Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanı qlobal enerji təchizatçısı kimi dünyaya tanıdan “Əsrin müqaviləsi”

Azərbaycanı qlobal enerji təchizatçısı kimi dünyaya tanıdan “Əsrin müqaviləsi”

25 il əvvəl “Xəzər dənizinin Azərbaycan sektorunda ­“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay ­bölgüsü ­haqqında” Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri ­arasında müqavilə imzalandı. Təxminən 400 səhifə olan və 4 dildə tərtib edilən müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını aldı. 

Bununla da müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyuldu. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə  hazırlanan “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazıldı. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.
“Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə bütün bunlar barədə ətraflı danışılıb. Prezident İlham Əliyev tədbirdə söylədiyi nitqində Azərbaycan neftçilərini peşə bayramı münasibətilə təbrik etdikdən sonra ölkəmizin neft-qaz sektorunun keçdiyi inkişaf yoluna nəzər salaraq bildirib ki, dünyada sənaye üsulu ilə ilk neft məhz respublikamızda çıxarılıb: “Bu gün şəhərimizin mərkəzində dünyanın ilk neft quyusu bir turizm obyekti kimi fəaliyyət göstərir. O gündən bu günə qədər Azərbaycanda böyük həcmdə neft hasil edilmişdir. Bildiyiniz kimi, dəniz yataqlarından da dünya miqyasında ilk neft Azərbaycanda hasil edilmişdir və bu gün biz Azərbaycan neft sənayesinin yeni mərhələsinin şahidiyik”.

Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, “Əsrin kontraktı”nın imzalanması ölkəmizin yeni mərhələyə qədəm qoymasına şərait yaratdı. Ötən əsrin 90-cı illərinin əvvəllərində gənc müstəqil Azərbaycan dövləti çox böyük çətinliklərlə, çağırışlarla üz-üzə qalmışdı. Ovaxtkı hakimiyyətin səriştəsizliyi, yarıtmaz fəaliyyəti, xəyanətkar addımları üzündən ölkəmiz uçurumla üzləşmişdi. Bu baxımdan 1991–1993-cü illər ağır faciəli illər kimi yaddaşlarda yaşayacaq. Azərbaycanda siyasi, iqtisadi böhran hökm sürürdü, sənaye iflic vəziyyətinə düşmüşdü. İqtisadi sahədə yaşanan tənəzzül gənc müstəqil ölkənin inkişafı üçün çox böyük maneələr törədirdi.
Bax, belə bir şəraitdə, 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın aparıcı neft şirkətləri ilə müasir tariximizə “Əsrin müqaviləsi” adı ilə əbədi həkk olunan “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və  hasilatın pay bölgüsü haqqında” saziş imzalandı və ötən 25 il ərzində epoxal önəm daşıdığını təsdiqlədi. Əsrlərdən bəri qədim neft diyarı kimi tanınan ölkəmizin şanlı ənənələrinə əsaslanan bu müqavilə dünya dövlətlərinin nəzərini bir daha Azərbaycana cəlb etdi, neft sənayesinin beşiyi hesab olunan  ölkəmizin tarixi şöhrətini yenidən özünə qaytardı. 
“Əsrin müqaviləsi” uğurla reallaşdı və ölkənin  sosial-iqtisadi yüksəlişinin təməl daşı oldu. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Yeni neft strategiyamız ölkəmizin suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu  dünyaya bir daha nümayiş etdirir”.
Dövlətimizin başçısı mərasimdəki çıxışında bu barədə deyib: “Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. “Əsrin kontraktı”nın imzalanması nəticəsində on minlərlə yeni iş yeri yaradılmışdır. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var”.
Prezident İlham Əliyev, həmçinin diqqətə çatdırıb ki, bu müqavilə sayəsində neftdən əldə edilən gəlirlər ölkəmizin sürətli inkişafına şərait yaratdı, sosial-iqtisadi islahatlar dərinləşdirildi, respublikamızın beynəlxalq mövqeləri  möhkəmləndirildi. Bir sözlə, nüfuzlu Azərbaycan,  müasirləşən şəhərlər, abadlaşan kəndlər, respublikada gedən quruculuq, abadlıq tədbirləri – bütün bunların təməlində Azərbaycanın  neft sənayesi dayanır.
Ulu öndər Heydər Əliyevin ölkəmizin  sürətli inkişafına yönələn  müdrik strateji kursu sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildi. Respublikamız dünyada alternativ karbohidrogen mənbəyi, transmilli neft-qaz şirkətlərinin etibarlı tərəfdaşı, qlobal enerji təhlükəsizliyi sistemində əvəzolunmaz yeri olan bir ölkə kimi tanındı. Dünya iqtisadiyyatına sürətlə inteqrasiya olunan respublikamız enerji daşıyıcılarının beynəlxalq bazarlara nəql edilməsi istiqamətində möhtəşəm layihələr həyata keçirdi. Xəzər hövzəsi ölkələri ilə Qərbin enerji korporasiyaları  arasında əməkdaşlığın başlanğıcını qoyan “Əsrin müqaviləsi” çərçivəsində qazanılan nailiyyətlər xarici neft və qaz şirkətlərinin Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına marağını daha da artırdı. 
Hazırda quruda və dənizdə yerləşən əməliyyat sahələrində müvafiq layihələr üzrə imzalanmış Hasilatın Pay Bölgüsü sazişi uğurla həyata keçirilir. Xarici tərəfdaşlarla yaradılan birgə müəssisələr, alyanslar, müxtəlif ölkələrdə çoxsaylı törəmə şirkətlər müasir neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir. 
Son 25 ildə ölkə iqtisadiyyatının, xüsusən sənayenin, o cümlədən neft sektorunun şaxələndirilməsi, beynəlxalq standartlara uyğun yenidən qurulması, innovativ texnologiyalarla təchiz olunması, yeni idarəçilik metodlarının mənimsənilməsi üçün geniş imkanlar yaranıb. Xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük iş həcmi görülüb  və uğurlu nəticələr alınıb. Nəhəng “Şahdəniz” qaz-kondensat  yatağı, orta səviyyəli “Əşrəfi” və “Qarabağ” yataqları aşkar edilib.
“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda ilk neftin alındığı  vaxtdan ötən müddətdə həyata keçirilən kompleks tədbirlər hasilatın sürətli templərlə inkişafına güclü təkan verib. Son 25 ildə ölkəmizdə illik neft hasilatı 4 dəfədən çox artıb və iqtisadiyyatın bütün sahələrində böyük canlanma yaradıb.
Xəzərin Azərbaycan sektorundakı dərinsulu yataqların işlənilməsi üçün ölkəyə zəruri texnologiyalar, müasir istehsal üsulları gətirilib, bütün sahələr üzrə innovativ metodlar tətbiq edilib. Respublikaya təqribən 265 milyard ABŞ dolları, o cümlədən, neft-qaz sənayesinə 101 milyard dollar investisiya qoyulub. AÇG-nin işlənilməsinə yatırılan sərmayənin miqdarı isə 36 milyard dolları keçib.
Nəhəng və mürəkkəb layihə olan AÇG çərçivəsində dəniz hasilat platformalarını, sualtı boru kəmərlərini, qazma qurğularını, emal terminallarını və ixrac boru kəmərlərini özündə birləşdirən dünya səviyyəli enerji infrastrukturu inşa edilib. Bu illər ərzində 3,6 milyard barreldən çox neft hasil edilib, 44 milyard kubmetr səmt qazı Azərbaycana çatdırılıb, 3,3 milyard barrel neft Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib, 4300 tankerə yüklənib və dünya bazarlarına göndərilib, 36 milyard ABŞ dolları həcmində kapital investisiya qoyulub, 84 milyon ABŞ dolları həcmində vəsait davamlı inkişaf layihələrinə xərclənib.
Hazırda hasil edilən karbohidro-genlərin əsas hissəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” yatağından əldə olunur. AÇG yatağının “Əsrin müqaviləsi” çərçivəsində işlənməsi Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən ən böyük neft layihəsidir. Yatağın ilkin geoloji neft ehtiyatları 16,6 milyard barel (təqribən 2,26 milyard ton) həcmində dəyərləndirilir. 
AÇG yataqları bu gün də neft-qaz ehtiyatları ilə kifayət qədər zəngindir. Azərbaycan dövləti neft hasilatının sabit davam etdirilməsinin vacibliyini nəzərə alaraq, bu layihə üzrə yeni Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) imzalanması üçün tərəfdaşlarla müzakirələr aparıb və AÇG layihəsi üzrə sazişin 2050-ci ilədək uzadılmasını nəzərdə tutan yeni müqavilə imzalanıb. 
Növbəti 32 il müddətində AÇG-yə 40 milyard  ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulur. Eyni zamanda, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz  təşkil edəcəyi gözlənilir.   
Prezident İlham Əliyev çıxışında “Əsrin müqaviləsi”nin Azərbaycanın sosial-iqtisadi inkişafında oynadığı mühüm rola da toxunub. Bildirib ki, neftdən əldə edilən gəlirlər sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldilib, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilib.  
Son 25 il ərzində bütün sahələr üzrə infrastruktur tamamilə yenilənib. Azərbaycanda qazlaşdırma 96 faizə çatdırılıb, ən ucqar dağ kəndlərinə qaz xətləri çəkilib. Elektrik enerjisi təchizatı ən yüksək səviyyəyə qaldırılıb, 3 min meqavata yaxın yeni generasiya gücləri yaradılıb. Yol, içməli su infrastrukturu tamamilə yenilənib. Məcburi köçkünlər üçün yüzdən çox şəhərcik salınıb, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir olunub, idman qurğuları inşa edilib. Bütün bunlarla yanaşı, Azərbaycan kosmik dövlətə çevrilib: “Nəyin hesabına? Neft Fondunun hesabına. Neft Fonduna vəsait haradan gəlir? “Əsrin kontraktı”nın icrasından. Biz yüz minlərlə köçkünə yeni evlər verdik, yeni mənzillər təqdim etdik. Şəhid ailələrinə, müharibə veteranlarına edilən güzəştlər, verilən müavinətlər, mənzillər, minik avtomobilləri. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik. Neft Fondunun gəlirlərindən yalnız büdcə çərçivəsində istifadə etmək mümkündür. Yəni, Azərbaycan vətəndaşları Milli Məclisdə öz təmsilçiləri vasitəsilə bu vəsaitin bölgüsündə iştirak edirlər”.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 143 milyard 366 milyon ABŞ dolları gəlir əldə edib.
Cari ilin yanvar-iyul aylarında  AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 5 milyard 160 milyon dollar vəsait daxil olub. O cümlədən, bu ilin yeddi ayında Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 209 milyon dollar təşkil edib. 2007-ci ildən bu vaxtadək isə bu rəqəm 2 milyard 703 milyon dollar olub.
Mərasimdə təbii qazın enerji təhlükəsizliyi üçün həlledici məsələ olması barədə də danışılıb. Dövlətimizin başçısı deyib: “Şahdəniz” üzrə kontrakt “Əsrin kontraktı”ndan iki il sonra – 1996-cı ildə imzalandı. O vaxt dünya enerji aləmində qaz yataqları o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Bu gün təbii qaz enerji təhlükəsizliyi üçün həlledici məsələdir. Ancaq o vaxt belə deyildi. Ona görə “Şahdəniz” üzrə kontraktın imzalanması da tarixi hadisədir. Bu gün “Şahdəniz” Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. “Şahdəniz” qaz-kondensat yatağı dünyanın ən böyük yataqlarından biridir. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları eyni əhəmiyyətə malikdir”.
Ötən il rəsmi açılışları olan Cənub Qaz Dəhlizi və onun bir hissəsi olan TANAP  1,2 trilyon kubmetr ehtiyata malik olan “Şahdəniz-2” qaz yatağından “mavi yanacağın” Türkiyə, Gürcüstan və Avropaya nəqlinə imkan verəcək. Bu isə Azərbaycanın Avropada enerji təhlükəsizliyi, iqtisadi artım, yeni iş yerlərinin yaradılması, habelə ətraf mühitin qorunması siyasətinə verdiyi töhfədir. Beləliklə, Azərbaycan təbii resursları, daşıma infrastrukturu və emal imkanları ilə dünyanın təkcə neft deyil, həm də təbii qaz bazarlarında mövqelərini gücləndirir.
Dörd seqmenti özündə birləşdirən və 40 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulan Cənub Qaz Dəhlizi “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və “Trans-Adriatik” boru kəməri (TAP) layihələrindən ibarətdir. Bu layihənin icrasında – Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Növbəti mərhələdə Cənub Qaz Dəhlizinə daha 3 Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro qoşulacaq. Buna görə də Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində mühüm əhəmiyyətə malikdir. 
Layihə həm mənbələrin, həm də marşrutların şaxələndirilməsinə hədəflənib. Məhz enerji resurslarının şaxələndirilməsi, yeni marşrutların açılması sayəsində Avropa yeni mənbədən – təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetr olan Azərbaycandan təbii qaz alacaq.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə nəql edən və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilə ilkin mərhələdə Türkiyəyə ildə 6 milyard kubmetr qaz göndəriləcək. Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. 

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

 

 

 

23 2019 11:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə