Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ana dilini sevmək və qorumaq vətəndaşlıq borcudur

Dilimizə biganəliyin səbəbləri və bəlaları

Ana dilini sevmək və qorumaq vətəndaşlıq borcudur

Bəşəriyyətin arxada qoyub gəldiyi tarix sübut edir ki, bir çox xalqların tarix səhnəsindən silinməsi həm də onların dilinin ölməsi ilə bağlıdır. Bəli, dil ölür, çünki dil də canlı orqanizmdir. Dil hər hansı bir xalqın etnomədəni atributu, tarixi pasportudur. Dilin ölməsi ilə xalq da ölür.

Ən hazırlıqsız oxucu bir çox ölü dillərin adlarını bilməsə də, əminəm ki, məşhur latın dilinin öldüyünü və bu dilin yalnız dərman nüsxələrində (reseptlərində) yaşadığını bilməmiş olmaz. Yaşadığımız günlərdə də dillər bu və digər səbəblərdən çox sürətlə sıradan çıxır. ABŞ-ın Milli Coğrafiya İnstitutunun araşdırmalarına görə, hər 14 gündə bir dil ömrünü tamamlayır. Bəs, necə olur ki, dil(lər) ölür? Hər hansı canlı orqanizm yad təsirlər nəticəsində, məsələn, öldürücü virusa yoluxduğu kimi, dil də xarici təsirlərin sayəsində xəstəliyə düçar olur. Hər hansı bir dil əcnəbi dillərin təsirinə məruz qalıb, yad sözlərlə doldurularsa, gec-tez ölməyə məhkumdur. 
Dilin sıradan çıxması daha çox iki amillə bağlıdır: əcnəbi sözlərin dildə üstünlük təşkil etməsi; həmin dildə danışanların sayının azalması. Tədqiqatçılar çox doğru olaraq, əcnəbi sözləri “dilin qənimi ” adlandırırlar. Oxucu bu məqamda deyə bilər ki, məqalənin bu yerinə qədər elə nə qədər əcnəbi söz işlətmişəm. Bu və digər formada dünyada həmişə inteqrasiya mövcud olub, dil və mədəniyyətlər bir-birindən qarşılıqlı şəkildə təsirləniblər. Demək, inteqrasiya və qloballaşma yeni hadisə deyil, sadəcə, elm və texnologiyanın sürətli inkişafı ilə əlaqədar onun da sürəti artmış və forması dəyişmişdir.
Bu səbəbdən dünyada yalnız doğma sözlərindən ibarət yekcins dil yoxdur. Dünyada mövcud olan bütün dillərdə alınma sözlər var. Ancaq hər şeydə olduğu kimi, burada da mizan-tərəzi gözlənilməli, əndazə olmalıdır. Doğma dildə min illərlə işlənən sözün əcnəbi sinonimini dilə gətirməyə hansı ehtiyac var? Nümunələrə diqqət edək: “kreativ, trend, ekskülüziv, ekspromt, super, store, market, shop” kimi sözlərin dilimizdə qarşılığı var. Bu məqamda mənimlə razılaşmayıb bu cür sözlərin ümumişləklik qazandığını və dilimizdə artıq özünə yer aldığını söyləyə bilərlər. Çox təəssüf ki, bu tipli alınma sözlərin bəziləri hətta “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə də özünə yer almışdır. 
Etiraf edək ki, əcnəbi sözlər işlənə-işlənə dil keçir, bəzən də lap ümumişlək söz statusu qazanır. Məsələn, “super”, “market” sözləri kimi. Bu gün dükan-bazarda alver edən hər kəs göyərtisini belə “super” epiteti ilə tərif edir. Beş-on il bundan əvvələ kimi dilimizdə super və market sözləri işlənilmirdi. Super əvəzinə əla, yaxşı, iri, böyük və market yerinə mağaza, dükan deyilirdi. Bu məqamda onu da qeyd edək ki, market sözü mağaza sözünün əvəzinə səhvən işlədilir. Əslində, ingilis dilində “market” bazar mənasında işlənilir. İngilis dilində dükan və mağaza məfhumunu “store” və “shop” sözləri ifadə edir. 
“Eksklüziv” və “ekspromt” sözlərinə isə daha çox dilimizin saflığına bilavasitə cavabdehlik daşıyan jurnalistlərin dilində rast gəlinir. Son illər dilə gətirilmiş eksklüziv və ekspromt sözlərinin dilimizdə sinonimi kimi xüsusi (eksklüziv) və bədahətən, hazırlıqsız, qəflətən (ekspromt) sözləri işlənilmişdir. Kreativ və trend sözləri də artıq ziyalı kəsimi arasında ümumişləklik qazanıb. Aydınlıq naminə deyək ki, kreativ yaradıcı yanaşma, trend istiqamət, meyil deməkdir. Pedaqoji sahənin əməkdaşlarının və təhsil ekspertlərinin dilimizə gətirdikləri inklüziv sözü də artıq tez-tez işlədilir. 
Vikipediyanın məlumatına əsasən, latın mənşəli bu sözün mənası “daxil edirəm” deməkdir. İnklüziv təhsil ümumi təhsilin hamı üçün əlçatan olması və bütün uşaqların, hətta sağlamlığında problem olan şagirdlərin də təhsil almasını təmin edir. İndiyə qədər işlədilən icbari təhsil bu mənanı özündə ehtiva etmirdimi? Bu qədər sadə və rahat tələffüz edilən və yazılışı daha asan olan sözlər olduğu halda, çətin deyilən və eşidilən. Çoxlarına anlaşıqlı olmayan belə sözlərə nə ehtiyac var?! Bu sözlərin dilimizdə qarşılığı olduğu əcnəbi sözləri işlətmək əllaməlik deyilmi? Böyük Mirzə Cəlilin “Anamın kitabı” əsərinin əsas obrazları olan üç qardaş da məhz belə oxumuşlardan idilər. 
Bəziləri güman edirlər ki, əcnəbi terminləri çox işlətməklə savadlarının çoxluğunu nümayiş etdirmiş olurlar. Ancaq unudurlar ki, dildə sadəlik nitqdə alilik yaradır. Yeri gəlmişkən, araşdırmaçılar bildirirlər ki, çətin səslənən söz və ifadələr insanın üz və alın cizgilərində vaxtından əvvəl qırışlar yaradır. Yuxarıda qeyd etdiyim sözlərin dilimizdə işlənilməsinə heç bir ehtiyac yoxdur. Lakin “kompüter” kimi dilimizdə qarşılığı olmayan sözü gündəlik işlətməyə məcburuq. Bir zaman kompüter əvəzinə, Anadolu türkcəsindən gələn bilgisayar sözünü işlətsək də dayanıqlı olmadı. 
Yuxarıda qeyd etdik ki, dil(lər)in ölməsinin ikinci səbəbi həmin dildə danışanların sayının azalması ilə bağlıdır. Məsələ yenə gəlib çıxır xarici təsirlərə. Qərbin texnoloji üstünlüyündən qaynaqlanan qloballaşma işıq sürəti ilə hücumdadır. İnteqrasiya və qloballaşmanın müsbət təsirləri danılmazdır. Mənfi təsirləri isə çoxları ya görmür, ya da özünü görməməzliyə vurur. Qloballaşmanın ən mənfi təsiri milli dilləri küncə sıxışdırması və sıradan çıxarmasıdır. 
Heç kəs gənc nəslin xarici dilləri bilməsinin əleyhinə deyil. Amma bu şərtlə ki, yeni nəsil doğma dilinə yuxarıdan aşağı baxmasın, onu arxaya itələməsin. Gərək gənclər əcnəbi dilləri ana dilini, milli ədəbiyyatını, tarixini, coğrafiyasını yaxşı mənimsəməklə yanaşı öyrənsin. Əgər hər hansı bir şəxs öz doğma dilində istənilən bir məfhumu canlandıra bilmirsə, həmin sözü doğma dildə yox, danışdığı əcnəbi dildə təsəvvür edəcək. Axı, dil təfəkkür məhsuludur.
Ana dili ilə bağlı daha bir bəlaya diqqət yetirək. Ölkənin harasına üz tutursansa, hər yerdə dükan, bazar, iaşə, ticarət və digər xidmət obyektlərinin əksərinə əcnəbi sözlərlə ad qoyulub. Bu, həmin sahələrdə iş quranların xalq və yurd sevgisinin azlığını, mal-mülk istəyinin isə çoxluğunu göstərmirmi? Qazanmaq, işdə irəli getmək yaxşıdır, lakin bu əsas vermir ki, doğma dilinin üstündən xətt çəkəsən. Dəfələrlə yazılıb və söylənilib ki, paytaxtın reklam daşıyıcılarında həddindən artıq əcnəbi sözlərin yer alması doğma Bakımızı Qərb şəhər(lər)inə bənzədir. 
Təkcə yaşadığım ərazidəki metronun “Neftçilər” stansiyasının ətrafında yerləşən ticarət obyektlərinin reklam lövhələrində doğma dilimizə məxsus bir sözə belə rast gəlmədim. Həmin ünvanda sıralanmış ticarət obyektlərinin adlarına diqqət yetirək: “Viktoriya”, “Volkan”, “Belissa”, “Madeyra”, “Moda”, “Mebelroom”, “Embawood”, “Luks mebel”, “Eleqant”, “Oskar”, “İnterTuran”, “Golden fitness”, “Economıc”, “Doneretto”, “Miss lady”, “X- lady”, “Lady star”, “Lady sharm”, “Pumba kids”, “X man”, “İzabel”, “Avva”, “Elektrolux”, “Kontakt home”, “Phardı” və s. 
Hər birimiz belə mənzərələrin şahidiyik. Belə sözlərin heç birisi Azərbaycan dilinin leksik, orfoepik və orfoqrafik normalarına uyğun deyil. Worldtelecom, Lc Waıkıkı kimi sözlər də dilimizdə səslənmir və oxunmur. Azərbaycan əlifbasında W hərfi olmadığı halda, bu hərfdən yazıda gen-bol istifadə olunur. Bu dilimizə qarşı sayğısızlıq, milli normalara əməl etməkdə özbaşınalıqdır. 
Dilimizə qarşı sərgilənən bu geniş hörmətsizliyin qarşısını vaxtında almasaq, sonra gec olar. Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalaması da məhz bu zərurətdən irəli gəlib. Həmin sənəddə Nazirlər Kabinetinə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması tapşırılmışdır. 
Bu mərkəzin vəzifəsi dövlət dilinin tətbiqinə nəzarəti, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin etməkdir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti Azərbaycan dilinin statusu, tətbiqi və saflığının qorunması barədə başqa qanun, fərman və sərəncamlar da qəbul etmişdir. 
Dilin yaşaması, tətbiqi və inkişafı üçün bu üç amil olduqca vacibdir: dövlətçilik ənənəsi; sosial-iqtisadi-mədəni inkişaf; əcnəbi dillərin təsirindən qorunmaq. Bu üç mühüm amilin hamısı Azərbaycanda mövcuddur. Göründüyü kimi, dövlət statusu verilmiş Azərbaycan dilinin tətbiqi, saflığının qorunması və yüksək səviyyədə inkişaf etdirilməsi üçün hüquqi, sosial-iqtisadi və mənəvi şərait kifayət qədər mövcuddur. 
Bundan sonra hər birimizin və hamımızın üzərinə bir vəzifə düşür: dilimizin qeyrətini çəkmək, onun saflığını qorumaq və mükəmməl səviyyədə inkişaf etdirmək. Unutmayaq ki, ana dilimiz milli varlığımız, birliyimiz və ölümsüzlüyümüzdür. 

 

Xeybər GÖYYALLI

 

22 2019 11:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə