Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
№ 418 Bakı şəhəri, 25 sentyabr 2019-cu il
 
“Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası”nın təsdiq edilməsi haqqında
 
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanu-nunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 593 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası” təsdiq edilsin (əlavə olunur).
 
 
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş Naziri 
 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 25 sentyabr

tarixli 418 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Kitabxanaların çap məhsullarının pulsuz məcburi                       nüsxələri ilə təchizatı

 

QAYDASI

 

  1.  Ümumi müddəalar

 

1.1. Bu Qayda “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin dördüncü hissəsinə əsasən hazırlanmışdır.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının “Kitabxana işi haqqında”, “Nəşriyyat işi haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” qanunlarında və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

1.3. Bu Qaydanın tələbləri Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlara, qəzet və jurnal redaksiyalarına, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələrinə və digər hüquqi şəxslərə şamil olunur.

1.4. Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatına nəzarəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi həyata keçirir.

 

2. Məcburi nüsxələr

 

2.1. Aşağıdakı çap məhsulları bu Qaydanın məqsədləri üçün məcburi nüsxələr hesab edilir:

2.1.1. kitab, almanax və kitabçalar;

2.1.2. dövri mətbuat materialları, qəzet və jurnallar;

2.1.3. avtoreferat, monoqrafiya və dissertasiyalar;

2.1.4. not yazıları, albom və statistik materiallar;

2.1.5. xəritə, atlas və kartoqrafik materiallar;

2.1.6. afişa, plakat və bukletlər;

2.1.7. broşür, bülleten, açıqca və poçt markaları;

2.1.8. dərsliklər, dərs vəsaitləri və proqramlar;

2.1.9. özündə elmi, ədəbi və informativ məlumatları ehtiva edən digər nəşrlər.

2.2. Reklam və təbliğat məqsədilə çap edilən bütün növ nəşr məhsulları məcburi nüsxə hesab olunmur.

 

3. Kitabxanaları məcburi nüsxələrlə təmin edən subyektlər

 

3.1. Kitabxanaları məcburi nüsxələrlə təmin edən subyektlər aşağıdakılardır:

3.1.1. dövlət nəşriyyatları;

3.1.2. qeyri-dövlət nəşriyyatları;

3.1.3. nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri;

3.1.4. qəzet və jurnal redaksiyaları;

3.1.5. nəşriyyat fəaliyyəti ilə məşğul olan digər hüquqi şəxslər.

 

4. Məcburi nüsxələrin sayı və təqdim olunacağı kitabxanalar

 

4.1. Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) tərəfindən buraxdıqları çap məhsullarının 3 pulsuz məcburi nüsxəsi 10 iş günü müddətində “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin birinci  hissəsinin birinci bəndində göstərilmiş kitabxanalara və 2 pulsuz məcburi nüsxəsi həmin Qanunun 15-ci maddəsinin birinci hissəsinin ikinci bəndində göstərilmiş kitabxanalara göndərilməlidir.

4.2. Qəzet və jurnal redaksiyalarının buraxdıqları qəzet və jurnalların 2 pulsuz məcburi nüsxəsi tirajın ilk buraxılışı hazırlanan kimi, bu Qaydanın 4.1-ci bəndində göstərilmiş kitabxanalara göndərilməlidir.

4.3. Sifarişçi ilə nəşriyyat (naşir) arasında bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda, məcburi nüsxələrin elektron variantları da bu Qaydanın 4.1-ci bəndində göstərilmiş kitabxanalara təqdim olunmalıdır.

4.4. Məcburi nüsxələr nəşrin ümumi tirajına daxildir və sifarişçinin hesabına çap olunur.

 

 

 

5. Məcburi nüsxələrin kitabxanalara göndərilməsi qaydası

 

5.1. Məcburi nüsxələr bu Qaydanın 4.1-ci bəndində göstərilmiş kitabxanalara bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulmuş subyektlər tərəfindən birbaşa və ya poçt rabitəsi vasitəsilə təqdim olunur.

5.2. Bu Qaydanın 4.3-cü bəndində nəzərdə tutulan halda məcburi nüsxələrin elektron variantı kitabxanaların saytlarında qeyd olunan ünvana elektron poçt və ya elektron daşıyıcılar vasitəsilə təqdim edilir.

 

6. Kitabxanaların məcburi nüsxələrdən istifadə qaydası

 

6.1. Kitabxana fondunun tərkibinə daxil olan obyektlərdən istifadə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.

6.2. Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı tələblərin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə