Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vergi ödəyicilərindən vergi borclarının alınması üsulları

Vergiödəyicisinin vergi öhdəliyi yarandıqda borclarının alınması sahəsində hansı tədbirlər görülür?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, belə hallar baş verdikdə, vergi borclarının ödənilməsinin təmin edilməsinin üsullarından biri vergiödəyicisinin əmlakının siyahıya alınması və ixtisaslaşdırılmış açıq hərracda satılması qaydasında həyata keçirilməsidir. Vergiödəyicisinə məxsus əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə həmin əmlakın açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edilə bilər. Vergiödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergiödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa, digər əmlakı siyahıya alına bilər.

Vergiödəyicisinin siyahıya alınmış əmlakının əmtəə birjalarının nəzdində yaradılmış hərrac təşkilatı tərəfindən ixtisaslaşdırılmış açıq hərraclarda satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır. Həmin vergi borcunun dövlət büdcəsinə ödənilməsi isə icra məmuru tərəfindən təmin edilir. Vergiödəyicisinin siyahıya alınmış əmlakı icra məmurunun sifarişinə əsasən elektron hərrac vasitəsilə də satılması mümkündür.

Bundan başqa, vergiödəyicisinin yaranmış vergi borcu (faizlər və maliyyə sanksiyası istisna olmaqla) 20 min manatdan yuxarı olduğu halda, Cinayət Məcəlləsinin 213-cü maddəsinin tərkibi yaranır və materiallar araşdırılması üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilir. Cinayət işi başlandığı zaman əsasən ibtidai araşdırma müddətində yerli vergi orqanı tərəfindən mülki iddiaçı olaraq yayındırılmış vergi məbləğinin maddi ziyan kimi tanınması barədə iddia ərizəsi ilə həmin quruma müraciət edilir. Məhkəmənin ittiham hökmü ilə şəxs təqsirli bilinərsə, mülki iddia təmin edilir və vergi borcu üzrə məbləğin məhkum olunan şəxsdən tutulmasına qərar verilir.

Vergi borcunun ödənilməsinin təmin edilməsinin əsas üsullarından biri də fərdi sahibkarların və hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır. Bununla bağlı yerli vergi orqanları tərəfindən ərizə ilə məhkəməyə müraciət olunduqdan sonra məhkəmə tərəfindən xüsusi icraat qaydasında 10 gün müddətində ərizəyə baxılaraq məhkəmə aktı qəbul edilir. Ərizə təmin edildiyi halda, qətnamə dərhal qüvvəyə minir və ondan şikayət verilməsi qətnamənin icrasını dayandırmır. Vergi borcunun ödənildiyi və ya silindiyi, eyni zamanda, məhdudiyyətin aradan qaldırılması üçün digər əsaslar yarandıqda, yuxarı vergi orqanının qərarı ilə şəxsin ölkədən getmək hüququna qoyulmuş məhdudiyyət aradan qaldırılır.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

2 Oktyabr 2019 15:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə