Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nikol Paşinyan Ermənistanı səfalətə və uçuruma sürükləyir

Nikol Paşinyan Ermənistanı səfalətə və uçuruma sürükləyir

2018-ci ildə “inqilab” yolu ilə sadə erməni vətəndaşlarının ölməkdə olan arzuları üzərində hakimiyyətə gələn jurnalist-bloger Nikol Paşinyanın bu günə qədər yürütdüyü siyasətin Ermənistan üçün heç bir perspektiv vəd etmədiyi onun siyasi simasından asılan avantürist yarlığının həqiqət olduğunu göstərir. Çünki Paşinyan baş nazir seçildikdən sonra ali hakimiyyəti ələ alsa da, ölkəyə demokratiya ab-havası gətirdiyini iddia etsə də, vəziyyət heç də ermənilərin ürəyincə deyil. 

Əvvəla, Paşinyan baş nazir olandan sonra hakimiyyət inzibati basqıların dərəcəsini artırmış, həbsolunanlar çoxluq təşkil etmiş, iqtisadi layihələr barədə vədlər boşa çıxmış, uğursuz siyasət sərgilənmişdir. Əvəzində, Ermənistan əhalisi Paşinyandan nə görmüşdür?- Deməli, sınıq-salxaq köçəri yallısı getməyi, işğal edilmiş torpaqlara gələrək, oradan tarixi və hüquqi cəhətdən xülya olan “miatsum” deməklə sərsəm fikirlər səsləndirməsini və keçmiş rəqibləri “qarabağlı” Köçəryan–Sarkisyan cütlüyünü nəzarətdə saxlamaq, onların qohum-əqrəbalarını həbs etdirmək və bu klanı əzmək üçün dəridən-qabıqdan çıxmasını. 
Ona görə də istər Azərbaycanda onun siyasətini diqqətlə izləyənlər, istərsə də, dünyada, lap elə Ermənistanın özündə ünvanına ən sərt ifadələr işlədənlər, “dəli” adlandıranlar haqlı imişlər. Doğrudan da, Paşinyanın apardığı siyasəti sistemləşdirib təhlil edəndə yalnız bu nəticəyə gəlmək olur ki, bu zat verdiyi məsuliyyətsiz bəyanatlar, puç vədlər, demokratiya imitasiyası yaratması, Rusiya və Qərbi aldatmağa cəhd etməsi onun ciddi siyasətçi olmadığını və bu sahəyə təsadüfən gəldiyini arqumentləşdirir. Bütün bu dediklərimizi onun əqli cəhətdən qüsurlu olması haqqında yayılan tibbi sənəd də təsdiqləyir. Belə ki, Ermənistan mətbuatında Nikol Paşinyanın psixiatriya xəstəxanasında müalicə olunması ilə bağlı sənəd yayılıb. Erməni KİV-i xəbər verir ki, yayılan sənəd 1 noyabr 2001-ci ildə Krasnodar şəhər psixiatriya xəstəxanasından Krasnodar Prokurorluğuna göndərilib. Məsələ ilə bağlı Ermənistan hökuməti tələm-tələsik verdiyi açıqlamada yayılan sənədin saxta və baş nazir Nikol Paşinyanla heç bir əlaqəsi olmadığını desə də, fotofakt bunun əksini deyir. 
Bu gün Ermənistanın qeyri-effektiv olan diplomatik gedişləri, beynəlxalq aləmdə öz hakimiyyətinin legitimliyinə və demokratikliyinə dəstəkçi tapmaq istəməsi, baş nazir kimi vəzifəsindən su-istifadəyə yol açması və ölkəni anarxiyaya aparması aydın görünür. Paşinyan erməni xalqının ümidlərini sarsıdaraq, ölkəni bir az da uçuruma doğru yuvarladıb. Paşinyana nə Qərbin, nə də Rusiyanın siyasi dairələrində inamın olmaması onun təzadlı qərarlarının və bəyanatlarının nəticəsidir. Artıq ermənilərin düşünə bilən insanları bu fikirdədir ki, dövlətin rəhbəri ölkəni dirçəltməkdən başqa hər işlə məşğuldur. 
Ermənistana olan münasibətin, iqtisadi maraqların bu il daha çox azalması, xarici siyasətdə uğursuzluqların baş verməsi, ölkədə tüğyan edən demoqrafik böhrana baxmayaraq, N.Paşinyan iqtidarının diqqəti psevdopatriot fikirləri, onun daxili problemlərin həllində xarici qüvvələrin müdaxiləsinin olması, buna qarşı yekdil mübarizə aparmaqla bağlı fikirləri rəsmi Yerevanın “Qarabağ klanı” nı bu bölgədə tamamilə sarsıtmaq və əhalinin diqqətindən yayınaraq öz hakimiyyət müddətini uzatmaqdan başqa bir şey deyildir. 
Onun populist və normal insanlara məxsus əqli imkanlara görə imkansız görünən xülyalarından biri də 2019-cu ildə 2050-ci il hədəflərindən danışması oldu. Bu çıxışı onun siyasətdə naşılığı və narazı erməni elektoratını ümidləndirmək kimi qiymətləndirilir. O, fərqində deyil ki, 2050-ci ilə qədər Ermənistanın və özünün mövcudluğu sual altındadır. Paşinyanın erməni xalqını “barmağına” dolaması təkcə bununla məhdudlaşmır. O, aylıq maaşların 7 dəfə artacağı, 2050-ci ildə Ermənistanın futbol üzrə dünya çempionu olacağı, əhalinin sayının 5 milyona çatacağı, 1,5 milyon yeni iş yerləri açacaqları barədə də gopa basıb. Paşinyanın bu gülünc vədlərindən sonra erməni siyasətçiləri daha heç kimə heç bir vəd vermək istəmir. Çünki onlar düşünürlər ki, Ermənistanın baş naziri əhalidə siyasətçinin necə olması barədə az-çox ciddi təsəvvürü alt-üst edib. Onun bu gülünc bəyanatlarından sonra heç bir erməni siyasətçi əhali ilə dialoqa girmək istəmir, utandıqlarını bildirir. 
Paşinyan administrasiyası 
var gücü ilə dünyaya göstərmək istəyir ki, guya, ölkələri investisiya üçün əlverişli imkanlara malikdir. Lakin Ermənistan mətbuatı bunun əksini yazaraq bildirir ki, dünya dövlətlərinin bu ölkəyə marağı yoxdur. Bu, hər şeydən əvvəl, xarici siyasətin, diplomatik kadrların hansı səviyyədə olduğunun göstəricisidir. 
Bundan əlavə, ölkə vətəndaşlarının hər üç nəfərdən biri yoxsuldur. Bunu erməni hökumət strukturlarının rəhbərləri də öz açıqlamalarında təsdiqləyiblər. Buna görə kasıblar ölkə əhalisinin 29,4 faizini təşkil edir ki, onlardan 1,8 faizi çox yoxsul, 8 faizi isə olduqca yoxsuldur. Ölkə üzrə yoxsulların sayı isə təxminən, 800 min nəfərdir. 
Almaniyanın məşhur “zdf.de” saytı “Armut und Korruption” (Səfalət və korrupsiya) adlı məqalədə yazır ki, hər il 30-40 min gənc Ermənistanı tərk edir. Sovet İttifaqı dağıldıqdan sonra Ermənistanı 16-30 yaş arasında olan 1 milyondan çox gənc tərk edib. Həmin gənclərin simasında Ermənistan həm də gələcəyini itirib. Ən maraqlısı isə odur ki, ermənilər ölkədən qaçır. Ancaq almanlar yazırlar ki, Suriyadan 17 min erməni yaşamaq üçün Ermənistana köçürülüb. Onlar ümid edirlər ki, orada təhlükədən kənar şəraitdə yaşaya bilərlər. Sayt vurğulayır ki, “Transparency İnternational”ın hesabatında (2018-ci il) deyilir ki, Ermənistan korrupsiyaya görə 107-ci yerdə gedir. Efiopiya, Makedoniya və Vyetnamla yan-yana dayanır.
Belə olduğu halda, psixi problemləri olan birisinin Ermənistana rəhbərlik etməsi tarixin ironiyasıdır. Belə bir diletant siyasətçinin baş nazir olduğu ölkənin inkişafı, siyasi, diplomatik və iqtisadi uğurlar əldə etməsi perspektivi yalnız xəyal ola bilər. 

 

Anar TURAN,
“Xalq qəzeti”

 

 

20 2019 11:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə