki, bütün bunlar məhz “Əsrin müqaviləsi”nin bəhrələridir.
Təbii ki, “Əsrin müqaviləsi” haqqında danışarkən, həmin sənədin hazırlanması prosesində ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşı, Amerika Birləşmiş Ştatlarında aparılan danışıqların müəllifi və icraçısı olmuş uzaqgörən siyasətçinin adını da qeyd etməliyik. Həmin şəxs bu gün Yeni Azərbaycan Partiyasının sədri və ölkəmizin Prezidenti cənab İlham Əliyevdir. 
Böyük şairimiz Məmməd Araz yazırdı: “Azərbaycan deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər!” Mən isə xatırlatmaq istəyirəm: “Əsrin müqaviləsi” deyiləndə Heydər Əliyevi yada salaq ki, ulu öndərin ruhu şad olsun!

 

Daşqın İSKƏNDƏROV,
“Azneft” İstehsalat Birliyinin baş direktoru

 

2 Oktyabr 2019 22:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə