Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan nümayəndə heyəti Namanqanda...

Özbəkistanın Namanqan şəhərindəki Mədəniyyət Mərkəzində bu ölkənin Yazıçılar İttifaqının Namanqan şöbəsi, “Kitob dunyasi” qəzeti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə “Əbədi dostluq” adlı tədbir və Milli Məclisin deputatı Qənirə Paşayevanın Özbəkistanda çap edilmiş kitabının təqdimat mərasimi keçirilib.

Q.Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti, şəhər ictimaiyyətinin nümayəndələri, elm, mədəniyyət xadimləri, ali məktəblərin müəllim və tələbələri, jurnalistlər Namanqandakı Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak ediblər.Tədbiri Namanqan Vilayət hakiminin müavini Paxriddin Matkarimov açaraq dili, mədəniyyəti, adət və ənənələri, dini eyni olan Azərbaycan və özbək xalqlarının dostluq və əməkdaşlığından danışıb, bu əlaqələrin müstəqillik dövründə strateji partnyorluq səviyyəsinə yüksəldiyini bildirib. Özbəkistanın regionları ilə Azərbaycanın regionları arasında birbaşa əlaqələrin yaradılması, tarixi ənənələrin davam etdirilməsi, qarşılıqlı olaraq milli mədəniyyətimizi, ədəbiyyatımızı təbliğ edən tədbirlərin təşkilinin vacib məsələ olduğunu vurğulayıb. Bu mənada Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayevanın Namanqana səfəri, keçirdiyi görüşləri və müəllifi olduğu kitabın Özbəkistanın 2-ci ən böyük şəhəri olan Namanqanda təqdimatının keçiirlməsini yüksək qiymətləndirib. 

Özbəkistan Şərqşünaslıq Universitetinin dosenti, Yazıçılar İttifaqının tərcümə bölməsinin rəhbəri Adxambek Alimbekov Azərbaycanla ədəbi əlaqələrin daim prioritet olduğunu, şairlərimizin daim bir-birindən ilham aldığını və böyük əsərlər yaratdığını qeyd edib, müstəqillik dövründə də Azərbaycanla ədəbi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini söyləyib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzin direktoru Samir Abbasov Özbəkistanda yaşayıb yaratmış tanınmış azərbaycanlıların fəaliyyətinə nəzər salıb, azərbaycanlıların daim Özbəkistanın çiçəklənməsi üçün çalışdıqlarını qeyd edib. O, Azərbaycan dövlətinin, ölkə başçısı İlham Əliyevin Özbəkistanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, bu dostluğun, qardaşlığın əsas göstəricisi kimi xarici ölkələrdə ilk Azərbaycan Mədəniyyət Mərkəzinin məhz Özbəkistanda yaradıldığını qeyd edib.    

Q.Paşayeva özbək dilində  kitabının nəşr olunduğundan məmnunluq hissi keçirdiyini deyib və əməyi keçənlərə təşəkkürünü bildirib. Q.Paşayeva qardaş Özbəkistanın Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib. Qarabağ həqiqətlərini özündə əks etdirən “Qarabağ hekayələri” kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını deyən Q.Paşayeva məqsəd qardaş Özbəkistan gəncliyinin daha geniş məlumatlar əldə olunmasına nail olmaqdır deyib. Özbəkistanda Azərbaycanın, Azərbaycanda Özbəkistanın daha geniş tanıdılmasına, təbliğinə böyük ehtiyac var deyən millət vəkili Q.Paşayeva iki qardaş ölkənin aydınları,alimləri, elm, mədəniyyət xadimləri, QHT and KİV qurumları  arasında ortaq layihələrin həyata keçirilməsinin artmasının vacibliyini qeyd edib, bu istiqamətdə fəaliyyəti daha da artırmaq lazımdır, cünki bu bizim gələcəyimiz üçün çox lazımdır deyib. O, Azərbaycanın tarixi, mədəniyyətinə dair materialları Namanqan Vilayət hakiminin müavini Paxriddin Matkarimova və Özbəkistanın tanınmış ziyalılarına hədiyyə edib.

Özbəkistanın “Kitob dunyasi” qəzetinin Baş redaktoru, şair Xasiyyət Rüstəm Azərbaycanla ədəbi əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə rəhbərlik etdiyi qəzetin hər sayında Azərbaycan ədəbiyyatına geniş yer ayırdığını və bununla da iki ölkə arasında dostluğa, ədəbi əlaqələrə töhvə verdiklərini bildirib. Naşir Q.Paşayevanın kitabının özbək türkcəsində çap etməkdən və bir çox vilayətlərdə təqdimat və görüşləri təşkil etməkdən məmnunluğunu deyib və bu cür layihələrin iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına müsbət töhfələr verdiyini vurğulayıb. Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin rəhbəri Sərbaz Hüseynoğlu, Bakıdakı “Hədəf” liseyinin direktoru Şamil Əliyev ədəbiyyat və mədəniyyət xadimlərinin, şair və yazıçılar arasında əməkdaşlığın genişləndirməsinə dair fikirlərini bölüşüblər. Qeyd edək ki, tədbirdə Azərbaycan ədəbiyyatına dair, habelə Q.Paşayevanın özbək dilinə tərcümə olunmuş kitabının sərgisi nümayiş etdirilib, kitab təqdimatı keçirilib və Q.Paşayevanın  sözlərinə özbək bəstəkarlarının bəstələdiyi mahnılar səsləndirilib.

Tədbirdən sonra Q.Paşayeva Namanqanın fəal qadınları, elm və ədəbiyyat xadimləri, gəncləri ilə də görüşüb, maraqlı fikir mübadiləsi aparılıb. Q.Paşayevanın rəhbərlik etdiyi heyət Namanqanın tarixi, mədəni abidələrini, bir sıra önəmli elm, təhsil , ədəbiyyat mərkəzlərini də ziyarət edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 Oktyabr 2019 15:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə