Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Musiqi Festivalı davam edir

Beynəlxalq Musiqi Festivalı davam edir

Xəbər verdiyimiz kimi, sentyabrın 18-dən Azərbaycanda ənənəvi Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı başlamışdır. Festivalın proqramı olduqca zəngindir. Həm paytaxtımızda, həm də bölgələrdə bu münasibətlə tədbirlər dünən də davam etmişdir.

Onu da qeyd edək ki, festivala dünyanın müxtəlif ölkəsindən nümayəndələr qatılmışlar. Onların arasında ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqiçilər və kollektivlər vardır.
Dünən Beynəlxalq Muğam Mərkəzində bu münasibətlə iki tədbir keçirildi. Əvvəlcə Rusiyanın violin ifaçısı, beynəlxalq müsabiqələr laureatı Sergey Doqadinin ustad dərsləri dinlənilmişdir. Sonra isə “Rast dünyası” muğam axşamı tədbiri maraqla qarşılandı. Tədbirdə “Könül” ansamblı və Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və Teyyub Aslanov çıxış etmişlər.
Bakı Musiqi Akademiyasında “Soltan və İsmayıl Hacıbəyovlara ithaf” adlı bəstəkarların əsərlərindən ibarət konsert təşkil edildi. Konsertdə gənc dirijor Orxan Həşimov, Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu, Ülviyyə Hacıbəyova (piano), Yeganə Axundova (piano), Gülnaz İsmayılova (vokal), Səidə Tağızadə (piano), Nəzakət Rimazi (piano), Fəridə Məmmədova (vokal), Elnarə Kəbirlinskaya (piano), Tatyana Qarayusifli (piano), Aytac Rzaquliyeva (piano) iştirak etmişlər.
"Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. "Koroğlu” operası ötən əsrin otuzuncu illərinin sonlarında Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə tamaşaya qoyulub. Dünən isə Dövlət Akademik Opera və Balet Teatrında festival çərçivəsində Ü.Hacıbəylinin “Koroğlu” üçpərdəli operası nümayiş olunmuşdur. Baş rolu Əməkdar artist Ramil Qasımov ifa etmişdir.
Maraqlı tədbirlərdən biri də Kamera və Orqan Musiqisi zalında “Qədim Avropaya səyahət” adlı musiqi gecəsi olmuşdur. Gecədə “D`accordo” barokko ansamblı tərəfindən Bokkerini, Sammartini, Ramo, Teleman və başqa bəstəkarların əsərləri ifa edildi.
M.F Axundov adına Milli Kitabxanada isə “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” mövzusunda açılan kitab sərgisi bir neçə gün davam edəcək.

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

 

 

 

20 2019 11:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə