Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UFAZ-da Azərbaycan və Fransa üçün yüksək ixtisaslı kadrlar hazırlanır

Artıq 2018–2019–cu tədris ili üçün qəbul imtahanları başa çatmışdır. İmtahanlarda müvəffəqiyyət qazanmış abituriyentlərin bir qrupu ali təhsil almaq üçün Azərbaycan-Fransız Universitetini (UFAZ) seçmişdir. Azərbaycan- Fransız Univesitetinin direktoru, dosent Vazeh Əsgərov söhbət əsnasında demişdir: 
 
 – Universitetimiz 2014-cü ilin sentyabrında keçirilən görüşdə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaranan layihəyə, 2015-ci il aprel ayının 25-də hər iki ölkə başçısının imzaladığı sənədə uyğun olaraq fəaliyyət göstərir.Azərbaycan tərəfindən ölkəmizin ən qədim tarixə malik ali təhsil ocaqlarından biri–Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Fransanın isə nüfuzlu Strasburq Universiteti (Unistra) tərəfindən idarə olunur. Məqsəd mükəmməl və beynəlxalq səviyyəli universitet qurmaqla yanaşı, həm Fransa, həm də Azərbaycan üçün qarşılıqlı faydalı, yüksək səviyyəli, uzunmüddətli elmi-texniki əməkdaşlığı yaratmaq və inkişaf etdirməkdir. Həmçinin Azərbaycanda ali təhsil sistemində aparılan islahatları təşviq etməklə, xüsusilə də elm və yüksək texnologiyalar sahələrində, ölkəmizin inkişafına kömək edəcək fransız və ingilisdilli yüksək ixtisaslı işçi qüvvəsini hazırlamaqdır. Universitetimizdə tədris edilən dörd ixtisas sahəsi hazırda dünya bazarında daha çox ehtiyac duyulan və sürətlə böyüyən istiqamətlərdir. Bu ixtisaslar inkişaf edən və iqtisadiyyatın şaxələndirilməsi yönündə fəaliyyət göstərən Azərbaycan üçün də vacib əhəmiyyət daşıyır.
Universitetimizdə 4 texniki ixtisas (kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi, neft-qaz mühəndisliyi) üzrə tələbə qəbulu həyata keçirilir. Universitet ADNSU-nun nəzdində yaradıldığı üçün məzunlarını ADNSU və Strasburq universitetlərinin diplomları ilə təmin edir. Beləliklə, tələbələr xaricə getmədən ADNSU ilə bərabər Fransanın ən qədim universitetlərindən biri olan Unistranın diplomunu ala biləcəklər. Təhsil müddəti 1 il hazırlıq və 3 il bakalavr olmaqla 4 ildən ibarətdir. Hazırlıq ilində tələbələrə intensiv ingilis və fransız dili dərsləri ilə bərabər, əsas texniki fənlər keçirilir. Yay məktəbləri ərzində tələbələrə laboratoriyalara səfər, konfranslar, fransız dili kursları, Fransanı və onun tarixi irsini öyrənmək məqsədilə mədəni tədbirlərdən ibarət zəngin elmi və mədəni proqram təklif olunur. Universitetdə təhsil Fransa təhsil sisteminə uyğunlaşdırılmış formada yüksək ixtisaslı Fransa və Azərbaycan müəllimlərindən ibarət beynəlxalq tədris heyəti tərəfinən aparılır. Həm professional müəllim heyəti, həm də yüksək ixtisaslı professorları kənardan dəvət edərək, yalnız Azərbaycanda deyil, eyni zamanda, regiondakı ən yüksək akademik mükəmməlliyə nail olmağa çalışırıq.
UFAZ-a qəbul olunan tələbələr yüksək savada və geniş dünyagörüşünə malikdirlər. Bu il üçün UFAZ-a qəbul imtahanı olduqca professional və uğurlu şəkildə həyata keçirilib. 160 tələbənin qəbulu nəzərdə tutulur: bunlardan 120-si dövlət, 40-ı isə ödənişli əsaslarla təhsil alacaqdır. Biz, eyni zamanda, savadlı və yüksək intellektli gəncləri bir araya yığmaq istəyirik. Ona görə də UFAZ-da təhsil almaq istəyən tələbələr birinci ixtisas qrupu üzrə 500-700 bal toplamalıdırlar.
UFAZ Azərbaycanda ən eksklüziv texniki imkanlara malik olan laboratoriyalardan faydalanmaq imkanı təklif edir. Bizim hazırda iki tam təminatlı kimya və fizika laboratoriyamız, eyni zamanda, Fransada yerləşən partnyor universitetlərimizin standartlarına cavab verən kompüter elmləri üçün praktiki sinif otağımız mövcuddur. Həmçinin biz 2018/2019 tədris ilindən Azərbaycanda ilk və unikal olacaq labaratoriyamızı istifadəyə verməyə hazırlaşırıq ki, bu da müəllim və tələbələrimizə daha dərin və geniş araşdırmalar aparmaq imkanı verəcəkdir. Yeni laboratoriyaların açılışı tələbələrlə yanaşı, ADNSU-da çalışan alimlərin birgə səyi ilə ­UFAZ-ın gələcəkdə, həm də tədqiqat universitetinə çevrilməsinə zəmin yaradacaq.
 Afət SADIQOĞLU,
 “Xalq qəzeti”
3 2018 11:52 - TƏHSİL
TƏHSİL
11 Mart 2020 | 11:39
Teledərslərə start verilir

Köhnə versiyamızdan xəbərləri izlə