Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı tələbələr Çində beynəlxalq mədəniyyət festivalında iştirak ediblər

Azərbaycanlı tələbələr Çində beynəlxalq mədəniyyət festivalında iştirak ediblər

Pekindəki Çin Neft Universitetində ənənəvi beynəlxalq mədəniyyət festivalı keçirilib. Müxtəlif xalqlara aid mədəniyyət nümunələrinin nümayişində başlıca məqsəd tələbələrin mədəni inteqrasiyasını asanlaşdırmaq və mədəniyyətlərin qarşılıqlı anlaşmasını təmin etməkdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, Komitənin və Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə azərbaycanlı tələbələr ölkəmizin zəngin mədəniyyətini nümayiş etdiriblər. Festivalda Azərbaycanın mədəniyyətini, təbiətini, ölkəmizin inkişafını, tarixi və müasir memarlıq abidələrini əks edən cəlbedici fotoşəkillər, kitab və jurnallar, milli geyimlər, suvenirlər nümayiş etdirilib.

Azərbaycan pavliyonunu ziyarət edənlərə milli şirniyyatlarımızdan paxlava və şəkərbura, habelə Azərbaycan mətbəxinin tanınan təamlarından olan dolma təklif olunub. Bundan başqa, ziyarətçilərə ölkəmizə aid çin və ingilis dilində nəşrlər paylanılıb.

Çin Neft Universitetinin magistrı Hikmət Zeynallı festival barədə açıqlama verib: “Bu il ilk dəfə olaraq Çin Neft Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayı 10-u keçib və biz bu qüvvədən yararlanmağa qərar verdik. Universitet rəhbərliyindən festivalda Azərbaycan üçün daha geniş stend ayrılmasını xahiş etdik və buna nail olduq. Tədbir zamanı ölkəmizə maraq böyük idi. Çünki ziyarətçilərin çoxu ilk dəfə Azərbaycan, onun mədəniyyəti haqqında məlumat əldə edirdi. Gün ərzində yerli sosial şəbəkələrdə Azərbaycanın festivalda iştirakına dair xeyli video və foto paylaşılıb. Bu, bizim uğurumuz oldu”.

Xatırladaq ki, ölkənin qabaqcıl ali təhsil ocaqlarından olan Çin Neft Universiteti 1953-cü ildə yaradılıb. Hazırda universitetdə 52 ölkədən, o cümlədən Azərbaycandan ümumilikdə 850-yə yaxın tələbə təhsil alır.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

25 2019 10:59 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə