Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İslahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən ölkəyə çevirməkdir

İslahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən ölkəyə çevirməkdir

Bu ilin yanvar-avqust aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 50 milyard 875,7 milyon manat təşkil edib. İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 3 faiz, neft-qaz sektorunda isə 1,6 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 5 min 145,1 manata bərabər olub.

Əldə edilən makroiqtisadi göstəricilərin təhlili Azərbaycan iqtisadiyyatında müsbət meyillərin getdikcə gücləndiyini göstərir. Bu meyillər sosial-iqtisadi sabitliyin təmin olunması, iqtisadi islahatların sistemli şəkildə aparılması, xarici investisiya qoyuluşlarının həcminin artması, tələb olunan miqdarda əcnəbilərə məxsus müəssisələrin yaradılması və s. amillərlə əlaqədardır.
Yeni mərhələnin əsas vəzifəsi isə milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqdan, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiqlədiyi iqtisadi siyasət sənədlərində bu vəzifənin reallaşması üçün yerinə yetirilməsi zəruri olan tədbirlər müəyyənləşdirilib. Bunlara ölkənin mövcud iqtisadi potensialının gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən, qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun potensialından tam və səmərəli yararlanılması, habelə onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi məsələləri aid etmək olar.
Yeni iqtisadi modelə transformasiya zamanı mikro, kiçik və orta sahibkarlığın meyarları yenilənib, “Yaşıl dəhliz”in qaydalarının qəbulu, biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə islahatlar aparılıb, həmçinin yeni sənaye, aqro və texnoparklar, həmçinin sənaye məhəllələrinin yaradılmasına başlanılıb. 
Vergi və gömrük islahatlarında sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılması əsas vəzifələr kimi qarşıya qoyulub. 
Beynəlxalq ictimaiyyət tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlara ən yüksək qiymət Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın dünyada ən islahatçı ölkə elan edilməsi olub. Bundan başqa, 2017-ci il və 2018-ci ilin ilk dörd ayında təkcə “Doing Business” hesabatı üzrə 30-a yaxın normativ hüquqi akt qüvvəyə minməklə 70-dən çox islahat tədbiri reallaşdırılıb. “Doing Business 2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla MDB-də lider mövqeyinə yüksəlib.
Hazırda ölkədə həyata keçirilən sistemli iqtisadi islahatlar qeyri-neft sektorunun rəqabətqabiliyyətli və dayanıqlı inkişafını sürətləndirir. Bu isə həm idxal məhsullarının xeyli hissəsinin Azərbaycanda istehsalını reallaşdırır, həm də qeyri-neft sektorunun ötənilki 1,7 milyard dollarlıq ixrac potensialının yaxın illərdə 2-3 dəfə artırılmasına zəmin yaradır.  
İqtisadi islahatlar sırasında vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində görülən işlər xüsusi önəm daşıyır. Ona görə ki, vergi islahatları ilə bağlı gerçəkləşdirilən tədbirlər korrupsiya, inhisarçılıq və ondan qaynaqlanan, ölkənin sosial-iqtisadi tərəqqisinin qarşısında buxova çevrilən neqativlərin aradan qaldırılmasına yönələn işlərin genişləndirilməsini tələb edir. Bunun əsas yolu isə sosial-iqtisadi islahatların dərinləşdirilməsi, iqtisadiyyatın liberallaşdırılması və rəqəmsallaşdırılmasının gücləndirilməsi, idarəetmə sistemində çevikliyin, şəffaflığın, hesabatlılığın və məsuliyyətin artrılması, “kölgə iqtisadiyyatı”nın dairəsinin məhdudlaşdırılması kimi məsələlərin həllindən keçir. Hazırda vergi yükünün azaldılması və vergiyə cəlbetmə işinin biznesin xeyrinə əsaslı şəkildə dəyişdirilməsi öz bəhrəsini verməkdədir.
Bir çox MDB ölkələrində institusional mühitin keyfiyyəti, aparılan iqtisadi islahatlar və tərəqqi tempi ilə bağlı “Moody's Investors Service” beynəlxalq reytinq agentliyinin yeni hesabatında deyilir ki, son illər ərzində MDB ölkələri islahatların həyata keçirilməsində əhəmiyyətli dərəcədə irəliləyiş əldə ediblər və bu, müxtəlif səviyyələrdə olmasına baxmayaraq, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsini artırmağa kömək edib.
Hesabatda qeyd olunub ki, xarici və daxili ­çağırışlar, həmçinin 2014-2016-cı illərdə MDB ölkələrində baş verən siyasi hadisələr sürətli institusional islahatlara və dövlət idarəetməsinin səmərəliliyinə gətirib çıxaran böhran hadisələrinin aradan qaldırılmasına yönələn bir sıra hökumət təşəbbüslərinin katalizatoru olub.
“Moody's Investors Service” hesab edir ki, Özbəkistanda (B1, “sabit”) və Ukraynada (Caa1, “sabit”) islahatların praktiki tətbiq edilməsində çətinliklər, Qırğızıstanda (B2, “sabit”) və Moldovada (B3, “sabit”) daxili siyasi əngəllər, Qazaxıstanda (Baa3, “müsbət”) və Azərbaycanda isə (Ba2, “stabil”) stabil vəziyyət hökm sürür.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, Azərbaycan hökuməti 2014-2016-cı illərin iqtisadi və maliyyə böhranı fonunda ölkə iqtisadiyyatının neftdən asılılığını əsaslı şəkildə aradan qaldırmağı qarşıya əsas məqsəd qoyan ciddi bir islahat yolu seçib: “Bu gün Azərbaycanda aparılan islahatlar idarəetmənin sadələşdirilməsinə və biznes mühitinin münbitləşdirilməsinə önəmli şərait yaradır. Bunu beynəlxalq maliyyə institutları və reytinq agentlikləri də öz hesabatlarında xüsusi qeyd edirlər. Bir qədər öncə Dünya Bankının hesabatında ölkəmizdə aparılan islahatlara yüksək qiymət verilmişdi. Azərbaycan bu gün həyata keçirilən islahatların səviyyəsinə görə MDB ölkələri arasında birincilər sırasındadır. Bu günlərdə “Moody's Investors Service” beynəlxalq reytinq agentliyinin yeni hesabatında da son illər ərzində iqtisadi islahatların aparılması sahəsində əhəmiyyətli irəliləyişlərin əldə edildiyi qeyd olunur”.
F.Yusifov qeyd edib ki, inkişaf yolunda atılan addımlar içərisində ən önəmlisi, bəlkə də birincisi vergi islahatlarıdır: “Bu islahatların fəlsəfəsi biznesin vergi yükünü azaltmaqla onun “kölgədə” olan hissəsinin leqallaşdırılmasına nail olmaq və bununla da vergi ödəyicilərinin sayını əsaslı şəkildə artıraraq büdcəyə daha çox vəsaitin daxil olmasına şərait yaratmaqdır. Böhrandan ötən müddət ərzində vergi islahatlarının qarşısında qoyulan bu vəzifələr nəzərdə tutulan uğurlu nəticələri verdi. Bunu vergi daxilolmalarında qeyri-neft sektorunun payının getdikcə artması aydın şəkildə sübut edir.
Vergi yükünün optimallaşdırılması bütün zamanlarda sürətli iqtisadi inkişaf yolu seçən ölkələrin qarşısında dayanan bir nömrəli problem olub. Məhz bu problemi düzgün müəyyənləşdirə bilən ölkələr inkişafın yüksək sürətlə getməsinə nail ola biliblər. Ortada onlarla belə təcrübə var. Bu səbəbdən də Azərbaycanda biznesin vergi yükünün azaldılması və vergiyə cəlb etməklə bağlı proseslərin iş adamlarının xeyrinə əsaslı şəkildə dəyişdirilməsi öz bəhrəsini verməkdədir”. 
Hazırda sahibkar-vergi əməkdaşı münasibətləri yeni bir müstəvidə qurulub. Bu münasibətlərdə vergi daxilolmalarının təmin edilməsi üçün inzibatçılıqdan daha çox qarşılıqlı əməkdaşlığa, qarşılıqlı anlaşmaya üstünlük verilir. Bu isə vergi ödəyiciləri üçün olduqca mühüm bir məsələdir.

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

21 2019 10:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə