• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kürdəmirdə müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib

Kürdəmirdə  müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib

Rayon təhsil işçilərinin ötən dərs ilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı ənənəvi sentyabr konfransı keçirilib. Tədbirdə  Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Rəfiq Qəndilov, rayon ictimaiyyətinin nümayəndələri və təhsil işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək, dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər. Atakişili kənd tam orta məktəbinin akt zalında təşkil olunan konfrans Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və keçən konfransdan ötən müddətdə dünyasını dəyişmiş müəllimlərin ruhunu bir dəqiqəlik sükutla yad edilməsi ilə işinə başladı.

Konfransda rayon təhsil şöbəsinin müdir əvəzi Natiq Tarverdiyevin hesabat məruzəsi dinlənildikdən sonra çıxışlar olub. Məruzə ətrafında müzakirələrədə Atakişili kənd tam orta məktəbin direktoru  Aytən Əkbərova, həmin  məktəbin məzunu, qəbul imtahanında 690 bal toplamış, Bakı Ali Neft Məktəbinin  tələbəsi adını qazanmış Elnarə Həsənova, valideyn Lamiyə Cəfərova,  Köhnəbazar kənd tam orta  məktəbin tarix müəllimi Xavər Məmmədova çıxış ediblər.

Çıxışlarda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində respublikada görülən işlərdən söhbət açılıb, eləcə də ötən dərs ilində rayonda qazanılan uğurlardan danışılıb. Vurğulanıb ki, 2018-ci ildə rayonun ümumtəhsil məktəblərini bitirmiş 906 nəfər məzundan 453 nəfəri  (44,4 %-i)  ali məktəblərə qəbul olunmaq üçün elektron ərizə vermiş, onlardan birinci mərhələnin yekunlarına əsasən 205 nəfəri (əvvəlki illərlə bir yerdə 251 nəfər), və ya sənəd verənlərin 45,2 %-i ali məktəblərə, 101 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə qəbul  qəbul olunanlardan 23 nəfəri 500 baldan,  o cümlədən 8 nəfəri 600 baldan çox  nəticə göstərmiş, bununla da həmin şagirdlər  dərin bilik və bacarığa, proqramın tələbləri baxımından yüksək hazırlığa malik olduqlarını nümayiş etdirmişlər.

Şəhər 1, 2, 3, 5, 6 saylı, Atakişili,  Xınıslı, Dəyirmanlı,  Cəyli,  Şilyan ,  Mürtülü, Xırdapay, Sığırlı, Yenikənd,  Köhnəbazar  kənd  tam  orta  məktəblərin  məzunları  daha  yüksək bal toplamağa nail olmuşlar ki, ali məktəblərə qəbul olunanların əksəriyyəti məhz həmin məktəblərin məzunlarıdır.

Atakişili kənd  tam orta məktəbin məzunu Həsənova Fidan Eldar qızı 690 ballıq nəticə göstərərək Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi ” fakultəsinə qəbul olmuşdur. Xınıslı  kənd  tam  orta məktəbinin məzunu Gəraylı Rəşad Çingiz oğlu 657 bal toplayaraq Bakı Ali Neft Məktəbinin  “Kimya mühəndisliyi” fakultəsinə qəbul olmuşdur. Məruzə və çıxış edənlər ölkəmizdə təhsilin hərtərəfli inkişafı üçün böyük diqqət və qayğı göstərdiklərinə görə dövlət başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirmiş, göstərilən diqqət və qayğılara yüksək əməli işlərlə cavab verəcəklərini böyük inam hissləri ilə vurğulayıblar.

Konfransda qeyd edilib ki, rayonun pedaqoji kollektivləri də ölkə rəhbərliyinin qayğı və diqqətindən kənarda qalmamış, son illər rayonun 17 nəfər qabaqcıl müəllimi və təhsil işçisi müxtəlif fəxri adlara layiq görülmüşlər.Rayon üzrə təltif edilənlərin 6 nəfərinin “Əməkdar müəllim”, 7 nəfərinin “Tərəqqi” medalına, 2 nəfərinin “Qabaqcıl təhsil işçisi” döş nişanına, 5 nəfərinin “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi adına layiq görülməsi təhsilimizin tarixində çox mühüm hadisədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 mart 2018-ci il  tarixli sərəncamı ilə şəhər 6 saylı tam orta məktəbin direktoru Şixaliyeva Elmira İmaməli qızı “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov konfransda çıxış edərək rayonda təhsilin inkişafı üçün öz məsləhət və tövsiyələrini vermiş, həmçinin əminliklə belə fikri ifadə etmişdir ki, rayonun təhsil işçiləri  Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün var qüvvələrini bundan sonrada sərf edəcəklər. “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” qəbul olunduqdan sonrakı illər ərzində ölkəmizdə 3 minə qədər yeni məktəb binaları tikilmiş və təmir edilmişdir. “Heydər Əliyev Fondu”nun və  Azərbaycanın birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə  son  10  ildə 400-dən çox yeni məktəb, uşaq bağçası, internat məktəbi tikilib istifadəyə verilmiş, müasir avadanlıqlarla təchiz edilmişdir. Son illərdə rayonumuzda  37 yeni müasir standartlara cavab verən yeni məktəb binaları tikilib istifadəyə verilmişdir.

2015-2016-cı tədris ili ərəfəsində Prezident İlham Əliyevin Kürdəmir rayonuna səfəri və bu səfər zamanı bir sıra sosial obyektlərin açılışı ilə yanaşı rayonun Atakişili kənd tam orta məktəbi yanında 624 yerlik müasir standartlara cavab verən yeni tədris binasının açılışında da iştirak etmişdir. Bu tarixi hadisə Kürdəmir təhsilinə və ümumilikdə Azərbaycan təhsilinə verilən ən böyük qiymət, diqqət və qayğının bariz nümunəsidir. Ümumi icbari təhsilin yerinə yetirilməsində çətinlik yaradan əsas problemlərdən biri də bir sıra kəndlərin qonşu məktəblərdən xeyli aralı məsafədə yerləşməsidir.

Rayonun  Çöl-Qubalı, Axtaçı-Qarabucaq kəndlərində yaşayan məktəbyaşlı uşaqlar hər gün qonşu  kəndlərdə yerləşən  tam  orta məktəblərinə  çox uzaq  məsafəni  piyada  getməli  olurdular. 2018-2019-cu dərs ili  ərəfəsində  rayonun  Axtaçı-Qarabucaq  kəndində  132  yerlik  müasir standartlara  cavab  verən yeni məktəb binası tikilmişdir. Rayonumuzda bundan əlavə Çölərəb kəndində 96 şagird yerlik,Çərtiyəz və Qurdlar kəndlərində 40 şagird yerlik modul tipli  məktəblər tikilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2018-2019-cu tədris ilində Təklə, Öyləqulu kənd ümumi orta və Bağman kənd tam orta məktəbləri yanında 80 şagird yerlik modul tipli yeni məktəb binalarının tikintisi nəzərdə tutulub.

Konfransda Təhsil Nazirliyinin əməkdaşı Rəfiq Qəndilov çıxış edərək yeni dərs ilində təhsil işçilərinin qarşısında duran konkret vəzifələrdən danışıb.  Sonra Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov tərəfindən  ali  məktəblərə  yüksək balla daxil olan məzunlara və bir qrup qabaqcıl təhsil işçisinə hədiyyələr və fəxri fərmanlar təqdim olunub.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

14 2018 17:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Sentyabr 2018 | 12:51
Reyd keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin