Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatı

Özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni addım kimi, nazirliyin “e-sosial” internet portalında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsi yaradılıb. Beləliklə, proqram iştirakçılarının aktivlərlə təminatına dair bütün məlumatların həmin altsistemə daxil edilməsinə başlanılıb. Keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, sosial sahədə aparılan islahatlar barədə məlumat verib. Nazir müavini vurğulayıb ki, bu islahatların mühüm istiqamətlərindən biri fəaliyyət sahələrində şəffaflığın təmin olunmasıdır. Bu kontekstdə, həmçinin fəaliyyət və xidmət sektorlarında ictimai nəzarətə geniş şərait yaradılmasıdır. Azərbaycanda ilk sosial reyestr olan “e-sosial” internet portalında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsinin yaradılması da bu məqsədə yönələn addımlardan biridir.

 Proqramın icrası işlərindən bəhs edən A.Əliyev diqqətə çatdırıb ki, dövlət başçısının müvafiq sərəncamına əsasən, icra olunan özünüməşğulluq proqramı işsiz və işaxtaran vətəndaşların dövlətin mal və materiallar formasında aktiv dəstəyi ilə özünüməşğulluğunun və kiçik ailə təsərrüfatlarının yaradılmasının təmin edilməsinə, işsizlikdən kiçik biznesə çıxışının dəstəklənməsinə xidmət edir. Proqramın əhatə dairəsi 2017-ci ilə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib. 2019-cu ildə isə özünüməşğulluq proqramına 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub. Cari ilin 8 ayı ərzində artıq 4589 nəfər proqram çərçivəsində təlimlərə cəlb olunub və 3052 nəfər təlimləri bitirib. Proqrama cəlb edilənlərin 16,4 faizi Bakı və Sumqayıt şəhərlərinin, 83,6 faizi digər şəhər və rayonların payına düşür. Proqram iştirakçılarının 47 faizə qədərini sosial müdafiəyə xüsusi ehtiyacı olan həssas əhali qruplarına aid şəxslər təşkil edir. Bu ilin 8 ayında proqrama cəlb olunanlar sırasında həssas kateqoriyalardan olan şəxslər 2555 nəfərdir. Artıq bu ilin ötən dövründə 
2500-ə yaxın iştirakçı aktivlərlə təmin edilib. 
 Nazir müavini bildirib ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İB ilə birgə icra olunan “Sosial bağlar” layihəsi çərçivəsində 2018-ci ildə 125 ailə üçün intensiv meyvə bağları salınıbsa, cari ildə layihənin növbəti mərhələsi kimi, 250 ailə üçün intensiv meyvə bağlarının salınması işləri aparılır. Həmçinin nazirlik ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq fəaliyyəti müstəvisində özlərinə dayanıqlı biznes qurmalarına dəstək veriləcək.
 Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsi barədə təqdimatla çıxış edib.
 Qeyd olunub ki, altbölmədə özünüməşğulluq proqramı iştirakçılarının hər biri ilə bağlı ayrıca kabinetlər yaradılıb. Portal nazirliyin rəsmi saytına (sosial.gov.az) da inteqrasiya edilib. Proqram iştirakçılarına dair kabinetlərdə hər bir iştirakçının proqrama cəlb edilməsindən sonrakı mərhələlər, biznes-planının reallaşdırılması üçün bağlanmış müqavilə, iştirakçıya aktivlərin təhvil verilməsinə dair akt, verilmiş aktivlərin sayı və s. yerləşdirilir. 
 Proqram iştirakçılarına aktivlərin təqdim edilməsi zamanı onun razılığı və öz iştirakı ilə çəkilmiş, aktivlərin keyfiyyətini də əks etdirən video və fotomateriallar da məlumat bazasında təqdim edilir. İştirakçıların siyahısı üzrə onların şəxsi kabinetləri ardıcıllıqla sıralanır, eyni zamanda, hər hansı konkret iştirakçının kabinetini tapmaq üçün səhifənin yuxarı hissəsində açılan qrafada adı, soyadı, atasının adı, rayonu və s. qeyd etmək kifayət edir.
 Beləliklə, özünüməşğulluq proqramının icrası, proqrama cəlb edilənlər, onların aktivlərlə təminatı barədə bütün məlumatların ictimai aşkarlığının təmin edilməsi nəticəsində həm proqramın icra vəziyyətinə, həm də iştirakçılara verilmiş aktivlərdən istifadənin gedişinə nəzarətin təmin edilməsi, bu aktivlərin kəmiyyəti, keyfiyyəti və s. ilə bağlı KİV-lər tərəfindən operativ və obyektiv araşdırmaların aparılması mümkün olacaqdır.

 

Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”

 

22 2019 12:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə