Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əsrin müqaviləsi” regionun enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişib

“Əsrin müqaviləsi” regionun enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişib

Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir.
Heydər ƏLİYEV
Ümummilli lider


25 il əvvəl Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalandı və o, sonralar “Əsrin müqaviləsi” adını aldı. Lakin bu uğurun əldə edilməsi o qədər də asan olmadı. Belə ki, xalqımızın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Müstəqilliyimizin itirilməsi təhlükəsini sovuşduran ümummilli lider ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı.
Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla reallaşdırılmasının ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya dururdu: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”. 

Prezident İlham Əliyevin iştirakçısı olduğu bütün görüş və danışıqlar məhz milli maraqları təmin etmək devizi altında keçirilirdi. Əlbəttə, çətinlik və maneələr də olurdu. Xatırladaq ki, “Əsrin müqaviləsi” ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olurdu, müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. Həmin anı cənab İlham Əliyev belə xatırlayır: “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”. Bütün çətinliklərə, problemlərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı.
Beləliklə, 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarındakı neftin birgə işlənməsi haqqında “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi” Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilib və 1994-cü il dekabr ayının 12-də qüvvəyə minib. İlk dəfə hesablanan çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olub, sonralar qiymətləndirici quyuların nəticələrinə görə, bu ehtiyat 730 milyon tona çatıb və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilib; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80 faiz, sərmayəçilərin payına 20 faiz düşüb. 
“Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. 
Müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olub. İmzalanan neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulan 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilib. 
“Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yaranıb və geniş həcmdə işlərə başlanılıb. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində “Çıraq-1” özülü qərb standartlarına uyğun olaraq bərpa olunub və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernləşdirilərək yeni qazma avadanlıqları ilə təchiz edilib. Yeni qazma qurğusu laylara horizontal quyuların qazılmasına imkan verib. Maksimal mailliklə qazılan istismar quyuları böyük neft hasilatı ilə işə düşüb və 1997-ci ildə “Çıraq” yatağından neft hasilatına başlanılıb. 
1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulan ilk tanker dünya bazarlarına çıxarılıb. Bu neftin satışından əldə edilən valyuta ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil edilməyə və xalqa fayda verməyə başlayıb. 
“Əsrin müqaviləsi”nin bağlanması ilə Azərbaycanda neft sənayesi yeni inkişaf mərhələsinə daxil olub. Neft-qaz sektorundan əldə edilən gəlir hesabına qeyri-neft sahəsinin dinamik inkişafı reallaşıb. Bununla əlaqədar bəzi rəqəmlərə diqqət yetirək. Ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına 263 milyard dollar investisiya yatırılıb. Həmin vəsaitin 100,6 milyard dolları məhz neft sektoruna yönəldilib. Bir müddət bundan əvvəl 6 milyard dollarlıq “Azəri-Mərkəzi-Şərqi” layihəsinin təsdiqlənməsi ilə indiyədək təxminən 485 milyon ton neft və 158 milyard kubmetr qaz hasil olunan və 36 milyard dollardan çox sərmayə qoyulan “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsində ikinci mərhələyə başlanılıb.
Ümumiyyətlə, xalqımızın ölkəmizin tarixində mühüm strateji rol oynayan “Əsrin müqaviləsi” Xəzər dənizi hövzəsində beynəlxalq əməkdaşlıq üçün əlverişli zəmin yaradıb, regionun enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişib. Müqavilə çərçivəsində Xəzərin Azərbaycan sektorundakı dərinsulu yataqların işlənilməsi üçün ölkəyə zəruri texnologiyalar, müasir istehsalat üsulları cəlb edilib, kəşfiyyat, hasilat, qazma, neft-qaz emalı və kimyası, informasiya texnologiyaları, insan resursları – bir sözlə, bütün sahələr üzrə innovativ metodlar tətbiq edilib.
İyirmi beş il əvvəl həmin müqavilənin imzalanması bu gün müstəqil Azərbaycanın inkişafını böyük dərəcədə təmin edib. Bu müqavilədən əldə edilən gəlirlər ölkəmizin bütün sahələrində özünü büruzə verir. Ölkə sənayesi müasir tələblər səviyyəsində modernizə edilib, yeni istehsalat sahələri və iş yerləri yaradılıb, qeyri-neft sektoru gücləndirilib. Zəngin tarixə malik neft-qaz sənayemiz öz inkişafının yeni, daha yüksək mərhələsinə qədəm qoyub. Nəticədə, bu gün həyata keçirdiyimiz regional və qlobal birgə layihələrdə bütün istehsalat, inşaat və quraşdırma işləri ölkə daxilində, SOCAR və digər yerli müəssisələr tərəfindən icra olunur.
“Əsrin müqaviləsi”ndə önəmli rol oynayan “Azəri-Çıraq-Günəşli” dünya səviyyəli nəhəng yataqlar blokudur. Xatırladaq ki, 25 il əvvəl onun ehtiyatları 500 milyon ton civarında təxmin edilirdisə, bu gün həmin həcm çıxarıldıqdan sonra yataqda ən azı bir o qədər də karbohidrogen ­ehtiyatlarının qaldığı məlumdur. Layihənin bütün tərəfdaşları bu yatağın işlənməsində iştiraklarından məmnundur və onun böyük gələcəyi olduğuna inanırlar. Azərbaycan bu inamı hələ “Əsrin müqaviləsi” yekunlaşmadan, 2017-ci ilin sentyabrında “AÇG”nin 2049-cu ilin sonuna qədər birgə işlənməsinə dair yeni sazişin imzalanması ilə bir daha təsdiq edib. Bu yeni investisiya sazişi xarici tərəfdaşların Azərbaycana göstərdikləri yüksək etimadın təzahürüdür. 
Yeri gəlmişkən, “Azəri-Çıraq-Günəşli” layihəsi ilə bağlı ən mühüm uğurları da diqqətə çatdırmaq istərdik. Belə ki,1997-ci ilin noyabrında ilk hasilat başlanandan bu ilin ikinci rübünün sonunadək AÇG-dən 488 milyon ton (3,6 milyard barreldən artıq) neft hasil edilib. Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə, təqribən, 3,3 milyard barrel AÇG nefti dünya bazarına göndərilib. Bundan başqa, 2006-cı ildən bəri AÇG nefti ilə yüklənmiş 4300 tanker Ceyhan terminalından yola salınıb.
Onu da qeyd edək ki, hasilatın başlanğıcından cari ilin ikinci rübünün sonunadək 44 milyard kubmetrdən çox AÇG səmt qazı Azərbaycana təhvil verilib. AÇG layihəsinin əsaslı xərcləri bu ilin ikinci rübünün sonunadək 36 milyard dollar təşkil edib. Eyni zamanda, 1994-cü ildə AÇG layihəsi başlanandan cari ilin ikinci rübünün sonunadək BP və onun layihədəki tərəfdaşları tərəfindən Azərbaycanda sosial layihələrə 84 milyon dollar xərclənilib. 

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

20 2019 14:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə