Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qafqaz İslam Ordusu Azərbaycan-Türkiyə əməkdaşlığının şanlı səhifəsidir

Qafqaz İslam Ordusu Azərbaycan-Türkiyə əməkdaşlığının şanlı səhifəsidir

AMEA-nın Əsas binasının Dairəvi akt zalında “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq simpozium keçirilib.

www.science.gov.az saytı yazır ki, AMEA Tarix İnstitutu və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik işğalından azad etmələrinin 100 illiyinə həsr olunub.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, tədbir Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında” sərəncamlarına əsasən təşkil edilib.

AXC-nin yaranmasının 100 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunduğunu deyən alim bugünkü konfransın Qafqaz İslam Ordusunun xalqımızın tarixindəki yeri və roluna həsr edildiyini bildirib.  O, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana gələrək işğalçı erməni-bolşevik qüvvələri ilə mübarizə apardığını, məhz 15 sentyabrdan sonra Milli hökumətin Gəncədən Bakıya köçürüldüyünü və Bakının Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edildiyini söyləyib.

AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsinin tarixi barədə danışıb. Bildirib ki, XX əsrin əvvəlində - çox mürəkkəb tarixi şəraitdə Osmanlı imperiyasının Azərbaycana hərbi yardımı Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun timsalında həyata keçirilib. Sovet dövründə bu önəmli tarix həmişə gizlədilirdi, Nuru Paşanın adı heç bir mənbədə çəkilmirdi. Lakin Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən Stepan Şaumyana Bakıda heykəl qoyulmuşdu. Amma bu gün Azərbaycan müstəqil ölkədir, tarixi həqiqətlər olduğu kimi deyilir, yazılır, göstərilir.

Tədbirdə çıxış edən Türkiyənin Atatürk Araşdırma Mərkəzinin direktoru, professor Mehmet Ali Beyhan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərindən söz açıb. O, 1918-ci ilin Türk Qafqaz-İslam Ordusunun rus-erməni işğalçılığına qarşı ölüm-dirim savaşlarının tarixi aspektlərindən, düşmənlərin torpaqlarımızdan çıxarılmasında dost və qardaş xalqlarımızın birgə şücaətlərindən, bu döyüşlərin Azərbaycan tarixində xüsusi önəmə malik olmasından danışıb.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edib. Qafqaz İslam Ordusunun  xilaskarlıq missiyasının Azərbaycanda və Türkiyədə hər zaman təqdirlə qarşılandığını deyən səfir Çanaqqala döyüşlərində azərbaycanlıların da könüllü olaraq iştirak etdiklərini xatırladıb, bu dəyərlərin gələcək nəsillərə çatdırılmasında konfransın əhəmiyyətini qeyd edib. Erkan Özoral sentyabrın 15-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə bu tarixi hadisənin 100 illiyinin yüksək səviyyədə qeyd olunacağını diqqətə çatdırıb.

Simpoziumda Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun, Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov çıxış edərək Qafqaz İslam Ordusunun tarixdəki rolu, hazırkı dövrdə ona münasibətlə bağlı müxtəlif məqamlardan söz açıblar.

Sentyabrın 16-dək davam edəcək tədbirdə “Qafqaz İslam Ordusunun formalaşmasında və fəaliyyətində Azərbaycan milli hərbi qüvvələrinin rolu”, “Osmanlı imperiyasının xarici siyasətində İrəvanın ermənilərə verilməsi məsələsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin Gəncə dövrü: iyun böhranı”, “Azərbaycan Xalq Cümhuriyyəti dövlət xadimlərinin Bakının azad edilməsində siyasi-diplomatik mübarizəsi”, “Böyük dövlətlərin Bakını ələ keçirmək siyasəti Almaniyanın arxiv sənədlərində”, “Bakı nefti və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin tanınması məsələsi” və digər mövzularda məruzələrin dinlənilməsi nəzərdə tutulub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

14 2018 11:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
12 Dekabr 2018 | 11:52
Hava proqnozu
12 Dekabr 2018 | 11:51
Uğurlu sınaq
12 Dekabr 2018 | 11:51
İşçi qıtlığı yaranıb
12 Dekabr 2018 | 11:50
“İnstaqram”da yeni funksiya

Ən son xəbərləri səhifəmizdən də izləyin