Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyanın iqtisadi vədləri cəmiyyətdə populizm olaraq qarşılanır

Paşinyanın iqtisadi vədləri cəmiyyətdə  populizm olaraq qarşılanır

Küçə mitinqləri  dalğası üzərində hakimiyyətə gəlmiş Nikol Paşinyanın yürütdüyü siyasət artıq cəmiyyətdə və ictimai-siyasi mühitdə birmənalı qarşılanmır. Bir vaxtlar xalqın ona bəslədiyi  ümidlər artıq yox olmaqdadır. Ermənistanın ölkəni canlandırmaq və investisiya cəlb etmək baxımından atdığı addımlar da bir işə yaramır. Erməni diasporunun ümidinə qalmış ölkədə əhalinin sosial vəziyyəti gündən-günə ağırlaşır. Ölkə belə demək mümkündürsə, xaricdə yaşayan erməni iş adamları, əsasən də erməni diasporunun ianə və maddi yardımları ilə yaşayır. Odur ki, əmək qabiliyyətli əhali, xüsusilə də gənclər ölkəni tərk edirlər.

Baş nazir Nikol Paşinyanın ölkənin iqtisadi inkişafı  ilə bağlı çıxış və planları, cəmiyyətdə inamsızlıqla qarşılanır və onun  elan etdiyi Ermənistan 2050 – Strateji İnkişaf Sənədi cəmiyyətdə və KİV-də  əsas müzakirə mövzularındandır. Vətəndaşlar da, ekspertlər də bu sənəddə əks olunan hədəflərin qeyri-real olduğunu bildirirlər. Baş nazirin çıxışının populizmdən başqa bir şey olmadığını etiraf edirlər.

Siyasi texnoloq Armen Badalyan baş nazirin bu sənədini 2018-ci ilin dekabr seçkilərindən sonra xalqa hesab verməkdən boyun qaçırmaq üçün ortaya atdığı bir mövzu olduğunu bildirib.  Onun fikrincə, 30 il sonra heç kim bu vədləri xatırlamayacaq və Paşinyan da buna arxalanır: “Burada heç bir milli amal konsepsiyasından söhbət gedə bilməz, belə ki, insanların güzəranı ağırdır, heç kimə nağılvarı illüziyalar lazım deyil. İnsanlar burada yaxşı yaşamaq istəyir. Cəmiyyətimizə “işıqlı gələcək” yox, işıqlı indi lazımdır.”

Ermənistan PR Assosasiyasının rəhbəri Astxik Avetisyan hesab edir ki, baş nazir bu cür vədlərlə insanları inqilab eyforiyasında saxlamağa çalışır. Onun sözlərinə görə, sənəddə  qarşıya qoyulmuş qeyri-real vədlər onun nitqinin təsirini zəiflədir, Paşinyanın çıxışlarında daha çox populizm və artıq emosiyalar hiss edilir.

Sənəddə ən önəmli məsələlərdən  biri işsizliyin ortadan qaldırılması ilə əlaqədardır. Ermənistan Statistika Komitəsinin araşdırmaları göstərir ki, təkcə 2014-2017-ci illərdə əhalinin 15 yaşından yuxarı qrupunun 52, 4 % ölkəni miqrant kimi tərk edib və geri qayıtmayıb. Əhalinin yalnız 12, 2 %-i ölkəni tərk etdikdən ən azı 3 ay sonra geri qayıdıb ki, bu  da müvəqqəti işlə əlaqədar olub. Statistik göstərici və faktlar  miqrasiya axınının daha da sürətləndiyini, əhalinin tək çarəni Ermənistandan uzaqlarda axtardıqlarını sübut edir. Ölkəni tərk edənlər arasında xarici ölkələrdə iş tapmaq və güzəranını yaxşılaşdırmaq istəyən miqrantlar üstünlük təşkil edir. Özbaşınalıq və zorakılığın  hökm sürdüyü və intiharların artdığı orduda xidmət etmək istəməyən gənclər də xaricə üz tuturlar. İldən-ilə artan işsizlik səviyyəsi  2018-ci ildə 17,71 % ə çatıb. Ermənistanda rəsmi statistikaya əsasən, əhalinin 4/1-i yoxsulluq səviyyəsindən aşağı vəziyyətdə yaşayır. 

Ölkədə iqtisadi və sosial vəziyyətin getdikcə ağırlaşması cəmiyyətdə cinayət hallarının getdikcə artmasına öz təsirini göstərir.  2019-cu ilin yanvar iyul aylarında  ölkədə 14 238 cinayət faktı qeydə alınıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1435 fakt çoxdur.

Mülkiyyətə qarşı cinayət faktlarına nəzər yetirdikdə görürük ki, keçən il bu rəqəm 5 829 idisə, bu il  7 304-dür. Ictimai təhlükəsizlik və asayiş əlayhinə törədilmiş cinayətlər də artım var. Bu il iyul ayı da daxil olmaqla 2 141 fakt qeydə alınıb ki, onun 520-i narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, 530-u narkotik vasitələrlə əlaqəli cinayətlərin payına düşür. Bundan əlavə,  ümumi cinayət işlərində 745 işin korrupsiya xarakterli olması Paşinyan hakimiyyətinin artıq acınacaqlı durumunu göstərir. İnsanlar artıq onun reallıqdan uzaq populist vədlərinə inanmır. Amulsar qızıl yatağı ətrafında cərəyan edən hadisələr, etiraz dalğasının artması da məhz bu inamsızlıqdan və Paşinyanın bir fiqur kimi nüfuzunun aşağı düşməsindən irəli gəlir. İş o vəziyyətə çatıb ki, nazir etiraz edib Amulsara gedən yolu bağlayan əhali artıq  baş nazirin vədlərinə inanmır, əhəmiyyət vermir.

BMT-nin Ermənistandakı Fondunun “Əhali və İnkişaf” proqramının koordinatoru  Anna Ovannisyan isə hesab edir ki, 2050-ci ilə doğru 65 yaşdan yuxarı olan əhalinin sayı iki dəfə artacaq, eləcə də 80 yaşdan yuxarı insanların sayında da artım müşahidə ediləcək. Bu tendensiya son illər mənfi artan miqrasiya balansının fonunda narahatlıq doğurur.”

Sənəddə güc strukturları, ordunun dünyada güclülər sırasına salınması bəndi də ekspertlər tərəfindən qeyri-real qiymətləndirilir. Hərbi ekspert Leonid Nersesyanın fikrincə,  müəyyən edilmiş müddətdə nəyisə proqlaşdırmaq  çətindir və hər şeyin maliyyədən, dolayısıyla iqtisadi inkişafdan asılıdır: “Dünyanın güclü ordularından biri olmaq üçün 20-30 dəfə çox  hərbi büdcə lazımdır. Hazırda ölkənin hərbi büdcəsi 609 milyon dollardır. Həllik belə bir şey gözlənilmir.”

Ölkənin iqtisadi inkişafına nail olmaq üçün sənəddə qeyd edilən istiqamətlər də iqtisadçılar tərəfindən şübhə ilə qarşılanır. Yarım milyon iş yerinin açılması, ümumdaxili məhsulun 15 dəfə artırılması, maliyyə sferasının 20 dəfə artırılması, əhalinin 2, 5  milyon vətəndaşın işlə təmin edilməsi vəs. buraya daxildir.

İqtisadçı Vaaqn Xaçaturyan  hesab edir ki, ümumdaxili məhsulun 15 dəfə artıb artmaması ilə bağlı uzun mübahisələr etmək olar: “Ancaq bütün bunları iqtisadi nöqteyi nəzərdən təhlil etsək, çoxlu yalnış hesablamalar taparıq. Məsələ təkcə quru rəqəmlərdə deyil, bu həm də siyasi ambisiya və gündəmi formalaşdırmaq deməkdir.”

Cəmiyyətdə artan ictimai-siyasi gərginlik, xüsusilə də Amulsar qızıl yatağı ətrafında cərəyan edən hadisələr Paşinyan hakimiyyətinin nüfuzuna və hakimiyyətə olan etimadına zərbə vurub. Ekoloqların, eləcə də yerli əhalinin etirazlarına baxmayaraq, Paşinyanın həmin yataqda işlərin başlamasının tərəfdarı olması cəmiyyətdə ona olan etirazları daha da artırır və əhalinin mədənə gedən yolu bağlayıb.

Paşinyan etirazçılara  videomüraciətində “ Bağlanmış yol ölkənin iqtisadi imicinə,  eləcə də beynəlxalq nüfuzuna və investisiya cəlbinə ciddi problemlər yaradır.” - çağırışına etirazçıların məhəl qoymaması artıq onun nəinki iqtisadi vədlərinin də absurd olduğunu, hətta  əhalinin ona inamsızlığını göstərir.

“Mənim addımım” fraksiyasının üzvü Ovik Aqazaryan isə bildirib ki, Amulsar ətrafında hökumət və vətəndaşlar arasında yaranmış gərginliyin həllinin bir yolu var: “Əgər Cermuk və ictimaiyyətin geniş təbəqəsinə  Amulsarın istismarı ilə bağlı izahlarımız qəbuledilməzdirsə, bunun sadə bir həlli var. Hökumətə etimadsızlıqla bağlı referendum keçirilə və onun əsasında növbədənkənar seçkilər də daxil olmaqla zəruri addımlar atıla bilər.”

Görünən odur ki, Nikol Paşinyan bu cür emosional və populist vədlərlə xalqı ələ ala bilməsi real görünmür.

 

Ə.ƏLƏSGƏRLİ,
“Xalq qəzeti”

23 2019 11:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə