Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əsrin müqaviləsi” Avropanın enerji təhlükəsizliyinə təminat yaratdı

“Əsrin müqaviləsi” Avropanın enerji təhlükəsizliyinə təminat yaratdı

“Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.
Heydər ƏLİYEV
Ümummilli lider


Ulu öndər Heydər Əliyev dühasının məhsulu olan yeni neft ­strategiyası Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənilməsi üçün dünyanın Qafqazda marağı olan bütün mərkəzlərinin iqtisadi mənafelərinin ödənilməsinə şərait yaratdı. Bu isə Azərbaycan Respublikasının beynəlxalq aləmdəki tərəfdaşlarının, dostlarının sayının daha da artmasını şərtləndirdi. Qeyd edək ki, ümummilli liderin neft diplomatiyası ötən 25 il ərzində ölkəmizdə neft sənayesinin inkişafını sürətləndirməklə yanaşı, dövlətimizin güclənməsində, xalqımızın rifahının yaxşılaşmasında önəmli rol oynayıb, sabitliyin təmin olunmasını gerçəkləşdirib, eyni zamanda, möhtəşəm quruculuq tədbirlərinin uğurla davam etdirilməsinə real zəmin yaradıb. Təbii ki, bütün bunlar respublikamızda düzgün idarəetmənin nəticəsi olmaqla yanaşı, həm də “Əsrin müqaviləsi”ndən başlanan inkişaf yolunun məntiqi nəticəsidir. 

Bu məqamda onu da unutmayaq ki, ümummilli lider dünya şirkətləri ilə möhtəşəm neft sazişini imzalamaqla həm Azərbaycanın ərazi bütövlüyünün bərpasına zəmin yaratdı, həm də dövlət müstəqilliyinin əbədiləşdirilməsinə nail oldu. Bununla bərabər, canı qədər sevdiyi ölkəsinin, xalqının uzunmüddətli sosial rifahının gündən-günə yaxşılaşması üçün əsaslı iqtisadi bazanın formalaşmasını reallaşdırdı.
“Əsrin müqaviləsi”ndən danışarkən, tarixi bir məqamı da xatırlatmaq yerinə düşərdi. Azərbaycan neft ehtiyatlarının birgə işlənməsi üçün ölkəmizə bir çox dövlətlərdən xarici şirkətlərin dəvət olunması, müvafiq müqavilələrin bağlanması və onların fəaliyyəti üçün əlverişli şəraitin yaradılması məhz neft strategiyasının siyasi istiqamətinin reallaşması üçün zəmin yaradıb. 
Hazırda Azərbaycanda neft strategiyasının uğurla reallaşmasında, bütün neft müqavilələrinin hazırlanmasında ARDNŞ-in keçmiş birinci vitse-prezidenti, bu gün isə ölkə rəhbəri cənab İlham Əliyevin böyük əməyi var. Möhtərəm dövlət başçımızın siyasi və ictimai məsələləri dərindən araşdırmaq qabiliyyəti, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi istiqamətində gördüyü işlər dünyanın böyük siyasətçilərinin və dövlət başçılarının diqqət mərkəzindədir. Yeri gəlmişkən, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi strategiya xarici və daxili siyasətimizin mühüm amillərindən biri kimi, ölkəmizə xarici sərmayələrin gəlməsi ilə bərabər, müasir texnologiyaların, iş təcrübələrinin, yeni idarəçilik qaydalarının, iqtisadi münasibətlərin daxil olması üçün də əlverişli şərait yaradıb.
Burada vurğulamaq yerinə düşər ki, “Əsrin müqaviləsi” çərçivəsində görülən işlər sözügedən layihənin miqyası haqqında aydın təsəvvür yaradır. Məsələn, 2017-ci ilə qədər “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarındakı neft və qaz ehtiyatlarının işlənilməsinə təxminən 33 milyard dollar investisiya qoyulub və bu günə qədər 3,2 milyard barrel neft hasil olunub. Həmçinin AÇG yataqlar blokundan ümumilikdə 30 milyard kubmetr səmt qazı hasil edilərək Azərbaycan hökumətinə təhvil verilib. 
Yeri gəlmişkən, 2001-ci ildən ötən dövr ərzində neft və qaz sazişləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxilolmalar bütövlükdə 148,3 milyard ABŞ dolları təşkil edib. Bu vəsaitin 95,61 milyard dolları dövlət büdcəsinə transfert olunub, 9,3 milyard dolları strateji, infrastruktur və sosial layihələrə yönəldilib. Hazırda ARDNF-in aktivləri 42,5 milyard dollar təşkil edir.
O da qeyd edilməlidir ki, AÇG yataqlar blokundan çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən, həmin göstərici 1,072 milyard ton həcmində müəyyənləşdirilib. Bu isə yeni bir problemin müsbət həlli üçün əlverişli şəraitin yaradılmasını şərtləndirir. Belə halda isə TRASEKA dəhlizinin hasil olunan enerji resurslarının nəqlində rolu önəmli şəkildə artır. Yəni bu məqamda mövcud təbii ehtiyatların dünya bazarına çıxarılması strateji əhəmiyyət kəsb edən problem kimi gündəmə gəlir. Xatırladaq ki, bu məsələ ilk dövrlərdən dövlətin birbaşa diqqətində olub və həmin proses Bakı-Novorossiysk, Bakı-Supsa boru kəmərləri vasitəsilə həyata keçirilib. Daha sonra isə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri işə salınıb. Hesab edirik ki, bu amil Azərbaycanın enerji resurslarının nəqlində balanslaşdırılan siyasətin məntiqi nəticəsidir. 
Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri Azərbaycan neftinin dünya bazarına çıxmasını reallaşdırmaqla bərabər, TRASEKA proqramı çərçivəsində həyata keçirilən və Avrasiya dəhlizi sayılan “Böyük İpək yolu”nun əsas magistral kəməri kimi region dövlətləri tərəfindən istehsal edilən neftin də nəqlini şərtləndirir. 
İlk dövrlərdə sözügedən boru kəmərinin çəkilişinə əngəl törədən amillərdən biri Xəzərin sahilyanı dövlətlər arasında bölünməsindəki narazılıqlar idi ki, bu da Xəzər dənizinin statusunun müəyyənləşdirilməsində süni ziddiyyətlər doğururdu. 
Region xalqları əsrlər boyu Xəzər dənizindən və onun resurslarından yararlansalar da, dənizin hüquqi statusunu tənzimləyəcək sənəd yox idi. Rusiya ilə İran arasında 1921-ci il tarixli və SSRİ ilə İran arasında 1940-cı il tarixli sazişlər yalnız dənizdə gəmiçilik və balıqçılıq məsələlərini tənzimləməklə məhdudlaşırdı. Məhz bu səbəbdən 2018-ci il avqustun 12-də Aktauda ­V Zirvə toplantısında dövlət başçıları tərəfindən imzalanan konvensiya ilk dəfə Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirərək, sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini təsbit etdi.
Həmin konvensiya mühüm hüquqi baza rolunu oynamaqla, sahilyanı dövlətlər arasında sahəvi əməkdaşlıq üçün çərçivə formalaşdırır və onlar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu baxımdan, sözügedən sənədin Azərbaycanın müstəqilliyinə və Xəzər dənizində suveren hüquqlarının təsbitinə müsbət təsiri danılmazdır. 
Xatırladaq ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi Azərbaycan yenidən müstəqillik əldə etdiyi dövrdən indiyədək hər zaman mühüm önəm daşıyıb və 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə ulu öndər Heydər Əliyev tərəfindən bu istiqamətdə qətiyyətli addımlar atılıb. 
Qeyd edək ki, uzun illər ərzində sahil dövlətləri tərəfindən Xəzərin hüquqi statusu ilə bağlı ikitərəfli və çoxtərəfli görüşlər keçirilib, lakin bu məsələnin məntiqi ­yekunu olmayıb. Çünki Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşıb. Azərbaycan tərəfi isə bu dövrdə Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü və “qazan-qazan” prinsipini təklif etsə də, müəyyən süni maneələr yekun statusla bağlı razılaşmaya imkan verməyib. 
“Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”da öz əksini tapan bəzi müddəalara da diqqət yetirək. Əvvəlcə qeyd edək ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi onun dibinin, habelə səthinin beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq tərəflər arasında sektorlara bölünməsi prosesinin başa çatdırılmasına müsbət təsir göstərəcək. Bu baxımdan Azərbaycan, Qazaxıstan və Rusiya arasında imzalanan sazişlərin böyük əhəmiyyət daşıdığı xüsusi vurğulanmalıdır. 
Konvensiyaya əsasən, Xəzəryanı ölkələr tərəfindən suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalar həyata keçirilir. Sənəd, eyni zamanda, dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illər davam edən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini, bununla bərabər, Xəzərdə tarixi razılaşma nəticəsində dondurulan, habelə mübahisəli yataqların birgə işlənilməsini reallaşdırır. 
Ötən illər ərzində ölkəmizin imkanları “Əsrin müqaviləsi” hesabına ardıcıl şəkildə genişləndirilib. Qaz ehtiyatları 1 trilyon kubmetrdən çox olan “Şahdəniz” qaz kontraktı üzrə saziş bağlanılıb. Xəzər dənizini Qara dənizlə birləşdirən yeni bir ixrac marşrutu-Bakı-Supsa neft kəməri tikilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilib. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi isə Azərbaycanı dünyada, həm də qaz ölkəsi kimi tanıdıb. 
Bütün bunlarla bərabər, 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən təbii yanacaq Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olub. 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən strateji enerji əməkdaşlığına dair memorandum imzalanıb və bununla da Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması istiqamətində tarixi addım atılıb. 
Bu məqamda onu da qeyd edək ki, Cənub Qaz Dəhlizi formalaşana qədər sözügedən istiqamətdə bir sıra tədbirlər həyata keçirilib. 2012-ci il iyunun 26-da Azərbaycanla Türkiyə arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş imzalanıb və hər iki dövlətin qanunverici orqanları tərəfindən həmin saziş ratifikasiya edilib. 2013-cü il iyunun 30-da isə TAP layihəsi üzrə beynəlxalq saziş imzalanıb. TAP və “Şahdəniz” konsorsiumlarının imzaladığı sazişlə ilk dəfə olaraq Azərbaycan qazının Avropa bazarına birbaşa çıxışı reallaşdırılıb. 2015-ci ildə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclası, sonrakı illərdə isə daha üç toplantı keçirilib və layihənin gerçəkləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul olunub. 
Beləliklə, Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşları ilə birgə səyləri nəticəsində Cənub Qaz Dəhlizinin 4 komponenti – “Şahdə-niz - 2”, respublikamızdan başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri, Türkiyə ərazisindən keçən TANAP və Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-la bağlı prinsipial razılaşmalar əldə olunub və layihənin reallaşdırılmasına başlanılıb. 
Cənub Qaz Dəhlizi ölkəmiz üçün çox önəmli bir layihədir. Bu, iqtisadiyyatımızın dayanıqlılığının qarantı sayıla bilər. Sözügedən qlobal layihənin qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcəyi və milli iqtisadiyyatın inkişafında mühüm amil olacağı bunu deməyə əsas verir. 
Bu qaz dəhlizi, eyni zamanda, Azərbaycanın regionda və Avropada əhəmiyyətini artıracaq, respublikamızla Qərb arasında münasibətlərin daha yüksək səviyyəyə yüksəlməsini şərtləndirəcək. 
Yeri gəlmişkən, haqqında danışılan layihə Azərbaycanı enerji ixrac edən dövlət olmaqla yanaşı, həm də qaz nəqlini gerçəkləşdirən və tranzit ölkə kimi tanıdır. Həmçinin Azərbaycan tərəfindən bu layihənin həyata keçirilməsi regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizə böyük nüfuz qazandırır. Dövlətlər və xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına, regionda sabitliyin təmin olunmasına ciddi təsir göstərir. 
Sözügedən layihənin əhəmiyyətini artıran səbəblərdən biri də layihədə iştirak edən bütün ölkələrin, şirkətlərin mənfəət əldə edəcəyi, yeni iş yerlərinin yaradılacağı və insanların rifahının yüksəlməsinə pozitiv təsir göstərəcəyi ilə bağlıdır. 
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir.
Cənub Qaz Dəhlizinin reallaşması ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində iştirakı daha da aktivləşəcək, respublikamız regionun enerji təhlükəsizliyində səmərəli xidmət göstərən əsas ölkələrdən birinə çevriləcək. Bu, adıçəkilən dəhlizin rəsmi açılış mərasimində iştirak edən xarici dövlətlərin nümayəndələrinin çıxışlarında da öz ifadəsini tapıb. ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra Oudkirk ABŞ-ın Avropanın enerji təchizatının şaxələndirilməsində bu layihənin mühüm rolunu dəyərləndirərək, hələ 10 il bundan əvvəl təklif olunan Cənub Qaz Dəhlizi barədə təşəbbüsü dəstəklədiyini diqqətə çatdırıb. 
Xanım S.Oudkirk, eyni zamanda, Prezident Trampın AXC-nin 100 illiyi münasibətilə Prezident İlham Əliyevə göndərdiyi məktubda Cənub Qaz Dəhlizinin inanılmaz nailiyyət olduğunu və bunun Avropanın enerji təhlükəsizliyini təmin edəcəyini vurğulayıb, sözügedən layihəyə güclü dəstəyini xatırladıb. 
Ümummilli lider Heydər Əliyevin memarı olduğu “Əsrin müqaviləsi” yuxarıda qeyd etdiyimiz kimi, öz bəhrəsini verir. Yəni Avrasiya dəhlizinin, neft və qaz kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın strateji maraqlarının həllinə müsbət təsirini göstərir. 

 

Habil HƏMİDOV,
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru

 

 

22 2019 12:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə