Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Başqalarının taleyi ilə oynamaq üçün axtarışda olmayın

Başqalarının taleyi ilə oynamaq üçün axtarışda olmayın

“Duyğularınıza diqqət edin – düşüncənizə çevrilir, düşüncənizə diqqət edin – fikrinizə çevrilir, fikrinizə diqqət edin – nitqinizə çevrilir, nitqinizə diqqət edin – hərəkətinizə çevrilir, hərəkətinizə diqqət edin – xarakterinizə çevrilir, xarakterinizə diqqət edin – o sizin taleyinizə çevrilir.” – Hind mütəfəkkiri Mahatma Qandinin bu sözlərini eşidəndən dil əzbəri et­mişəm. Tanrı sonunu xeyir eləsin, özünü, sözünü bilənlərin hamısının günahlarını bağışlayıb, yeni günahlardan qorusun!

Dünəndən bəri sosial mediada müxalifətin radikal qanadının öndə gedən isimlərindən birinin ailəsində baş verənlər öz övladları tərəfindən ictimailəşdirilib, tirajlanmaqdadır. Əlbəttə, hər bir ailədə söz-söhbət ola bilər, insanıq, yanlışımız-doğrumuz ola bilər, əsəbi, gərgin məqamlar yaşana bilər – buna görə kimisə qınamaq bizlik deyil və mən hətta sözü­gedən ailə başçısının və onun övladının adını belə bu yazıda çəkməyə ehtiyac duy­muram. Həm də ona görə ki, onlara əks siyasi qurum, quruluş təmsilçilərini olmazın sözlərlə tənqid və təhqir edən bir deyil, beş deyil... Dünən belə, bugün betər... bəs sabah?!. Bir dəfə oldusa təsadüf deyilə bilən olay, təkralanınca tendensiyaya dönür, yenə təkrarlanırsa, artıq hansısa qanu­na­uy­ğunluqdan xəbər verir. Hərçənd qanun və uyğunluq sözü özündə müsbət emosiya daşıyır, lakin mənfi yönlü gedişatda da bu sözə müraciət edirik. Olayın iki dəfədən artıq təkrarlanması halı artıq qarşı­sı­alınmaq xassəsinin mürəkkəbliyindən, geridönüşün çətinli­yindən xəbər verir və məhz qanunauyğunluq şəklində ifadə olunur.

Bəli, bir radikal müxalifət partiyasının ikinci şəxsi öz tələbə övladı tərəfindən şiddətdə, (deyil­məsi, yazılması, tirajlanması belə asan olmayan yaramaz əməllərdə) ittiham olunur; ata durub, övladının profilinin oğurlandığını yazır, övlad təkzib edir, ata həm öncəki reaksiyada, həm sonrakı reaksiyada bu olayı iqtidarın üzərinə daşımağa cəhd edir, barmaq tuşlayır, “it­tiham edir”, acığını yenə onunla eyni siyasi düşərgəni bölüşməyənlərdən (hətta, müəyyən qədər bölüşənlərdən də!) çıxmağa çalışır; tələbə qızına iqtidar tərəfdən təzyiq edildiyini, öyrədildiyini deməyə cəhdlər edilir. O isə, “mən Azərbaycanda deyiləm, heç bir təsir-zad da yoxdur”- deyə cavab verir.

Bax, bu nədir? Bu nə barmaq tuşlamaqdır? Bu nə hərzə-hədyanlıqdır? Bu nə hayta, bu nə qoltuğunda çörək gəzdirməkdir? Evin tikilsin sənin, hələ bir evinin içini şənləndir, ailəndə ağız şirinliyi yarat, dilin topuq çalmasın, özünə gəl; barı bu günlərdəsə, öz yanlışlarını, öz günahlarını, öz qaranlıqlarını siyasi rəqiblərinin üzərinə daşımaq kimi mənasızlığa əl atma!

Bax, biz sizdən fərqli olaraq, sənin bu halına sevinə və bundan son siyasi vasitə kimi istifadə etmirik. Bir azərbaycanlı kimi, öncə həyat yoldaşından,  qız övladından üzrxahlıq et, ədəb-ərkanın olsun!

 Heç kəsə sirr deyil ki, tez-tez müxalif fikirli, yaxud uzun müddət müxalifətdə olmuş insanlar tərəfindən radikallara ünvanlanmış “mən sizin quracağınız cəmiyyətdən qorxuram”, “nə yaxşı, siz iqtidarda deyilsiniz”-- kimi nidalar eşidilir, yazılır. Və budur, yenə “qarğış” alqışa qarışıb...

Yəqin iqtidara gəlmiş olsaydınız, ilk işlərinizdən biri Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini dayandırmaq olardı, eləmi? Bəlkə, Milli Məclisin sədr müavini, İnsan hü­quqları üzrə müvəkkil, qadın rektorlar, qadın deputatlar, digər mühüm vəzifələrdəki xanı­m­lar tək-tək təsbit edilib, həmən vəzifələrdən alınacaq, sıxma-boğmaya salına­caq­dılar?

Məmurlardan kiminsə övladı bir xəta edərkən (əlbəttə. belə olaylara haqq qazan­dırmırıq) bunu bütün iqtidar mənsublarına aid etdiyinizi xatırlayırsınızmı? Qa­rışqanı fil etdikləriniz yadınız­dadırmı? Bu, son olsun daha. Həyasızca axını, abırsızca gedişi dayandırmaq lazımdır. Siyasi darlığınız fəlakət deyil, könül darlığı olmasın barı. Sizinlə eyni siyasi nitqi, üslubu paylaşmayanları aşağılmaqdan çəkinin.

Kiçik məsləhətim: duyğularınıza diqqət edin, o artıq tale­yinizə çevrilmişdir. Heç olmasa, başqalarının taleyi ilə oynamaq üçün axtarışda olmayın...

 

Əkbər QOŞALI,
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri

20 2019 14:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə