Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əsrin müqaviləsi” ölkəmizdə sabitliyə, davamlı inkişafa və sosial rifaha yol açıb

“Əsrin müqaviləsi” ölkəmizdə sabitliyə, davamlı inkişafa və sosial rifaha yol açıb

Azərbaycan uzun illər özünün təbii sərvətlərindən tam yararlana bilməyib. Ancaq müstəqillik əldə edildikdən sonra xalqımız öz taleyinin sahibi olub. Bununla da, təbii sərvətlər ölkəmizin inkişafına, xalqın rifahının yaxşılaşmasına yönəldilib. İyirmi beş il əvvəl Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) imzalanması (“Əsrin müqaviləsi”) bunun parlaq ifadəsinə çevrilib. 

Burada bir tarixi məqamı da qeyd etmək istərdim. Azərbaycan neftinə maraq göstərən xarici neft şirkətləri ilə hələ ötən əsrin 80-ci illərinin axırlarından aparılan danışıqlar artıq 1993-cü ilin yazında başa çatmaq üzrə idi. Həmin dövrdə Azərbaycan elə bir müqavilənin imzalanmasına yaxınlaşmışdı ki, o nəinki xalqın mənafelərini nəzərə alır, hətta ölkənin qiymətli təbii sərvətini talan edərək iqtisadiyyata böyük ziyan vururdu. Yalnız dahi rəhbərin hakimiyyətə qayıdışı ölkəmizin siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Neft müqaviləsi üzrə müzakirələrə faktiki olaraq yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.
Neft müqaviləsi üzrə müzakirələrin elə ilk günlərindən bu prosesin fəal iştirakçılarından olan ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev əmin idi ki, yeni tarixi bir sənədin imzalanması ilə Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm bir mərhələ başlayacaq:“Sazişlərin həyata keçirildiyi dövrdə neft sənayesinin infrastrukturu xeyli dərəcədə təzələnəcək və neft sənayemizin yeni, güclü infrastrukturu yaranacaqdır. Ölkə iqtisadiyyatının digər sahələrinə sərmayələr axını təmin ediləcəkdir. Azərbaycan yeni, müasir texnologiyalar əldə edəcəkdir. Xarici şirkətlərin ödədiyi vergilərdən büdcəyə mədaxil xeyli artacaqdır. Müxtəlif sənaye və xidmət sahələrində minlərlə yeni iş yeri açılacaqdır. Azərbaycan neft satışından milyardlarla dollar götürəcəkdir ki, bu da geniş sosial proqramları həyata keçirməyə, əməkhaqqını və pensiyaları artırmağa, imkansız ailələrə, müharibə əlillərinə və qaçqınlara daha da çox kömək etməyə imkan verəcəkdir. Nəticədə, güclü iqtisadi potensial yaradılacaq və bu da ölkənin müstəqilliyini bundan sonra da qoruyub möhkəmlətməyə imkan verəcəkdir”.
“Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövrdə Azərbaycan bir sıra iqtisadi uğurlar əldə edib. Neft hasilatı ölkəmizin tarixində ən aşağı səviyyədən-- 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatıb. Bununla da, neft hasilatı 5,6 dəfə artıb. 
Hazırda respublikada hasil edilən neftin və qazın əsas hissəsi “Azəri-Çıraq-Günəşli” yataqları hesabına əldə edilir. Artıq 20-ci ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. 1999-cu ilədək neftin satışından gələn gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin dekabrından Azərbaycanın “mənfəət nefti” xarici bazarlara çıxarılır. Bu il sentyabrın 1-dək isə dünya bazarlarında Azərbaycanın payına düşən 287 milyon tona qədər “mənfəət nefti” satılıb ki, bu da AÇG üzrə indiyədək hasil edilən bütün neftin 58 faizi qədərdir. Mənfəət neftinin həcmi ilbəil artır.
“Əsrin müqaviləsi”nin ən böyük nailiyyətlərindən biri də odur ki, bu saziş yalnız AÇG yataqlarının işlənməsi ilə məhdudlaşmadı. Layihənin icrası bir sıra mühüm infrastrukturların gerçəkləşməsini şərtləndirdi, o cümlədən, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri işə salındı. Bu kəmər 2005-ci il may ayının 28-də istismara verildi, 2006-cı il iyulun 13-də isə onun rəsmi açılışı oldu.
“Əsrin müqaviləsi” Azərbaycanın qlobal enerji bazarlarında rolunu möhkəmləndirdi, ölkəmizin enerji dəhlizi kimi tanınmasına güclü təkan verdi, dövlətimizə böyük nüfuz qazandırdı. Bu müqavilə Azərbaycanın kommersiya maraqlarını təmin etməklə bərabər, eyni zamanda, respublikamızda dayanıqlı iqtisadi inkişafın əsasını qoydu, neft gəlirləri hesabına əhalinin sosial şəraiti yaxşılaşdı, yeni iş yerləri açıldı, yoxsulluq probleminin həlli istiqamətində müsbət dəyişikliklər baş verdi.
Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının (AÇG) dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin şərtləri isə deməyə əsas verir ki, növbəti 32 il ərzində AÇG-nin ölkəmizə verəcəyi iqtisadi mənfəət maksimum həddə olacaq. Bununla bərabər, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamı daha da güclənəcək. 
“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə sazişin uzadılmasında diqqətçəkən bir məqam da odur ki, qlobal investorlar artıq tam əmindirlər ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında investisiyalar üçün etibarlı və təhlükəsiz ölkə hesab olunur.
“Əsrin müqaviləsi”nin Azərbaycanın həyatında taleyüklü rol oynaması barədə Prezident İlham Əliyevin bir fikrini xatırlatmaqla qeydlərimi yekunlaşdırmaq istərdim. Dövlətimizin başçısı çıxışlarının birində bununla bağlı deyib: “Bu gün “Əsrin müqaviləsi”nin nəticələri, sadəcə olaraq, Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir”.

 

Şahmar HÜSEYNOV,
“Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin rəisi

 

20 2019 11:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə