Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əsrin müqaviləsi” Azərbaycan neftinə yenidən dünya şöhrəti qazandırdı

“Əsrin müqaviləsi” Azərbaycan neftinə yenidən dünya şöhrəti qazandırdı

Müstəqil Azərbaycanın müasir yüksəlişinin əsası ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı və həyata vəsiqə verdiyi neft strategiyası ilə qoyulmuşdur. Məhz həmin strateji kursun həyata keçirilməsi nəticəsində Azərbaycan nefti tarixdə ilk dəfə mənsub olduğu xalqa xidmət etməyə başlamışdır. “Əsrin müqaviləsi” ilə gənc, müstəqil Azərbaycan dövləti karbohidrogen ehtiyatlarından sərbəst surətdə istifadə etmək imkanı qazanmışdır. Odur ki, müstəqil Azərbaycanın yeni neft strategiyasının möhtəşəm özülünü qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümləri ölkəmizdə neftçilər günü kimi qeyd edilir. Bu il isə bu xoş müjdəli, qədim neft diyarı Azərbaycanın ən yeni tarixində yüksəlişə güclü təkan vermiş müqavilənin 25 yaşı tamam olur və ölkə miqyasında əlamətdar hadisə kimi təntənə ilə qeyd edilir. Bu tarix nəzərlərimizi, istər-istəməz, 25 il əvvəlin gərgin və ümidli günlərinə yönəldir. O günlərə ki, ölkə iqtisadiyyatının ən gəlirli sahəsi sayılan neft sənayesi tənəzzülə uğramışdı.

Ulu öndər məhz belə ağır bir zamanda beynəlxalq neft şirkətlərini Azərbaycan neft yataqlarının işlənməsinə cəlb etdi. Heydər Əliyevin gərgin səyləri, möhkəm iradəsi və diplomatik məharəti nəticəsində 1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının bir sıra tanınmış xarici şirkətlərlə birgə tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalandı. Bu, müxtəlif coğrafiyaları və beynəlmiləl hədəfləri əhatə edən bu nadir sənəd ölkəmizdə və xaricdə nəvazişlə “Əsrin müqaviləsi” adını aldı. Bu müqavilə ilk vaxtlardan xalqımıza, ölkəmizə ən böyük sərvətimiz olan neftlə bağlı xoş bir gələcək vəd edirdi. 
Müqavilənin hazırlanması prosesinə ölkəmiz tərəfindən rəhbərlik etmiş ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev boüyk əminliklə bildirirdi: “Sazişlərin həyata keçirildiyi dövrdə neft sənayesinin infrastrukturu xeyli dərəcədə təzələnəcək və neft sənayemizin yeni, güclü infrastrukturu yaranacaqdır. Ölkə iqtisadiyyatının digər sahələrinə sərmayələr axını təmin ediləcəkdir. Azərbaycan yeni, müasir texnologiyalar əldə edəcəkdir. Xarici şirkətlərin ödədiyi vergilərdən büdcəyə mədaxil xeyli artacaqdır. Nəticədə, güclü iqtisadi potensial yaradılacaq və bu da ölkənin müstəqilliyini bundan sonra da qoruyub möhkəmlətməyə imkan verəcəkdir”.
Doğrudan da, “Əsrin müqaviləsi” müasir neftçıxarma texnologiyasının ölkəmizə gətirilməsinə geniş meydan açdı. Ötən 25 ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə 36 milyard dollar sərmayə qoyuldu. Neft kəşfiyyatından, quyuqazmadan tutmuş hasilatadək zəngin tarixi təcrübəsi olan Azərbaycan neftçiləri xarici həmkarları ilə birgə əməkdaşlıq nəticəsində açıq dənizdə dərin qatlardan neft çıxarılması sahəsində uğurlu nəticələr əldə edildi. Azərbaycanda 1997-ci ildə 9 milyon ton neft hasil edilirdisə, bu rəqəm ildən-ilə sürətlə yüksəldi və 2010-cu ildə 51 milyon tona çatdı. Bundan sonra xarici ölkələrin Azərbaycana inamı artdı, ölkəmiz etibarlı tərəfdaş kimi tanındı. 
Ölkəmizdə hasil edilən neftin və qazın əsas hissəsi “Azəri-Çıraq-Günəşli” yataqları hesabına əldə edilməyə başladı. İlk 5 il müddətində “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə etdilər. 1999-cu ilədək neftin satışından gələn gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin sonunda mənfəət nefti xarici bazarlara çıxarıldı. İndiyədək dünya bazarlarında Azərbaycanın payına düşən 287 milyon tona qədər mənfəət nefti satılıb ki, bu da AÇG üzrə indiyədək hasil edilən bütün neftin 58 faizi qədərdir. Mənfəət neftinin həcmi ilbəil artır.
“Əsrin müqaviləsi”nin uğurla gerçəkləşdirilməsi Azərbaycana indiyədək 143 milyard dollar gəlir qazandırıb. Layihə üzrə bu vaxtadək 492 milyon ton neft, 161 milyard kubmetr qaz hasil edilib. Hazırda neft sənayesində sutkalıq hasilat 765 min barellə çatır. İlin əvvəlindən “Əsrin müqaviləsi”nin bağlandığı ildəkindən iki yarım dəfə çox--25,1 milyon ton neft çıxarılıb.
Yeni neft strategiyasının ən böyük nailiyyətlərindən biri də odur ki, onun əsas sənədi olan bu saziş yalnız AÇG yataqlarının işlənməsi ilə məhdudlaşmadı. Layihənin icrası mühüm infrastrukturların yaradılmasını da təmin etdi. İlk növbədə, neftin dünya bazarına nəqli şaxələndirildi. 2005-ci il may ayının 28-də Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri işə salındı. “Əsrin müqaviləsi” Azərbaycanın qlobal enerji bazarlarında rolunu möhkəmləndirdi, ölkəmizi önəmli enerji dəhlizlərindən birinə çevirdi, gənc müstəqil dövlətimizə böyük nüfuz qazandırdı. 
Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının (AÇG) dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin şərtləri isə qarşıdakı 3 onillikdə də ölkəmizin yüksək iqtisadi mənfəətini təmin edəcək. “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə sazişin uzadılmasında diqqətçəkən bir məqam da odur ki, qlobal investorlar artıq tam əmindirlər ki, Azərbaycan ­Prezidenti İlham Əliyevin rəhbərliyi altında investisiyalar üçün etibarlı və təhlükəsiz ölkə hesab olunur.
“Əsrin müqaviləsi” ilə başlanan neft strategiyasının uğurla reallaşdırılması dünyanın transmilli neft şirkətlərinin Azərbaycana inamını xeyli gücləndirdi. Cənubi Qafqaz Boru Kəməri, Trans Anadolu Boru Kəməri və Trans Adriatik Boru Kəməri kimi layihələrin işlənib hazırlanması Cənub Qaz Dəhlizinin əsasını qoydu. Bu karbohidrogen dəhlizi dünya neft-qaz sənayesində ən mühüm və ən iddialı layihələrdən biridir. Bu möhtəşəm layihə çox sayda müxtəlif maraqlı tərəfləri – o cümlədən 7 ölkəni və 11 şirkəti özündə birləşdirən kompleks bir iqtisadi-sosial platformadır.
Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.
Ulu öndərin müəllifi olduğu neft strategiyasının icraçısı olan ARDNŞ hazırda regional və qlobal əhəmiyyətli layihələr həyata keçirir, ölkəmizin iqtisadi inkişafına mühüm töhfələr verir. Yeni yataqların kəşfi və istismarı sayəsində Azərbaycanın enerji ehtiyatları artır və bununla da ölkəmizin ixrac imkanları genişlənir. Yeni yataqların istismarı, regional və qlobal əhəmiyyətli digər layihələrin gerçəkləşməsi üçün etibarlı əsas yaraddır.
Göründüyü kimi, Azərbaycanda neftçıxarmanın üçüncü mərhələsi dövlət müstəqilliyi illərini əhatə edir. İndi neft sənayesində texnoloji prosesləri üst-başı mazuta bulaşmış neftçi deyil, ağxalatlı operator idarə edir. Sahənin bütün prosesləri mexanikləşdirilmiş və avtomatlaşdırılmışdır. Azərbaycan neftçiləri yenə də keçmiş SSRİ-də və dünyada peşəkarlıqları ilə öndə gedirdilər. Sahə alimlərinin və mühəndislərinin yerli şəraitin spesifikliyini ardıcıl nəzarətdə saxlaması və neftçilərimizin yüksək peşəkarlığı ölkəmizdə fəaliyyət göstərən xarici şirkətləri tam razı salır. Heç şübhəsiz, bütün bunlar “Əsrin müqaviləsi” ilə başlanan “Yeni neft strategiyası”nın uğurla gerçəkləşdirilməsinin nəticəsidir.

 

Qalib ƏFƏNDİYEV,
AMEA Neft və Qaz İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü 

 

 

21 2019 10:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə