Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Çin iqtisadiyyatına 1,7 milyard dollar sərmayə yatırıb

Azərbaycan Çin iqtisadiyyatına 1,7 milyard dollar sərmayə yatırıb

Çin Azərbaycan iqtisadiyyatına 800 milyon ABŞ dollarından çox, Azərbaycan isə Çinə 1,7 milyard dollar investisiya yatırıb.
Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun Azərbaycana səfəri çərçivəsində “SINOMACH Group”un marketinq direktoru, “China CAMC Engineering” şirkətinin prezidenti Luo Yanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Nazir L.Canşunun Azərbaycana səfərinin mühüm əhəmiyyətini, Azərbaycan-Çin əlaqələrinin davamlı inkişafını diqqətə çatdırıb. Ş.Mustafayev Azərbaycan və Çin dövlət başçıları arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında fəal dialoqun əsasını təşkil etdiyini və ikitərəfli əməkdaşlığın genişləndirilməsində mühüm rolunu vurğulayıb. Prezident İlham Əliyevin Çinə səfərləri, bu ilin aprelində Pekində keçirilən II “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı, Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü və forum çərçivəsində imzalanan sənədlər əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
“Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika və sair sahələrdə uğurlu əməkdaşlıq edir. Ölkəmizdə 119 Çin kapitallı şirkət fəaliyyət göstərir. Bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 2,3 dəfə artaraq 1,4 milyard ABŞ dollarından çox olub. Qarşılıqlı investisiya əlaqələrimiz genişlənir. Çindən Azərbaycan iqtisadiyyatına 800 milyon ABŞ dollarından çox, Azərbaycandan isə Çinə 1,7 milyard dollar sərmayə yatırılıb”, - deyə nazir bildirib.
“Bununla belə, qarşılıqlı sərmayə qoyuluşları, ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar mövcuddur və bu istiqamətlərdə davamlı olaraq tədbirlər həyata keçirilir. Hazırda Çində Azərbaycanın 2 şərab və 1 ticarət evi fəaliyyət göstərir. Çində Azərbaycanın daha 3 ticarət və 1 şərab evinin açılması nəzərdə tutulur. Azərbaycan istehsalçıları mütəmadi olaraq Çində keçirilən beynəlxalq sərgilərdə iştirak edir, bu ölkəyə ixrac missiyaları təşkil olunur. Ötən il ölkəmiz Birinci Çin Beynəlxalq İdxal Sərgisində vahid ölkə stendi ilə böyük çeşiddə məhsullarını nümayiş etdirib. Bu il təşkil olunacaq İkinci Çin Beynəlxalq İdxal Sərgisində də Azərbaycan şirkətlərinin iştirakı nəzərdə tutulur. Aparılan işlər Azərbaycan məhsullarının Çində daha çox tanıdılmasına imkan yaradır”, - deyə Ş.Mustafayev əlavə edib.
Sənaye sahəsində əlaqələrdən danışan nazir “China CAMC Engineering” şirkəti ilə Azərbaycan şirkətləri arasında bu gün imzalanan sənədlərin də uğurlu əməkdaşlığın nəticəsi olduğunu vurğulayıb, bu sənədlərin böyük həcmli investisiya qoyulması, minlərlə yeni iş yerinin yaradılmasına imkan yaratdığını qeyd edib.
“SINOMACH Group”un marketinq direktoru, “China CAMC Engineering” şirkətinin prezidenti L.Yan Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəsi ilə Azərbaycan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycandakı əlverişli investisiya mühiti və biznesə yüksək dövlət dəstəyi özəl sektorun inkişafına, investisiya qoyuluşuna geniş imkanlar açır.
Rəhbərlik etdiyi şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verən L.Yan “SINOMACH Group”un "Fortune Global 500" dünyanın ən böyük şirkətlərinin illik reytinqində 250-ci yerdə qərarlaşdığını, sənaye, xüsusilə maşınqayırma, kənd-təsərrüfatı və digər sahələrdə böyük təcrübəsinin Azərbaycanda tətbiq etməyə hazır olduğunu qeyd edib.
Görüş çərçivəsində qarşılıqlı investisiyaları cəlb etməklə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, kənd təsərrüfatı təyinatlı maşın və avadanlıqların istehsalı, logistika və digər xidmət sahələri üzrə Aqrar-Sənaye Parkının yaradılması barədə "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə “China CAMC Engineering” şirkəti arasında anlaşma memorandumu, Azərbaycanın "AS İnvestment" şirkəti və “China CAMC Engineering” arasında mühəndislik, inşaat və təchizat müqaviləsi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə “China CAMC Engineering” şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.  

 

AZƏRTAC

21 2019 10:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə