Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əsrin müqaviləsi” – uğurlu yolun başlanğıcı

“Əsrin müqaviləsi” – uğurlu yolun başlanğıcı

Bu gün Azərbaycan xalqının müasir tarixində ­xüsusi əhəmiyyəti olan “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi tamam olur. Qocaman neftçi-alim, texnika elmləri üzrə fəlsəfə doktoru Baba Əhmədli bu mühüm hadisə ilə bağlı öz fikir və düşüncələrini ­oxucularımızla bölüşdü: 
– Mən yarım əsrdən çox ölkəmizin neft maşınqayırma sənayesi müəssisələrində çalışmışam. Bir müddət ali təhsil ocaqlarında pedaqoji fəaliyyətlə də məşğul olmuşam. Demək istəyirəm ki, neft sənayesi mənim üçün doğma sahədir. 

Əlbəttə, 25 il əvvəl ulu öndər Heydər Əliyevin müdrik liderliyi ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan üçün olduqca böyük əhəmiyyət kəsb edirdi. Dahi siyasətçi dünyanın aparıcı dövlətlərini və şirkətlərini inandıra bildi ki, müstəqil Azərbaycan dövləti etibarlı tərəfdaşdır. Həyat bu həqiqəti tamamilə təsdiq etdi. 
Fikrimcə, “Əsrin müqaviləsi” ölkəmizin tərəqqisi sahəsində böyük uğurlu yolun başlanğıcı idi. Bu tarixi sənəddən sonra daha 35 saziş bağlandı. Bu sənədlərin iqtisadi əhəmiyyəti odur ki, ölkəmizdə neft hasilatı 13-14 il ərzində 5,6 dəfə artdı. 2010-cu ildə neft istehsalı 51 milyon tona çatdı. Bu, son dərəcə böyük uğur idi! 
Artıq 20-ci ildir ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. 2019-cu il sentyabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 287 milyon tona qədər “mənfəət nefti” satılmışdır ki, bu da AÇG üzrə indiyədək hasil edilmiş bütün neftin 58 faizi qədərdir. 
“Əsrin müqaviləsi”nin ən böyük nailiyyətlərindən biri də odur ki, bu müqavilə yalnız AÇG yataqlarının işlənməsi ilə məhdudlaşmadı. Azərbaycan neftini dünya bazarlarına çıxarmaq üçün Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri inşa olundu. 2019-cu il sentyabrın 1-dək dünya bazarlarına 554 milyon tona qədər Azərbaycan nefti çıxarılıb ki, bunun da 158 milyon tonu Bakı–Supsa, Bakı–Batumi, Bakı–Novorossiysk kəmərləri və dəmir yolu ilə, 396 milyon tonu isə Bakı–Tbilisi–Ceyhan kəməri ilə nəql edilib. Görürsünüzmü, bu sahədə nə qədər möhtəşəm infrastruktur yaradılıb. 
Bu gün Azərbaycan yüksək tərəqqi etmiş bir məmləkətdir. Bunları görmək, müşahidə etmək hər kəsə, o cümlədən biz neftçilərə son dərəcə böyük sevinc və qürur bəxş edir. 

 

Söhbəti qələmə aldı: 
M.HACIXANLI,
“Xalq qəzeti”

 

20 2019 14:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə