Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hakimiyyət iddiasında olanlar: İnsanı övladından yaxşı kim tanıyar?

Hakimiyyət iddiasında olanlar: İnsanı övladından yaxşı kim tanıyar?

Xarici olkələrdə yallanan müxalifət tiplərindən fərqli olaraq, Azərbaycana, onun hakimiyyətinə hörmət edən gənclərimiz saysızdır. Bu gənclərdən biri--müxalifətçinin övladı olanda onun fikirlərinə daha diqqətlə yanaşmaq istəyi artır. Fuad Qəhrəmanlının hazırda Hollandiyada yaşayan qızı Selcan Yağmur sosial şəbəkə hesabında paylaşdığı fikirləri ilə nəinki sosial şəbəkəni, saytları, hətta “cəbhəçiləri” də silkələyib.

S.Yağmur Azərbaycan siyasətində “yetərli bir yeri olan”, “ana müxalifət” partiyasının sədr müavini, tribunalarda insan haqlarından danışan, hətta qadın haqları mövzusunda belə kimsəyə aman verməyən Fuad Qəhrəmanlının evində qızının dizini, arvadının barmaqlarını sındırmış, şiddətin xüsusi sadist növünü tətbiq edən olduğunu deməyi özünün sosial borcu hesab edir.

“Bu yazını AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı kimi yox, bir insan kimi yazıram. Çünki həmişə düşünmüşəm ki, “mənim şəxsi fikrimdən kimə nə?” Amma müəyyən sosial məsələlər mənə elə toxunur ki, onlara Selcan kimi yox, bir insan kimi fikir bildirməyi özümə borc bilirəm. Onsuz da, əgər bu yazını özümü ələ alaraq yazsam, dəhşətli emosional, qəzəbli bir yazı olacağını bilirəm. Çünkii qorxulu bir ailədə böyümək, insanın içinə deyilməsi mümkün olmayan duyğular yükləyir. Bir də onu bilirəm ki, bu yazıya görə hətta mütərəqqi insanlar tərəfindən də qınanacağam. Çünki atam olan adamı, anamın barmaqlarını sındırdığı xatirələri bağışlamalıyam. Çünki o evə çörək gətirib, məni böyüdüb... filan. Amma məncə, mənə elə gəlir ki,bu məsələlər sosial borcdur, mənim şəxsi ailəvi problemim yox”!

Bu fikirlərin üstündən sükutla keçmək mümkünsüz. Selcanın yazdığığını oxuduqca insanı dəhşət bürüyür: barbarlıq bu qədərmi? Qansızlıq bu dərəcədəmi? İnsan cildindən çıxmaq və caniyə çevrilmək belə asanmı? Özü də kim? – Xalqa demokratiyadan “dərs” deyən, hakimiyyətə sahiblənmək istəyənlərin silahdaşlarından biri. S.Yağmur bu ailə dramını – əslində cəmiyyət üçün çox təhlükəli bir insanın xarakterini elə mükəmməl ştrixlərlə verir ki, əlavə şərhə ehtiyac duyulmur. Anasının atasından boşanmaq istəyinin qarşısını F.Qəhrəmanlı müxtəlif üsullarla alır: “Anamın boşanmasının( çox iyrənc səbəbləri var, sadəcə bu səbəblər insanın şəxsi məsələsidir) qarşısını müəyyən əlaqələri sayəsində, yüz cür təhdidlə, şantajla alması; azadlıqdan danışan adamın evində, qəribə bir şəkildə təsvir etməyə gücüm yetməyən bir cəhənnəm mühiti olması; şiddətin ağlagəlməz və kreativ həddi; anamın və bacımın bədənindən zamanla silinmiş izlər və bütün bunların üzərinə, “mənimlə şəkil paylaşın “Facebookda” deyə gələn tamam ayrı kateqoriyadaki zorakılıq dalğası... Bunlar bir siyasətçinin ailəsi barədə bilinməli olan şeylərdir. Bunları, əslində, çox adam bilir. Anama qırx dəfə qolundakı, üzündəki izlərin nə olduğunu soruşan adamlar da, tipik “qapıya dəymişəm” cavabını 3-cü dəfədən artıq eşidəndə, mövzunun nə olduğunu anlayıblar. Hətta bəziləri birbaşa mövzunun içində olub, Səadət Cahangir kimiləri və o adamlar da anama ağıllı qadın olmaqla, susub siyasi prosesi düşünüb, boşanaraq Qəhrəmanlının reputasiyasını korlamamaqla bağlı gözəl məsləhətlər veriblər, anamın adını psixoloji xəstəyə qədər çıxarıblar. Onun qolunda hələ də izi qalan, yenə necə yarandığını başa salmağa gücümün yetmədiyi o yaranı görəndə “sən də az deyilsən də, Zümrüd, dilinə yiyə dur”– kimi bir şey dediyini özü də danmaz. Hətta Əli Kərimli psixoloqluq edərək, anama başa salıb ki, kişilər belə olur, dözmək, gələcəyi düşünmək lazımdır, uşaqlarınız var, "onsuz da 40 yaşından sonra boşanıb nə edəcəksiniz ki?” Bəs siz Əli Kərimlinin “qonşu arvad” rolunda bu qədər bacarıqlı olduğunu bilirdiniz? Adam az qalırdı desin ki, “çörəyini verir, sus otur”.

F.Qəhrəmanlının qızı atasıgilin toplandığı cəbhənin iyrənc yer olduğunu vurğulayıb: “Əli Kərimli evdə necə bir vəhşilik etdiyini dəqiq bildiyi adamı, sağ yanında saxlayır, – bunu başa düşdüm, kadr yoxdur – amma adam canini yox, qurbanı qınayır ki, “siz düz etmirsiniz”. Qalanlar da, anama necə “yaxşı at özünə qamçı vurdurmaz”ı öyrədir, sonra da yığışıb hakimiyyətin insanları əzməyindən, ədalətdən danışırlar; hələ bütün bunları bilən adamlar, “niyə uşaqlar “Yağmur” soyadından istifadə edirlər?” – deyə gileylənir, müavinlərinin qəzəbini itiləyib, “hamı deyir ki, o evdə Fuadı saymırlar” başlıqlı motivasiya çıxışı edərək, növbəti zorakılıq dalğası üçün Qəhrəmanlını evimizə göndərir, həyatımızı bir gün daha qorxu filminə çevirirlər”.

Gənc bir qızın suallarına onlar cavab verə bilməzlər. Selcan heyrət içində üzünü müxalifət “qəhrəmanlarına” tutaraq yazır: “Adam bu qədər necə iyrənc olar axı? Siz bir partiyada necə bir araya gəlibsiniz? Ortadaki bu əxlaqsızlıq potensialı gözümü yaşardır, vallah. Biz  2009-ci ildən bəri bu cür tük ürpərdən bir durumun içindəyik. Hər gün hər gün şiddət, qan, təhdidlər, sınan sümüklər... Bütün bunlar ona görə idi ki, anam bu adamın iki kateqoriyadaki iyrənc əməllərinə göz yumsun və boşanmasın. Amma indi durum dəyişib, ikimiz də elə yaşdayıq ki, “uşaqları səndən alacam” mövzusu işləmir, adam da elə vəziyyətdədir ki, unikal təhdidləri bu dəqiqə işə yaramır. Boşanma ərizəsi də verilib, bir neçə aya boşanma baş tutacaq”, – deyə o bildirib.

F.Qəhrəmanlının qızı atasından imtina etdiyini də açıqlayıb: “Amma bütün bunlardan əvvəl, açıqlamaq istəyirəm ki, mən atamdan imtina edirəm. Başqasında bağışlamayacağım şeyi, sırf eyni müqəddəs qana sahibik deyə, öz atamda bağışlayası deyiləm”. Hər şey ola bilər, amma ailəsinə şiddət tətbiq edən, qızının dizini sındırıb sonra “anan danışmasaydı, mən belə əsəbi olmazdım” – deyə heç bir şəkildə peşmançılıq yaşamayan, hələ ailəsindən kənarda necə iyrənc əməllərə imza atmış bir adamın adı, mənim adımın üzərində ola bilməz. “Fuad Qəhrəmanlının qızı” kimi anılmaq istəmirəm”.

Qeyd edək ki, F. Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur qızının bu bəyanatı ilə bağlı deyib: ”Qızıma heç kim təzyiq edə bilməz. Mən onun arxasındayam”.

Hakimiyyətə hərisliyə baxın. Belələrinin xalqa rəhbərlik iddiasında olmasını nəinki həzm etmək, düşünmək belə ağırdır. Doğma övladına işgəncə vermək, tribunalardan alovlu çıxışlar və ətraflarına topladıqları beş-on nəfərə verdikləri vədlərlə bir araya sığmır. Bunlar isə Əli Kərimlinin kimlərə rəhbərlik etdiyini aydın göstərir. 

 

“Xalq qəzeti”

20 2019 16:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə