Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı kinematoqrafçılar Los-Ancelesdə

ABŞ-ın Los-Anceles şəhərindəki Azərbaycanın Baş Konsulluğunda ABŞ Dövlət Departamentinin Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramı çərçivəsində Los-Ancelesdə səfərdə olan azərbaycanlı kinematoqrafçıların təqdimatı keçirilib. Baş konsulluq və Los-Anceles Beynəlxalq Ziyarətçilər Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə amerikalı kinoşünaslar, müxtəlif icmaların nümayəndələri, incəsənət xadimləri, diplomatlar və jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən baş konsul Nəsimi Ağayev iştirakçıları  salamlayaraq, Azərbaycan kino sənətinin tarixi və inkişaf mərhələləri haqqında ətraflı məlumat verib. Qeyd edib ki, əsası 1898-ci ildə qoyulmuş Azərbaycan kinosu şərəfli yol keçmiş, gözəl sənət əsərləri ortaya qoyaraq,  dünya kinosuna bir sıra önəmli töhfələr vermişdir. Bu baxımdan  1943-1945-ci illərdə çəkilmiş "Arşın mal alan" filmi haqqında ətraflı danışıb. N.Ağayev qeyd edib ki, filmin İkinci dünya müharibəsinin ən çətin illərində SSRİ-də dövlət səviyyəsində böyük büdcə ilə çəkilməsinin əsas "səbəbkarları" məhz 1937-ci ildə dahi Üzeyir Hacıbəylinin ölməz əsərini oğurlayaraq Los–Ancelesdə eyni adlı filmi çəkən ermənilər olub. Erməni rejissor Sertag Vartianın çəkdiyi filmdə məzmun dəyişdirilmiş, hadisələrin Şuşada deyil, guya İranda baş verdiyi iddia edilmiş, ən əsası isə Ü.Hacıbəylinin müəllifliyi qeyd olunmamışdı. Məhz bundan sonra Azərbaycanda çəkilən "Arşın mal alan" filmi Azərbaycan və dünya kinematoqrafiyasının ən gözəl incilərindən biri olaraq sonradan dünyanın 130-dan çox ölkəsində uğurla nümayiş etdirilmişdir. N.Ağayev bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi  ilə Los-Ancelesdə yüksək peşəkarlıqla rəngli  variantı yaradılan  film baş konsulluq tərəfindən Hollivudda 2015-ci ildə nümayiş etdirilib. Baş konsul müstəqilliyin bərpasından sonra Azərbaycan kinosunun yeni mərhələyə qədəm qoyduğunu və bir sıra uğurlu filmlərin çəkildiyini qeyd edib.
N.Ağayev daha sonra azərbaycanlı kinematoqrafçıları qonaqlara təqdim edib.
Los-Anceles Beynəlxalq Qonaqlar Şurasının prezidenti Canet Elliot çıxışında azərbaycanlı kinematoqrafçıların səfəri haqqında ətraflı danışaraq, sözügedən proqram haqqında geniş məlumat verib. Sonra azərbaycanlı kinematoqrafçılar adından çıxış edən kinorejissor Cəfər Axundzadə Los-Ancelesə səfərin olduqca məhsuldar keçdiyini, səfər müddətində müxtəlif yerli kinostudiyalarda olduqlarını və kinoşünaslarla maraqlı fikir mübadilələri apardıqlarını diqqətə çatdırıb.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 

2 Oktyabr 2019 22:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə