Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Kitabxanalar mobil informasiya mərkəzi kimi” beynəlxalq elmi-praktik konfrans keçirilib

Azərbaycan Milli Kitabxanasında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində dünyanın 14 ölkəsindən - Türkiyə, ABŞ, Rusiya, Belorus, Litva, Latviya, Ukrayna, Qazaxıstan, Tacikistan, Bosniya və Hersoqovina, Özbəkistan, Moldova, Ukrayna və Başqırdıstandan gələn Milli Kitabxana rəhbərlərinin, müvafiq ölkələrin səfirlərinin və yüksək səviyyəli qonaqların iştirakı ilə “Kitabxanalar mobil informasiya mərkəzi kimi” Beynəlxalq elmi-praktik konfransın açılışı keçirilib.

Konfransda Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək ölkəmizdə keçirilən VI Beynəlxalq Kitab Sərgi–Yarmarkanın əhəmiyyətindən danışıb. O bildirib ki, konfransa 14 ölkədən 26 kitabxana işi üzrə mütəxəssislər qatılıb. Bu müzakirələrdə, eyni zamanda, yerli kitabxanaların əməkdaşları da iştirak edir.

Konfransda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq diqqətə çatdırıb ki, kitab təkcə mütaliə deyil, həm də təcrübə, elmi tərəqqi mənbəyidir. Daha sonra nazir TÜRKSOY təşkilatının ədəbiyyat – kitab sahəsindəki xidmətlərindən də söz açıb. Qeyd edib ki, təşkilat türkdilli yazarların, görkəmli ədəbiyyat və sənət adamlarının kitablarının nəşrində yaxından iştirak edir, onların təbliğində yorulmaz fəaliyyət göstərir.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransın aktual mövzuya həsr edildiyini vurğulayıb. O, Azərbaycanda kitabxanaçılıq işinin qədim tarixi kökləri olduğunu qonaqların diqqətinə çatdırıb.

Akademik Nizami Cəfərov konfransı peşəkarlıq baxımından dəyərli addım kimi qiymətləndirdi. Bildirib ki, Azərbaycan ədəbiyyatı dünya ilə həmişə sıx tellərə malik olub: “Bizim klassik şair və yazıçılarımız bir neçə dildə ədəbi nümunələr yaradıblar. O səbəbdən də bu gün çoxsaylı iştirakçıların Milli Kitabxanada toplanması təsadüfi deyil. Çünki, kitablar insanları birləşdirən dəyərdir.

Daha sonra Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Yayımlar Genel Müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Hamdi Turşucu Azərbaycanda mütəmadi olaraq təşkil edilən kitabla bağlı konfrans və tədbirlərdən məmnunluğunu ifadə edərək iştirakçılara təcrübələrini bölüşərək bu sahədə yeni nailiyyətlər arzulayıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 Oktyabr 2019 12:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə