Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Professor Qafar CƏBİYEV: Basqalda zəngin maddi-mədəniyyət qalıqları aşkara çıxarılıb

Professor Qafar CƏBİYEV: Basqalda zəngin maddi-mədəniyyət qalıqları aşkara çıxarılıb

İsmayıllı rayonunun Basqal qəsəbəsi  Azərbaycanda orta əsr şəhər mədəniyyəti elementlərini və ənənələrini özündə yaşadan tarixi məkanlarımızdandır. Prezident İlham Əliyevin “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında” 2018-ci il 3 oktyabr  tarixli Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq yaxın gələcəkdə  qəsəbənin nümunəvi turizm mərkəzinə çevrilməsi istiqamətində hazırda çox mühüm işlər görülür. Təbii ki, Basqalın orta əsr mənzərəsini canlandırmaq, zəruri bərpa və konservasiya işləri aparmaq üçün ilkin olaraq arxeoloji tədqiqatlara ehtiyac var. Elə bu məqsədlə də Dövlət Turizm Agentliyinin müraciəti əsasında professor Qafar Cəbiyevin rəhbərliyi ilə  AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən hazırda “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində arxeoloji tədqiqat işləri aparılır.
Arxeoloji tədqiqatların ilkin nəticələri barədə məlumat verən professor Q.Cəbiyev bildirib ki, Basqalın yaxın ətrafında insanlar hələ eramızdan əvvəl V minillikdən etibarən məskunlaşaraq ənənəvi təsərrüfat sahələri ilə məşğul olublar. Ötən əsrin 70-90-cı illərində Qırlartəpə, Qalalar və Kürdüvan ərazilərində aparılan arxeoloji qazıntı və kəşfiyyat işləri zamanı Basqalətrafı ərazilərin tarixini özündə yaşadan olduqca zəngin maddi-mədəniyyət qalıqları aşkara çıxarılıb. Lakin əfsuslar olsun ki, yüzilliklər boyu nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın çox mühüm sənətkarlıq, xüsusən də ipək, boyakarlıq və dəmirçilik məmulatları istehsalı mərkəzi olan Basqalın tarixi bu günədək lazımı səviyyədə öyrənilməyib.
Ekspedisiya heyəti ilkin olaraq qəsəbənin Qalabaşı, Bazar meydanı, hamam və məscid kompleksləri ərazisində kəşfiyyat xarakterli axtarışlar aparıb. Məqsəd qəsəbə ərazisində yaşayışın nə zamandan başlandığını, ərazidə əhalinin məskunlaşma dinamikasını, tikinti və yaşayış qalıqlarının stratiqrafiyasını, şəhər elementlərinin tarixi inkişaf prosesində nə dərəcədə qorunduğunu, sakinlərin məişət və mədəniyyətini öyrənməkdir.
Arxeoloqlar artıq Basqalın şimal qala divarlarının bir hissəsini və Basqal hamamının kürəbənd qalıqlarını aşkara çıxararaq öyrəniblər. Məscid ərazisində aparılan tədqiqatlar zamanı, xüsusilə, maraqlı tapıntılar aşkar olunub. Tədqiqat zamanı müəyyən edilib ki, son onilliklərdə Basqal məscidi kimi təqdim olunan bina, əslində, həmin ərazidəki daha qədim tikinti qalıqları üzərində ucaldılıb. Dörd möhtəşəm sütun üzərində tikilən və üzəri bişmiş kərpiclə tağvari formada örtülmüş möhtəşəm tikili hələlik Basqal ərazisində məlum olan ən qədim memarlıq nümunəsidir.
Professor bildirib ki, Basqal məscidinə aid edilən kitabələrdən birində Şeyx Məhəmməd və oğlu Şeyx Səfayinin adları həkk olunub: “Məscidin divarına bərkidilən və 1568-ci ilə aid olan həmin kitabədə iki şeyxin adının çəkilməsi belə ehtimal etməyə əsas verir ki, bu məkan Şirvanşahların himayə etdiyi sufi məktəblərindən birinin xanəgahına aiddir. Məscidin Şirvanşahlar dövrünə xas və süls qarışıq nəsx xətti ilə olan digər kitabəsində isə onun tikilməsinə əmr edilməsindən, həqiqətlərin burhanı (isbatı) olan Sufi və Dərvişdən bəhs olunur. Xanəgaha aid olan digər bir element oradakı iri koğuşu olan qədim çinardır. Maraqlıdır ki, professor Yevgeni Paxomov ötən əsrin 20-ci illərində Basqalda aşkar olunan sikkələrin də məhz Pir Çinar və Pir Bulaq ərazisindən tapıldığını bildirir. Xatırladım ki, Basqal ərazisində məscid ətrafındakı çinardan başqa hər hansı digər yaşlı ağac yoxdur. Məlum olduğu kimi, sufilər, adətən, belə ağacların koğuşuna çəkilərək zikr edir, çillə çıxarırdılar. Bu ayinlə əlaqədar orta əsr miniatürləri də var”.
Arxeoloq əlavə etdi ki, hər binası, hər məhəlləsi, hər meydanı yaşayan tariximiz olan Basqalın şöhrət dolu keçmişini daha dərindən və hərtərəfli araşdırmaq üçün genişmiqyaslı arxeoloji tədqiqatları davam etdirmək zəruridir.

“Xalq qəzeti”

22 2019 11:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə