Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan üçün ictimai, siyasi və iqtisadi əhəmiyyətli müqavilə

Azərbaycan üçün ictimai, siyasi və iqtisadi əhəmiyyətli müqavilə

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında kontrakt imzalandı və “Əsrin müqaviləsi” kimi tarixə düşdü. Dövlət müstəqilliyini yeni bərpa etmiş respublikamızın çətin və ağır dövründə bu müqavilənin imzalanması ona hazırlıq dövrü çox böyük siyasi təcrübə, uzaqgörənlik və iradə tələb edirdi. Məhz bu keyfiyyətləri özündə ehtiva edən şəxs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması danışıqların uğurla başa çatmasını və “Əsrin müqaviləsi”nin imzalanmasını təmin etdi.

Danışıqlar prosesinin müsbət nəticələnməsində nümayəndə heyətimizin üzvü, o vaxt ARDNŞ-in xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində işləyən cənab İlham Əliyevin xüsusi rolu olmuşdur. Müqavilənin bağlanılmasına hazırlıq dövrü haqqında Prezident cənab İlham Əliyevin sonradan dediyi bu fikirləri daha aydın təsəvvür yaradır: “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”. Nəticə etibarilə, bütün çətinliklərə baxmayaraq, “Əsrin müqaviləsi” Azərbaycan xalqının milli mənafeyinə uyğun hazırlandı və imzalandı.
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanmasından 25 il ötür. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli sərəncamına əsasən, hər il 20 sentyabr Azərbaycanda neftçilərin peşə bayramı kimi qeyd olunur.
Karbohidrogen ehtiyatlarının, həm də qoyulan sərmayələrin həcminə görə dünyanın ən iri sazişləri sırasına aid edilən “Əsrin müqaviləsi” Azərbaycan üçün ictimai, siyasi və iqtisadi əhəmiyyət daşıyırdı.
Müqavilənin imzalanması və icrası, ilk növbədə, Azərbaycanın müstəqil dövlət və etibarlı tərəfdaş olduğunu göstərdi. Dünyanın aparıcı dövlət və şirkətləri əmin oldular ki, burada işləmək və ölkəmizə sərmayə qoymaq mümkündür. Təsadüfi deyil ki, bu müqavilə imzalandıqdan sonra xarici şirkətlərlə daha səmərəli şərtlərlə irimiqyaslı müqavilələrin bağlanılması davam etdirildi. Azərbaycanın iştirakı ilə reallaşdırılan TANAP, TAP və “Şahdəniz” layihələri respublikamızın dünyaya inteqrasiya olunması, tanınması ilə yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm və etibarlı tərəfdaş olduğunu təsdiq etmişdir.
Bu gün SOCAR kimi tanınan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dünya standartlarına cavab verən, böyük layihələr həyata keçirən müasir bir şirkətə çevrilmişdir. SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr Azərbaycanın ictimai, siyasi və iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edir.
Dünyanın iri neft şirkətləri ilə bir sıra digər müqavilələrin bağlanılması nəticəsində həmin şirkətlər, o cümlədən onların çoxsaylı podratçı və subpodratçıları Azərbaycanda fəaliyyət göstərməyə başlayıblar. Bu şirkətlərin ölkəmizə gəlişi Azərbaycan iqtisadiyyatının bir çox sahələri ilə yanaşı, sığorta bazarının inkişafına, sığorta xidmətlərinin genişlənməsinə, sığortaçıların peşəkar səviyyəsinin artmasına da təkan vermişdir. Şirkətlərin ölkəmizdəki fəaliyyəti qabaqcıl texnologiyaların tətbiqi, nəqliyyat və xidmətlər sektorunun inkişafı, kadr potensialının artırılması və yeni iş yerlərinin yaradılması üçün geniş imkanlar yaratmışdır.
Ümummilli liderin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli fərmanı ilə neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı respublikamızın əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi məqsədli dövlət qurumu – Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılmışdır. 
“Əsrin müqaviləsi” strateji baxımdan Azərbaycana dividendlər gətilməsində, iqtisadiyyatın yeni strukturunun formalaşdırılmasında, ölkəmizin maliyyə imkanlarının genişlənməsində, valyuta ehtiyatlarının, dövlət büdcəsinin imkanlarının artmasında, eləcə də Azərbaycan vətəndaşlarının layiqli həyat səviyəsinin təmin edilməsində müstəsna rola malikdir. 
Ölkənin gələcək taleyini malik olduğu zəngin təbii sərvətləri ilə yanaşı, elmi-mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Azərbaycanda insan kapitalının davamlı inkişafı istiqamətində çox mühüm tədbirlər görülmüşdür. Bu istiqamətdə silsilə tədbirlərin həyata keçirilməsi məqsədilə müxtəlif dövlət proqramları təsdiq edilmişdir. Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin İKT ilə təmini proqramı (2005–2007-ci illər)”, “2008–2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı” çərçivəsində görülmüş tədbirlər insan kapitalının inkişafında xüsusi əhəmiyyət kəsb edir. 
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında insan kapitalının inkişaf etdirilməsi mərkəzi mövqe tutur. 
Bütün bunlarla yanaşı, SOCAR tərəfindən həyata keçirilən Xarici təqaüd, Daxili təqaüd, Yay təcrübəsi, Yay məktəbi proqramları ilə yanaşı, Bakı Ali Neft Məktəbinin, Kadr Hazırlığı mərkəzlərinin fəaliyyəti, ölkəmizdə və xaricdə təşkil edilən beynəlxalq sertifikatlı təlimlərdə əməkdaşların iştirakının təmin edilməsi və maliyyələşdirilməsi neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində görülən mühüm işlərdəndir. 
Fürsətdən istifadə edib “Əsrin müqaviləsi”nin 25 illiyi, Neftçilər Günü münasibətilə bütün xalqımızı təbrik edir və bildirirəm ki, dövlətimizin və dövlətçiliyimizin qorunmasında mühüm amil olan sabitliyin qorunub saxlanılmasında hər birimiz ayıq-sayıq olmalıyıq. 

 

Asif Bəkirli, 
SOCAR-ın İnsan Resursları Departamentinin rəisi

 

 

20 2019 11:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə