Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BSU tələbələri ikili diplom alacaq

BSU tələbələri ikili diplom alacaq

Bolqarıstan Respublikasının Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin rektoru Xristo İlievin rəhbərliyi altında beş nəfərdən ibarət nümayəndə heyəti Slavyan Universitetinə (BSU) beş günlük ezamiyyətə gəlib.

Qonaqları qəbul edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Bolqarıstanla Azərbaycan arasında dostluq münasibətlərinin tarixindən, müstəqillik dönəmində iki dövlət arasında münasibətlərin yeni mərhələyə daxil olmasından, Ulu Öndər Heydər Əliyevin, onun davamçısı Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın Bolqarıstan Respublikası ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi sahəsində gördüyü işlərdən danışıb. N.Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bolqarıstanın Veliko-Tırnovi şəhərindəki bu ölkəninn qədim tarixini nümayiş etdirən maraqlı və cazibədar bir kompleks kimi ümumdünya mədəni irsi sırasına daxil olan Trapezitsa qalasında aparılan təmir-bərpa işlərindən danışıb.

BSU-nun rektoru Bolqarıstanın VelikoTırnovo Universitetində tələbə-müəllim heyəti ilə keçirdiyi görüşləri xatırladıb. O, həmin görüşdə adıçəkilən universitetdə Azərbaycan dili mərkəzinin yaradılması və  Azərbaycan dilinin seçmə fənn kimi tədris edilməsi barədə razılaşma əldə etdiklərini bildirib. Rektor həmçinin Bolqarıstan Respublikasının birinci vitse-prezidentlərinin BSU-da olmalarından söz açıb. O, Bolqarıstanın Birinci vitse-prezidenti İliyana Yotovanın BSU ilə Bolqarıstan ali məktəblərinin qarışılıqlı münasibətlərində xoş məramlı səfir kimi hər zaman dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Veliko Tırnovo Universitetinin rektoru  Xristo İliev Bondjolov öz növbəsində səmimi qarşılanmaya görə BSU-nun rektoru, professor  N.Əliyevaya dərin təşəkkürünü bildirərək Bolqarıstanın Azərbaycanla tarixən dostluq əlaqələrinə malik olduğunu bildirib. Rektor Bakı ilə bağlı ilk tanışlıq təəssüratını bölüşərkən Azərbaycan paytaxtının dünyanın ən müasir meqopolisləri ilə yanaşı dayanmağa layiq bir şəhər olduğunu vurğulayıb. O, Bakıda tarix ilə müasirliyin, Avropa və Şərq memarlığının yüksək harmoniyasını gördüyünü, İçərişəhərin açıq hava muzeyi kimi son dərəcə cəlbedici olduğunu qeyd edib. Qonaq qısa müddətdə Bakının inkişafına və tərəqqisinə xüsusi diqqət yetirildiyinin şahidi olduğunu bildirib. O, son illərdə tikilən memarlıq abidələrinin, müasir tipli binaların, körpülərin insanı heyrətə gətrdiyini deyib.

Azərbaycan dövlətinin təhsilə qayğısını yüksək qiymətləndirən Veliko Tırnovo Universitetinin rektoru Xristo İliev Bondjolov rəhbəri olduğu universitetlə BSU arasındakı əməkdaşlığın Azərbaycan və Bolqarıstan dostluq münasibətlərində mühüm rol oynayacağını bildirib. BSU-da bolqar dilinin və ədəbiyyatının öyrənilməsindən məmnun qaldığını qeyd edən X.İ.Bondjolov Azərbaycan xalqının tolerant, multikultural dəyərlərə sadiq bir xalq olduğunu deyib. X.İ. Bondjolov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Bolqarıstanda Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı adı verilməsindən və ona Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomlarının təqdim olunmasından da söz açıb.

Sonra rektorlar universitetlər arasında ikitərəfli müqaviləni imzalayıblar. Müqavilənin əsas şərtlərindən biri BSU tələbələrinə ikili diplomların verilməsi olacaq. Bundan əlavə, müqavilədə tələbə mübadiləsi aparılması, bolqarşünaslıqla məşğul olan gənclərin adıçəkilən universitetdə praktika keçməsi və digər məsələlər nəzərdə tutulur.   

Qonaqlar BSU-da fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, universitetin muzeyi, kitabxana ilə yaxından tanış olublar. Bunun ardından onlar BSU-nun Bolqar dili Tədris və Mədəniyyəti Mərkəzində bolqarşünaslıq üzrə təhsil alan tələbələrlə görüşüblər. Tələbələrin bolqar dilində səlis danışığı rektor Xristo İliev Bondjolov tərəfindən yüksək qiymətləndirib. Qonaqlar mərkəzin kitabxanasına bolqar dilində kitablar bağışlayıb.

Qeyd edək ki, qonaqların respublikamızda olacağı beş gün üçün maraqlı elmi-tədris, gəzinti–istirahət proqramı nəzərdə tutulub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

27 2019 16:00 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə