Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aqrar sahənin inkişafı diqqət mərkəzindədir

Kürdəmir rayonunda ilk dəfədir ki, taxılın orta məhsuldarlığı rekord həddə – 33, 7 sentnerə çatıb

 Aqrar sahənin inkişafı diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq, Kürdəmir rayonunda da çoxsaylı tədbirlər həyata keçirilir. Rayon rəhbərliyinin iştirakı ilə keçirilən istənilən tədbirdə aqrar sahənin inkişafı xüsusi diqqət mərkəzindədir. 

Xatırladaq ki, bu il iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədəki nitqində dövlət başçımız vurğulayıb ki, bu il kənd təsərrüfatında da rekord göstərici əldə edilib: “Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə, bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni, bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək”.
Ənənəvi kənd təsərrüfatı rayonlarımızdan olan Kürdəmirdə, əsasən, taxılçılıq, pambıqçılıq və digər bitkiçilik sahələri inkişaf etməkdədir. Bu ilin məhsulu üçün ötən ilin payızında 48 min 46 hektar sahədə taxıl, o cümlədən 18 min 120 hektarda buğda, 29 min 926 hektarda arpa əkilmiş, taxıl sahələrinə lazımi aqrotexniki qulluq göstərilmiş, əvvəlki illərdəkindən 3 dəfə çox mineral gübrə verilmişdir. Rayonun müvafiq qurumlarından öyrəndik ki, taxıl biçini, əsasən, optimal müddətdə aparılıb, 162 min ton taxıl, o cümlədən 62,5 min ton buğda, 99,5 min ton arpa istehsal olunub. Bu da ötən ildəkindən 35,6 min ton çoxdur.
Xüsusilə, vurğulanmalı məqamdır ki, iyulun 31-də dövlət başçımızın yanında keçirilən müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov taxılçılıqda məhsuldarlığın artdığını söyləyib: “Bu il 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib... Həyata keçirilən tədbirlər nəticəsində əsas məsələ düzgün texniki təminatın təmin edilməsi olub. Belə ki, hər il fermerlərimiz bu sahə ilə bağlı çoxsaylı müraciətlər ediblər. Amma dislokasiya sisteminin qurulması, xüsusilə də müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara GPS quraşdırılması və onların düzgün dislokasiyası nəticəsində bu il taxıl biçini 20 gün tez başa çatıb. Məhsuldarlıq da bu il daha yüksək olub. Ötən ilə nisbətən hər hektardan təxminən 2 sentner çox məhsul əldə edilib”.
Kürdəmirlilər fəxr edirlər ki, nazirin dilə gətirdiyi “məhsuldarlıq daha yüksək olub” ifadəsində onların da payı vardır. Çünki bu il Kürdəmirdə rayon üzrə taxılın orta məhsuldarlığı 33,7 sentner olub. Kürdəmirlilər ilk dəfədir ki, belə göstəriciyə imza atırlar. Aldığımız məlumatda bildirilir ki, hazırda taxıl istehsalının qarğıdalı dəni hesabına artırılması tədbirləri görülür. Bu ilin yazında 537 hektaradək dənlik qarğıdalı əkilib və yüksək məhsuldarlığı təmin edən müasir texnologiya ilə becərilməsi təşkil olunub.Qarğıdalı əkinlərinin vəziyyəti göstərir ki, hər hektardan 100 sentnerdən çox dən götürülməsi mümkündür və bu da 5 min tondan çox taxıl deməkdir.
Qarasaqqal kəndinin sakini Cümşüd Babayev deyir: – Bu ilin məhsulu üçün 200 hektar sahədə taxıl əkmişdim. Həm özümün əkin sahələrinə məsuliyyətlə yanaşmağımın, həm də dövlətin göstərdiyi qayğının nəticəsidir ki, hər hektardan 36, 5 sentner məhsul götürmüşəm. Bu, Kürdəmir iqlimi üçün çox yaxşı göstəricidir. Ümumilikdə, 730 ton məhsul toplamışıq. İndi gələn ilin məhsulu üçün hazırlıq işləri görürük. İlkin məqsədimiz əkin sahəsinin genişləndirilməsidir. 
Rayonda pambıqçılığın inkişafı sahəsində məqsədyönlü işlər görülür. Pambığın ixracyönümlü məhsul olduğu, pambıqçılığın isə əhalinin məşğulluğunda xüsusi əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, 2809,2 hektar sahədə əkin aparılıb. Hazırda pambığın yığımına start verilib və qısa müddətdə sahələrdən 100 tondan çox məhsul toplanılaraq qəbul məntəqələrinə təhvil verilib.
Rayonun Qarasu kənd sakini Elxan Rəhimova məxsus ailə-fermer təsərrüfatında ötən mövsümdə 10 hektar sahədə pambıq yetişdirilib və qəbul məntəqəsinə 28,5 ton məhsul təhvil verilib. Bu mövsümdə isə 20 hektar pambıq əkilmiş, qısa müddətdə 5,3 ton məhsul toplanmışdır. Fermer 30 sentnerdən çox məhsul tədarük edəcəyinə əmindir.
Təbii ki, aran rayonlarımız üçün ənənəvi kənd təsərrüfatı sahələrindən biri də baramaçılıqdır. Kürdəmirdə də bu sahə daim maraq kəsb edib. Təkcə son bir ildə baramaçılığın inkişaf etdirilməsi məqsədilə 238 min 500 ədəd tut tingi əkilib. Barama mövsümünün əvvəlində 249 kümçüyə 825 qutu barama qurdu verilmişdi. Həm mütəxəssislərin lazımi məsləhətləri, həm də kümçülərin təcrübəsi imkan verib ki, məhsuldarlıq kifayət qədər yüksək olsun. Nəticədə, rayon üzrə 22 min 652 kiloqram barama tədarük edilərək “Azəripək” MMC-yə satılıb. 
Bizə verilən məlumatda qeyd edilir ki, kümçülərin bu göstəricisi ötənilki göstəricilərindən 2250 kiloqram çoxdur. Qocalı kəndindən olan kümçü Nahid Budaqov 315 kiloqram, Carlı kəndindən Neyman Həmzəyev 297 kiloqram, Şahbəyli kəndindən Ələmdar Tarverdiyev 249 kiloqram, Köhünlü kəndindən Ruhiyyə Məmmədova 244 kiloqram, Sovla kəndindən Baxış Cəfərov 224 kiloqram, Qarasu kəndindən Neymət Abuşov 224 kiloqram barama təhvil veriblər.
Nahid Budaqov qeyd etdi ki, baramaçılıqda məhsuldarlığın artmasının üç səbəbi vardır: -- Birinci səbəb bu sahənin inkişafına dövlət qayğısının yüksək səviyyədə olmasıdır. İkinci səbəb rayon və kənd rəhbərliklərinin bizim fəaliyyətimiz üçün lazım olan şəraiti yaratması, üçüncü səbəb isə hazır məhsulun qiymətinin ötən illərə nisbətən xeyli artırılmasıdır. Bütün bu səbəblərin nəticəsi isə yüksək məhsuldarlıq və kifayət qədər qazancdan ibarət olur.
Carlı kəndindən olan kümçü Neyman Həmzəyev isə gələn il daha çox barama istehsal edəcəyinə əmindir: – İstənilən sahədə uğur qazanmaq üçün zəhmət və məsuliyyətlə yanaşı, təcrübə də əsas rol oynayır. Məhz qazandığımız təcrübəyə əsasən, bu il ötən ildəkindən xeyli çox – üç yüz kiloqrama yaxın məhsul əldə etdik. Gələn il isə inanıram ki, dörd yüz kiloqrama yaxın barama təhvil verəcəyik. Bu əminliyin təməlində həm yeni salınan tut bağları, həm də dövlətin aqrar sektora göstərdiyi qayğı dayanır. 
Rayonda olarkən öyrəndik ki, ölkə Prezidentinin alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunmaqla istixanaların yaradılması tapşırığı da diqqətdə saxlanılır. Rayonun Mollakənd kəndində təbii üsulla yerdən isti su çıxır. Həmin sudan istifadə olunmaqla “Geotermal Aqro” MMC tərəfindən 50 hektar sahədə istixanaların salınması nəzərdə tutulub. İstixana tam gücü ilə işə salındıqdan sonra orada 500-ə yaxın insan çalışacaq. Bu il tərəvəzin örtülü qruntlarda yetişdirilməsi genişləndirilib, 12 hektarda müasir istixana qurulub, əlavə 7 hektar xırda istixanalarda tərəvəz yetişdirilir. Bildirilir ki, rayonda müasir istixanaların sahəsinin 400 hektara çatdırılması üçün hazırlıq işləri aparılır.
Rayonda iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədilə 14573 hektar dövlət fonduna məxsus torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib və həmin torpaqlarda 4 aqropark yaradılıb. Hazırda aqroparklar tərəfindən infrastrukturların yaradılması, torpaqların yaxşılaşdırılması, suvarma şəbəkələrinin qurulması, məhsul saxlama anbarlarının və digər zəruri tikililərin tikintisi, maddi-texniki bazanın genişləndirilməsi sahəsində işlər görülür. Bu il aqroparklar tərəfindən 7000 hektaradək sahədə dənli bitkilər və 1090 hektarda pambıq və digər yazlıq əkinləri aparılıb.
Cari ildə 11 min 300 hektardan çox sahədə yazlıq bitkilər əkilib, sahələrin becərilməsinə 18 mindən çox işçi cəlb olunub. Əvvəlki illə müqayisədə qarğıdalı, soya, günəbaxan əkinlərinin sahəsi artırılıb. Bu ilin yazında 1475 hektarda yonca, 915 hektarda kartof, 1700 hektarda tərəvəz, 3200 hektarda bostan, 50 hektarda günəbaxan, 30 hektarda yerfındığı, 101 hektarda soya becərilib. Becərmənin gedişi və sahələrdə məhsulun vəziyyəti göstərir ki, bu il yazlıq əkinlərin məhsuldarlığı daha yüksəkdir.
Son illərdə rayonda meyvə istehsalının artırılması istiqamətində də uğurlar əldə olunur. Rayonda bu sahəyə maraq xeyli artıb. Yeni meyvə bağlarının salınması, kompleks aqrotexniki tədbirlərin vaxtında və düzgün tətbiq edilməsi nəticəsində daha yüksək məhsul götürmək mümkün olur. Rayonda yerli şərait üçün ənənəvi olan alça, gavalı, əncir, ərik, armud, nar, heyva, şaftalı, gilas, alma, xurma yetişdirilir. Bir sıra məhsullar, o cümlədən xurma, nar yerli bazarlarla yanaşı, xarici bazarlara da göndərilir.

 

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

 

22 2019 11:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə