Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əsrin müqaviləsi” – böyük inkişafa aparan yol

“Əsrin müqaviləsi” – böyük inkişafa aparan yol

1994-cü ildə biz Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng neft ehtiyatlarının istismarı ilə bağlı “XX əsrin müqaviləsi” adlanan kontraktı imzaladıq. Bu, faktiki olaraq, Xəzər dənizinin xarici sərmayələr üçün açılması, ölkəmiz üçün isə transformasiya və inkişaf istiqamətində atılmış ilk vacib addım idi.
İlham Əliyev
 Azərbaycan Respublikasının Prezidenti


Hər bir ölkənin inkişafına güclü təkan verən bir sıra amillər olur. Bu amillərə təbii sərvətlər və ondan istifadənin səviyyəsi də daxildir. Böyük neft və qaz yataqlarına malik Azərbaycanda da bu strateji məhsulların satışından əldə olunan gəlirlərin iqtisadiyyatın hərtərəfli inkişafına yönəldilməsi sayəsində bu gün ölkəmiz sürətlə inkişaf edir. Əlbəttə ki, bütün bu tərəqqi prosesinin kökündə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” dayanır. Məhz ulu öndər Heydər Əliyevin titanik xidməti sayəsində imzalanması mümkün olmuş müqavilənin icrası hazırkı inkişafımıza güclü təkan vermiş və əldə olunan ürəkaçan nəticələr bu gün də Azərbaycan vətəndaşının ümumi rihaf halına müsbət təsir göstərməkdədir. 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi ki, “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır. Ulu öndər inandığını açıqlamışdı ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır. Ötən müddət ərzində Azərbaycanın hərtərəfli inkişafında müşahidə olunan proseslər ümummilli liderin xarici və daxili siyasətinin nə qədər uzaqgörən olduğunu bir daha gözlər önünə gətirir, “Əsrin müqaviləsi”nin imzanlanmasının və icrasının ölkəmizin ümumi həyatında oynadığı strateji əhəmiyyətini bir daha təsdiqləyir. Həqiqətən də, zaman keçdikcə Heydər Əliyevin neft strategiyasının davamlı uğurları Azərbaycan dövlətinin dinamik iqtisadi tərəqqisinə çevrildiyinin şahidi oluruq. Həyata keçirilən neft siyasəti sayəsində ölkənin proporsional iqtisadi inkişafı və digər sosial-iqtisadi, eləcə də humanitar məsələlərin həll olunması keyfiyyətcə yeni mərhələyə qədəm qoydu və Azərbaycanın dinamik inkişafına yeni təkan verdi, daha müasir və reallıqlara uyğun inkişaf magistralına çıxmasını təmin etdi.
Xüsusilə qeyd olunmalıdır ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra gənc Azərbaycan Respublikasının qarşısında suverenliyin, dövlət müstəqilliyinin müdafiəsi və ərazi bütövlüyünün qorunub saxlanması, habelə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi, o cümlədən dünya birliyi tərəfindən müstəqil, hüquqi, demokratik bir dövlət kimi tanınması, beynəlxalq aləmin layiqli bir üzvünə çevrilməsi, eləcə də azad iqtisadiyyat prinsipləri əsasında milli iqtisadi inkişafın təmin olunması və iqtisadiyyatın müasir tələblər səviyyəsində müasirləşdirilməsi və hər bir azərbaycanlının həyat səviyyəsinin yüksəldilməsi məsələləri dayanmışdı. Xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirərək, xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsinə, xam neftin daşıma yollarının şaxələndirilməsinə, neft gəlirlərinin səmərəli idarə edilməsinə və ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaratdı.
“Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatı və dövlətimiz üçün vacib strateji layihələrdən biri kimi qiymətləndirilir. Belə ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman Azərbaycan iqtisadiyyatında fərqli vəziyyət müşahidə olunurdu. Ancaq bu gün Azərbaycanda həm ümumi daxili məhsulda (ÜDM), həm də büdcə gəlirlərində kəskin artımların qeydə alındığını vurğulaya bilərik. Bundan başqa, mütəxəssislər xüsusilə qeyd edirlər ki, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda digər mühüm müqavilələrin bağlanması və müxtəlif strateji qərarların qəbul edilməsi üçün bir baza formalaşdırdı. Bu, yalnız dövlət gəlirlərinin və iqtisadiyyatın artımı üçün deyil, həmçinin yeni nəqliyyat və enerji layihələrinin formalaşmasına imkan yaratdı. Mütəxəssislərin fikrincə, yeni baza formalaşdılmasında əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi” Azərbaycana yeni dövrün çağırışlarına adekvat reaksiya vermək və vacib strategiyanın müəyyənləşdirilməsi imkanı yaratdı. Bundan başqa, “Əsrin müqaviləsi”nin imzalanması müstəqilliyin möhkəmləndirilməsi və iqtisadiyyatın inkişafı kimi vacib məsələlərin həlli istiqamətində əsas qüvvəyə çevrildi və Azərbaycan enerji ehtiyatlarını dünya bazarlarına çıxarmağa və iqtisadi inkişafı üçün böyük gəlir əldə etməyə başladı. Ən əsası, “Əsrin müqaviləsi” Azərbaycanın mühüm enerji ixracatçısına çevrilməsinə səbəb oldu və bu faktor Xəzər dənizi hövzəsinin və Qara dəniz regionunun enerji xəritəsinin dəyişməsinə şərait yaratdı. 
Zəngin təbii sərvətlərə malik Azərbaycanda neft hasilatının iki əsrə bərabər yaşı var. Ancaq xalqımız yalnız XX əsrin sonlarında, müstəqillik qazandıqdan sonra bu sərvətdən bəhrələnmək imkanı qazanmışdır. Qeyd etmək yerinə düşər ki, ötən əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin sürətli inkişaf dövrü kimi tarixə düşmüşdür. Məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının təməli sayılan “Əsrin müqaviləsi” çərçivəsində nəhəng karbohidrogen ehtiyatlarına malik “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənilməsi həyata keçirildi və bu, indi də Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən ən böyük neft layihəsidir. Hazırda Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə əsasını qoyduğu neft strategiyası sayəsində mümkün olmuşdur.

 

“Əsrin müqaviləsi”ndən sonra Bakı – Tbilisi – Ceyhan neft, Bakı – Tbilisi – Ərzurum qaz kəmərləri istifadəyə verilmiş, Şimal – Cənub, Şərq – Qərb nəqliyyat dəhlizləri inkişaf etdirilmişdir. Mütəxəssislər vurğulayırlar ki, Azərbaycanın Xəzər regionunda geosiyasi əhəmiyyətini artıran müqavilənin imzalanması ölkənin sosial-iqtisadi inkişafı üçün yeni dövr açmaqla yanaşı, respublikamızın beynəlxalq aləmdəki mövqeyini də möhkəmləndirdi. Hazırda Azərbaycan Avropanı təbii qazla təmin etmək üçün Cənubi Qafqaz Boru kəməri, TANAP və TAP kimi enerji layihələrini həyata keçirir. Ölkənin Qərb bazarlarına neft və təbii qaz ixrac etmək potensialı ildən-ilə artır və bu da Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin etməsi üçün vacibdir. Ən əsası, Azərbaycanın tərəfdaşları ilə reallaşdırdığı enerji layihələri dünya dövlətləri ilə ölkəmizin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan vermiş, dövlətin daxili və xarici siyasətinin daha da güclənməsinə səbəb olmuşdur. 
Bu gün Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, eyni zamanda, ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən ölkələr, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana nəql edilir. İndiyədək “Azəri – Çıraq – Günəşli” (AÇG) layihəsinə 36 milyard dollar sərmayə qoyulmuş və Prezident İlham Əliyevin iştirakı ilə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadılmışdır. Bu layihə sayəsində Azərbaycan indiyədək 143 milyard dollar gəlir əldə etmişdir və AÇG üzrə bu vaxtadək 492 milyon ton neft, 161 milyard kubmetr qaz hasil olunmuşdur. Cari ilin ötən dövründə isə ölkədə 25,1 milyon ton neft çıxarılmış və bu həcmin 20,9 milyon tonu ixrac edilmişdir. Respublika üzrə gündəlik neft hasilatı sutkada 765 min barrel olmuşdur. Regionda enerji ixracının başlıca arteriyası hesab olunan Bakı – Tbilisi – Ceyhan boru kəməri Xəzər dənizinin zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayır. Xatırladaq ki, Azərbaycanın strateji obyekt kimi dəyərləndirdiyi BTC boru kəməri qapalı Xəzər hövzəsi ilə bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqədir. Bakı – Tbilisi – Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi, siyasi baxımdan, enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğazlarının həddən artıq yüklənməsinin də qarşısını alır. 
Bütün bunlarla yanaşı, 2006-cı ilin iyul ayında Bakı – Tbilisi – Ceyhan kəmərinin istifadəyə verilməsi iqtisadiyyatın daha yüksək templə inkişafının təmin edilməsi baxımından yeni maliyyə bazasının əsasını yaratdı. BTC-nin səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75 faizdən artaraq hazırkı 99,9 faiz səviyyəsinə çatmışdır. Bundan başqa, neft strategiyasının son illər ölkəmizə gətirdiyi böyük dividendlərdən biri də Azərbaycanın beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. Nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtdı. Göründüyü kimi, mənbəyini “Əsrin müqaviləsi”ndən götürən bu zəngin potensial Azərbaycanı regionun neft-qaz dövlətinə çevirmişdir. 
Şübhəsiz, “Əsrin müqaviləsi” Azərbaycanın dövlətçilik tarixində mühüm hadisələrdən biridir. Bu müqavilənin dövlət quruculuğunun yeni mərhələyə qədəm qoymasını ifadə edən faktorlar sırasında olduğu şəksizdir. Siyasi şərhçilərin sözlərinə görə, “Əsrin müqaviləsi”nin geosiyasi aspektdə daha bir mühüm əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlət quruculuğunu beynəlxalq aləmdə nüfuzunu sürətlə yüksəltməklə inkişaf etdirir. Danılmaz faktdır ki, Azərbaycan beynəlxalq aləmdə məsuliyyətli və etibarlı tərəfdaş kimi tanınır. Məhz bunun nəticəsidir ki, nəhəng enerji şirkətləri Azərbaycanla əlaqələrin yaradılmasına çalışır. Təsadüfi deyil ki, “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı. Dövlət başçısının vurğuladığı kimi, “Əsrin müqaviləsi”nin uzadılması və “Şahdəniz” layihəsinin, Cənub Qaz Dəhlizinin icrası nəticəsində Azərbaycanın maddi imkanları daha da genişlənəcək. Qeyd etmək vacibdir ki, sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizədək qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 milyard dollardan artıq sərmayə qoyulması potensialı var. Göründüyü ki, əsası 1994-cü il sentyabrın 20-də qoyulan yeni neft strategiyası bu gün də inkişaf lokomotivinin təməlini təşkil edir və Azərbaycanın sonrakı tərəqqisi üçün həyati əhəmiyyət daşıyır. 

 

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

 

 

22 2019 12:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə