Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özlərinə umac ova bilməyənlər...

Qəddarlar insan haqlarının müdafiəçisi qiyafəsində əcaib görünürlər

Özlərinə umac ova bilməyənlər...

Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi möhkəmləndikcə və əlaqələri genişləndikcə ermənilərin və ermənipərəst dairələrin təşviş keçirmələri, qorxuya düşmələri başadüşüləndir. Yaxşı bilirlər ki, inkişaf etmiş dövlətlərlə əməkdaşlıq möhkəmləndikcə ölkəmizin reytinqi də yüksəlir.  Cəmi 28 illik müstəqillik tarixi olan bir ölkənin dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dayanması, təbii ki, həm antiazərbaycan qüvvələri, həm də onların əlaltılarına çevrilmiş  “sapı özümüzdən olan baltaları” ciddi narahat etməlidir.

Özlərini hakimiyyətə “opponent” hesab edən, satqın və xəyanətkarlar  müxalifət qiyafəsində peyda olaraq  ölkədə qarşıdurma, çaşqınlıq yaratmaq üçün min bir fitnə-fəsada əl atırlar. Son vaxtlar “siyasi fəaliyyətlərini”  sosial şəbəkələrdə əsassız, qərəzli, şantaj xarakterli iddialar üzərində quran ayrı-ayrı qrup və fərdlər  antizərbaycan qüvvələrin sifarişlərini yerinə yetirməklə ölkədə ictimai narazılıq formalaşdırmaq üçün ən səviyyəsiz və primitiv üsullara əl atmaqdan belə çəkinmirlər. İki-üç nəfərdən ibarət olan ailəsini idarə  edə bilməyənlərin  hakimiyyət iddiasında olmaları adamda ikrah hissi doğurur.

Yəqin ki, AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının ailəsində baş verənlər barəsində artıq  ictimaiyyətin bütün nümayəndələri məlumatlıdır. Əslində, kimsənin ailə məsələlərinə müdaxilə etməyə heç kimin hüququ çatmır. Ancaq daxildə, necə deyərlər, dörd divar arasında baş verənləri ailə üzvlərindən birinin ictimailəşdirməsi vəziyyətin son dərəcə gərgin olduğundan xəbər verir. İnsan hüquq və azadlıqlarının müdafiəsindən ağız dolusu danışan, hakimiyyəti insanların hüquqlarını pozmaqda, demək olar ki,  hər addımbaşı ittiham edən, hətta bu barədə birinin də üstünə beşini qoyub xarici ölkələrə, xüsusilə respublikamıza qarşı qərəzli olan bəzi beynəlxalq təşkilatlara  donosbazlıq edən radikal müxalifət nümayəndələrinin iç üzü açılanda, “torbada pişiyin olduğu” bir daha aydın olur.  Fuad Qəhrəmanlının timsalında bunun bir daha şahidi olduq.

İnsanlara qarşı qəddarlıqları ilə artıq  dillər əzbəri olmuş radikal müxalifət nümayəndələri yenə də insan hüquq və azadlıqlarının müdafiəçisi qiyafəsində peyda olublar. Mitinqlərdə və sosial şəbəkələrdə insan hüquqlarınının müdafiəsinin tez-tez pozulduğunu iddia edən Əli Kərimlinin sağ əli hesab olunan Gültəkin Hacıbəylinin öz qayınanasına, Fuad Qəhrəmanlının öz ailə üzvlərinə, AXCP sədrinin gənclərə, ətrafındakl qadınlara  etdiyi qəddarlığın həddi-hüdudu yoxdur. Fuad Qəhrəmanlının ailə üzvlərinə-qadın və qızlara verdiyi əzab-əziyyət, zülm, bu incə məxluqların barmaqlarını, dizlərini vəhşicəsinə sındırması barədə artıq onun öz qızı kifayət qədər ətraflı məlumat verib. Hətta zorakı hallar o həddə çatıb ki, övladı bir ata kimi ondan imtina edib. Ata üçün bundan böyük utancverici  hal ola bilməz.

Gültəkin Hacıbəyli isə yaşlı qadını, qayınanasını “evini təmir etdirmək” adı ilə aldadaraq əlində olanını son qəpiyinə qədər mənimsəyərək, özünə bir neçə bahalı maşın alıb. İndi onun qayınanası, necə deyərlər, “quru yurdda qalıb” və  günü məhkəmələrdə keçir. Gültəkin Hacıbəyli isə mitinq və sosial şəbəkələrədə insan hüquqlarının müdafiəsindən, demokratiyadan, haqq-ədalətdən dəm vurur. Necə deyərlər, öz gözündə tiri qoyub, başqalarının gözündə tük axtarır. AXCP sədri Əli Kərimli isə öz ətrafındakıların bu radikal əməllərindən sanki həzz alırmış kimi zərərçəkənlərə “qadınsayağı təsəlli” verir. O, “Darıxmayın, hər ailədə belə hallar baş verir. Bütün bunların günahı hakimiyyətdədir”– deməklə insanlarda çaşqınlıq yaratmağa və zorakı halların üstünü ört-basdır etməyə çalışır.  Axı onun özü də belə iyrənc əməllərin sahibidir.

Yəqin ki, gəncləri aldadıb Tbilisiyə ermənilərlə danışıqlara göndərməsi, müavini Gözəl Bayramlının  qonşu ölkələrin  birində antiazərbaycan qüvvələrlə görüşünü təşkil etməsi  və bu qadının qeyri-qanuni yolla  külli miqdarda valyuta gətirməyə cəhd etməsi hər kəsin yaddaşındadır.  Fuad Qəhrəmanlının qızının yazdıqlarından da məlum olur ki, bu  ailənin başına gələn  faciənin səbəbkarı Əli Kərimlidir. Bütün bunlardan sonra AXCP sədri başının dəstəsi və xarici ölkələrdə yerləşdirdiyi xəyanətkarlarla  birlikdə ölkədə və dünyada baş verən bütün xoşagəlməz  halların  iqtidarın  və dövlətin adı ilə bağlamağa çalışır. Təbii ki, onun bu canfəşanlığına inanan yoxdur. Çünki baş verən hadisələrin AXCP sədri tərəfindən  təşkil olunduğu artıq hər kəsə bəllidir.  Axı o, buna öyrəncəlidir.

Xatirinizdədirsə, Əli Kərimlinin dövlət müşaviri olduğu AXC-Müsavat hakimiyyətinin üsul-idarəsi, əsasən, silahlı dəstələr yaratmaqdan, insanları silahla hədələməkdən, vəhşicəsinə döyməkdən, qətlə yetirməkdən, evlərinə basqın etməkdən  ibarət idi. Onlara tabe olmayanlar  “layiqli cəza”larını alırdılar.  Məsələn, döyülərək avtomobilin yük yerinə qoymaq, başına tapançanın dəstəyi ilə zərbələr vurmaq, televizya kanallarında canlı efirə basqın etmək və efirdəkiləri təhqir etmək. Əli Kərimlinin dövlət müşaviri olduğu AXC -- Müsavat iqtidarının insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlər bax bundan ibarət idi. Bunlar hələ o zaman baş verənlərin az bir hissəsidir.  

Bu gün Azərbaycan  dünya birliyində hüquqi, demokratik  dövlət kimi qəbul edilir.  Heç bir cinayətkar cəzasız qalmır, günahı olmayanlar da cəza almır. Əgər radikal müxalifət nümayəndələrindən kimsə həbs olunursa, deməli, həmin şəxs özlərinin hakimiyyətdə olduğu rejimin ab-havasından hələ də ayrıla bilməyənlərdir. Kimliyindən asılı olmayaraq, hər kəs törətdiyi qanunazidd əməllərə görə cəzasını almalıdır. Əgər Əli Kərimlinin cangüdəni həbs olunubsa, bunun səbəbini hakimiyyətin siyasətində yox, AXCP-nin və onun başçısının əməllərində axtarmaq daha düzgün olardı.

Son vaxtlar radikal müxalifət nümayəndələri yenidən mitinq keçirmək həvəsinə düşüblər. Görünür bu dəfə də insan hüquq və azadlıqlarının müdafiəçisi qiyafəsinə bürünmək istəyirlər. Axı, buqələmun kimi qiyafələrini dəyişməyə vərdişkar olublar. Özlərinə umac ova bilməyənlər başqlarına... O ki qaldı  hakimiyyəti ələ keçirmək üçün cilddən-cildə  girmələrinə,  unutmamalıdırlar ki, nə özləri, nə də arxalandıqları ermənipərəst qüvvələr gündən-günə möhkəmlənən dövlətimizlə  təhdid dilində danışa bilməzlər.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

23 2019 16:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə