Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əsrin müqaviləsi” ilə Azərbaycan beynəlxalq enerji bazarında nüfuzlu iştirakçıya çevrilib

“Əsrin müqaviləsi” ilə Azərbaycan beynəlxalq enerji bazarında nüfuzlu iştirakçıya çevrilib

Ümummilli lider Heydər Əliyev tərəfindən təməli formalaşdırılan enerji siyasəti “Əsrin müqavilə”si ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarında birbaşa iştirakçıya çevirdi. Beləliklə, 25 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkətlərin nümayəndələri Bakıda bir araya gələndə çox az adam düşünürdü ki, qısa müddətdən sonra Azərbaycan Avropanın ­enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı ölkələrdən birinə çevriləcək.

Müqavilənin operatoru kimi çıxış edən BP şirkəti ən çox paya malik idi. Dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gələrək konsorsium yaradaraq Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında saziş imzaladılar. Müqavilə çərçivəsində “Çıraq” neft yatağından hasil edilən neftin ixracına 1999-cu ildə başlanıldı. Əvvəlcə 4 platformadan gündəlik 674 min barrel neft ixrac edildi ki, bunun da 131 min barreli “Çıraq”, qalanı isə “Azəri” yatağında hasil olunurdu. Yeni əsrdən etibarən isə Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neft ixracını gündəlik olaraq 1 milyon barreldən çox artıra bildi. 
“Əsrin müqaviləsi” sonradan 19 ölkənin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam etdirildi. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir. 
İmzalanan neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulan 64 milyard ABŞ dolları investisiya qoyuluşunun 57,6 milyard dolları dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdi. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulan ilk tankeri dünya bazarlarına çıxarıldı. Nəticədə enerji resursları ölkəmiz üçün təkcə dövlət gəlirlərinin artması mənbəyi deyil, həm də ciddi geosiyasi alətə çevrildi. 
Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhfə verən ölkələrdən sayılır. Digər maraqlı məqamı da qeyd etmək yerinə düşər ki, qlobal arenada enerji təchizatçısı kimi Azərbaycanın müstəqil beynəlxalq siyasət həyata keçirmək imkanları möhkəmləndi. Geosiyasi mövqelərimizin güclənməsi ilə yanaşı, bu müqavilə, eyni zamanda, Azərbaycan iqtisadiyyatına, əhalinin sosial rifahına ciddi müsbət təsirlər göstərdi.
“Əsrin müqaviləsi” ölkəmizin beynəlxalq mövqeyini gücləndirdi, xarici investisiya axınını sürətləndirdi. Bu investisiyaların böyük bir qismi enerji sektoruna yönəlsə də, sözügedən sərmayələrin ölkə iqtisadiyyatının digər sferalarına və işsizlik kimi sosial problemlərə müsbət mənada təsirsiz qalmadı. Beləliklə, 1994-cü ildən başlayaraq Azərbaycan qlobal enerji bazarının ən böyük iştirakçıları ilə rəsmi şəkildə əməkdaşlığa başladı. Atəşkəs sazişi və “Əsrin müqaviləsi” nəticəsində ölkə iqtisadiyyatının ən uzunmüddətli tənəzzül prosesi dayandırıldı və 1995-ci ildən başlayaraq tərəqqi meyilləri müşahidə edildi. Əgər ölkə iqtisadiyyatı 1994-cü ildə 11,8 faiz kiçilmişdisə, 1995-ci ildə 1,3 faiz artım dərin depressiyanın sonu oldu. Təbii ki, hələ sürətli inkişaf dövrü qarşıda idi. Azərbaycan nefti ilk dəfə 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə dünya bazarına çıxacaq və külli miqdarda neft gəlirləri ölkənin inkişafında, infrastrukturun bərpasında və sosial imkanların genişlənməsində, büdcə gəlirlərinin artmasında ciddi rol oynayacaqdı. 
“Əsrin müqaviləsi”nin davamı və onun yaratdığı imkanlar kontekstində 2017-ci ildə Azərbaycan daha bir strateji layihəyə imza atdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyası 2050-ci ilədək ölkəmizin neft hasilatının sabit şəkildə davam etdirilməsini, dövlət gəlirlərinin artırılmasını və eləcə də qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatını formalaşdırmaqdadır. “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə sazişin uzadılmasında diqqətçəkən bir məqam da odur ki, qlobal investorlar artıq tam əmindirlər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan investisiyalar üçün etibarlı və təhlükəsiz ölkə hesab olunur. “Əsrin müqaviləsi”nin Azərbaycanın milli maraqlarına tam cavab verməsi ilə yanaşı, “Yeni əsrin müqaviləsi” ölkəmizin müasir iqtisadi gücünə uyğun olaraq şərtlərin daha da yaxşılaşdırılmasına imkan yaratdı. 
Bu gün respublikamız artıq regionun ən inkişaf etmiş ölkəsidir. Azərbaycan regional proseslərə təsir imkanlarına malik olan dövlətdir. 1994-cü ildə Azərbaycan iqtisadiyyatının kiçik olmasına baxmayaraq, bağlanan “Əsrin müqaviləsi”ndə ölkəmizin maraqlarını qorumaq mümkün oldu. O zaman Azərbaycanın ümumi daxili məhsulunun həcmi 374 milyon manat idi. Ötən müddətdə ümumi daxili məhsulun həcmi 161 dəfə artıb. Büdcə gəlirlərimiz isə cəmi 100 milyon manat idi. Buna baxmayaraq, “Əsrin müqaviləsi”ndə şərtlər dövlət və milli maraqlarımıza uyğun şəkildə xarici şirkətlərlə razılaşdırıldı. Bu da, təbii ki, birbaşa ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu. 
Artıq Azərbaycan tamamilə fərqli mövqedədir, ölkəmizin iqtisadiyyatı 1994-cü illə müqayisədə xeyli inkişaf edib. Bu kontekstdə “Yeni əsrin müqaviləsi” Azərbaycana 3,6 milyard dollar bonusu əldə etmək imkanı verəcək. Qeyd etdiyim kimi, 1994-cü ildə Azərbaycanın dövlət gəlirləri çox az idi. O zaman imzalanan “Əsrin müqaviləsi”nə əsasən, Azərbaycana xarici şirkətlər tərəfindən 300 milyon dollar bonus ödənilmişdi. Ötən müddət ərzində iqtisadiyyatımızın inkişaf etməsi və Azərbaycanın mövqeyinin daha da güclənməsi əldə edilən bonusun həcminin 12 dəfə artmasına gətirib çıxartdı ki, bu da nəticə etibarilə respublikamıza xarici valyutanın daxil olması baxımından vacibdir. 
“Yeni əsrin müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 40 milyard dollar investisiya qoyulacaq. Bu, həm neft sektorunun inkişafı baxımından əhəmiyyətlidir, həm də neft sektoruna yardımçı sahələrin, hətta qeyri-neft sektorunun inkişafını stimullaşdıran bir amildir. Çünki bütün hallarda neft sektoruna yönəldilən investisiya həm də qeyri-neft sektorunun inkişafı üçün bir maliyyə təminatı formalaşdırır. Sazişdə Azərbaycanın mənfəət neftinin səviyyəsinin 75 faiz nəzərdə tutulması isə imkan verəcək ki, hasilatın pay bölgüsündə mövcud səviyyəni qoruyub saxlaya bilsin.
Beləliklə, Azərbaycan bu gün azsaylı ölkələrdən biridir ki, enerji resurslarını ölkənin sosial-iqtisadi inkişafı məqsədi ilə ciddi avantaja çevirə bilib. Əlbəttə ki, bu strategiyanın əsası 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulub. Bu müddət ərzində hökumətin həyata keçirdiyi müstəqil enerji siyasəti ölkəmizin qlobal enerji təhlükəsizliyində oynadığı rolu daha da möhkəmləndirməklə yanaşı, xalqın maraqlarını, dövlətin təhlükəsizliyini və regionun inkişafını da nəzərə almaqla uğurlu siyasət həyata keçirib. 
Hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində atılan mühüm addımları və iqtisadiyyatın şaxələndirilməsi proqramlarının həyata keçirilməsini postneft dövrünə hazırlıq kimi qiymətləndirmək olar.

 

Vüqar BAYRAMOV,
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı-ekspert 

 

 

22 2019 11:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə