Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Radikal müxalifətin tör-töküntülərinin son mübarizə üsulu böhtan, təhqir və iftiradır

Radikal müxalifətin tör-töküntülərinin son mübarizə üsulu böhtan, təhqir və iftiradır

Demokratik cəmiyyətin hərəkətverici qüvvələrindən biri də ümumi quruculuğa xidmət edən, problem və nöqsanların aradan qaldırılmasına kömək edən sivil müxalifətin mövcud hüquqi sistem və siyasi əxlaq çərçivəsində fəaliyyətidir. Təəssüf ki, müstəqilliyin ilk illərindən bəri Azərbaycan müxalifəti demokratiyanın bu təməl şərtinə əməl etməyərək yenə də bir sıra ümummilli bəlaların baiskarı olmuş, zaman-zaman pozucu, dağıdıcı rolunu davam etdirməkdədir.
Sovet imperiyasının süqutu prosesində kommunist rejiminə qarşı müxalif mövqe tutmuş idealist-ziyalı dairələrin ümumxalq hərəkatında fəal iştirakı onları suverenliyin bərpasından az sonra hakimiyyətə gətirsə də, səriştəsizlik, yüksək kürsülər uğrunda didişmə, sürətlə milli maraqlardan uzaqlaşma, xarici qüvvələrin əlaltısına çevrilmə AXC–Müsavat cütlüyü adlanan bu iqtidarı bir il tamam olmamış siyasi ­böhranın ağuşunda çıxılmaz vəziyyətə saldı. 

Özlərinə qarşı bir ovuc hərbi müxalifətin qarşısında davam gətirə bilməyən bu başabəla iqtidarın ölkə prezidenti kürsüsündə əyləşmiş lideri Əbülfəz Elçibəy çıxılmaz vəziyyətdə qalıb paytaxtdan ucqara qaçdı. Yerdə qalanlar isə qoşunla Bakıya hücum çəkən polkovnik Surət Hüseynovun ölüm hədəsindən, xalqın qəzəbindən yaxa qurtarmaq üçün ümummilli 
lider Heydər Əliyevi ali hakimiyyətə dəvət etməkdən başqa çıxış yolu tapmadılar.
Böyük xilaskar Heydər Əliyev müstəsna bir məharətlə onların bais olduqları ölkənin parçalanması, müstəqilliyin itirilməsi təhlükəsini aradan qaldırdı, AXC–Müsavat funksionerlərini isə Surət Hüseynovun dar ağacı təhdidindən qurtardı. Gözləmək olardı ki, ölkə idarəçiliyində gerçəkliyin sınağından çıxmayan bu qüvvələr ulu öndərin formalaşdırdığı milli birliyə qoşulacaq, Vətən naminə faydalı işlərin qulpundan yapışacaqlar. 
Lakin bu belə olmadı, təhlükə sovuşar-sovuşmaz, bədnam AXC–Müsavat iqtidarı radikal müxalifət cəbhəsinə keçdi. Onlar özlərinin yaratdıqları, eləcə də təbii şəraitdən qaynaqlanan çətinlikləri əldə bayraq edərək Prezident Heydər Əliyevin ölkədə sabitliyi möhkəmləndirmək, iqtisadi dirçəlişə nail olmaq, atəşkəs əldə edib qüdrətli ordu yaratmaq xəttinə qarşı bütün üsullarla mübarizəyə girişdilər. Məqsəd hakimiyyətə qayıtmaq idisə, xalqın inamından istifadə edib asanlıqla gəldikləri iqtidarı niyə qoruya bilmədilər? 
Onların birillik hakimiyyəti ölkənin taleyində və xalqın güzəranında son dərəcə ağır iz qoyduğuna görə ağlı başında olan hər kəs  bu sərsəm insanların nə vaxtsa geri qayıda biləcəyini heç ağlına da gətirmədi. Günü-gündən radikallaşan müxalifət isə, sanki, onun geriyə qayıdış yolunu birdəfəlik bağlamış xalqdan heyfini almaq üçün ən antimilli hərəkətlərə əl atdı. Lakin Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəlilədi, sabitlik və milli birlik möhkəmləndi. Atəşkəs şəraitində və islahatlar yolu ilə iqtisadiyyat yüksəliş yoluna çıxdı, Azərbaycan regionun lider dövlətinə çevrildi, dünyanın 50 güclü ordusu sırasında yer alan milli silahlı qüvvələr yaradıldı. Ölkədə abadlıq-quruculuq işləri yüksək həddə çatdı, xalqın güzəranı illdən-ilə yüksəldi.
Dünya nizamının yenilənməsi ilə müxtəlif bölgələrdə, xüsusilə Yaxın Şərqdə tüğyan edən xaos, anarxiya şəraitində,  beynəlxalq maliyyə-iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycan məhz öz müstəqil siyasəti ilə həmin böhrandan ən az itkilərlə çıxaraq sosial-iqtisadi inkişafını uğurla davam etdirir. Son 16 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, əmək haqqı və pensiyalar 8,6, strateji valyuta ehtiyatları 23, xarici ticarət dövriyyəsi 4,6, ixrac 6 dəfə artıb, işsizliyin səviyyəsi 49 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44 faizdən 5,4 faizə enib. Bu müddətdə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub. 
Azərbaycanın təşəbbüsü və siyasi iradəsi ilə reallaşdırılan Cənub Qaz Dəhlizi və onun seqmentləri olan TANAP-ın, TAP-ın,  eləcə də Şimal-Cənub, Şərq-Qərb kimi beynəlxalq nəqliyyat dəhlizlərinin icrası uğurla davam etdirilir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycanın prinsipial mövqeyi daha da güclənib. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın bir hissəsini azad edib. 2016-cı ilin Aprel döyüşləri ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirib.
Bütün bunlar radikal müxalifətin demaqogiyasına, saxta bəhanələrinə son qoyub. Xalq açıq-aydın gördü ki, radikal müxalifətin gerçəkliyə qara eynəklə baxması ilə onun gələcək taleyi arasında heç bir əlaqə qalmayıb. Gerçəkliklə barışan bəzi müxalifət təmsilçiləri dağıdıcı cəbhəni tərk edib sivil mübarizə yoluna keçdilər. Bundan sonra yerdə qaldı radikal müxalifətin tör-töküntüləri. Bütün saxta arqumentləri əldən çıxmış, sağdan və soldan parçalanıb azlıqda qalmış bu zavallı müxalifciklər kənar yerlərdə istinadgahlar axtardılar və milli xəyanət yoluna keçdilər. 
Əvvəllər də Azərbaycana qarşı düşmən dairələrin təsirində olan radikalların miskin vəziyyəti göz qabağındadır. Xarici ölkələrə üz tutur, onlar üçün açılmış internet tribunalardan xalqımıza, dövlət rəhbərliyinə qarşı böhtan, yalan kampaniyalarının daşıyıcılarına çevrilirlər. Törətdikləri cinayətlərdən, düşdükləri uğursuzluqlardan baş götürüb xaricə qaçanlar rəzalət girdabına düşürlər. 
Onlardan bəzilərinin kimliyinə nəzər salaq: Elşad Abdullayev ali təhsil sistemində ağlagəlməz fırıldaq və cinayətlər törətdikdən sonra xaricə qaçdı. Demokratiyadan dəm vurdu, ölkə rəhbərliyinin ünvanına hədyanlar söylədi. Xalq düşməni kimi ən ağır ittiham altında olan Əlikram Hümbətov ermənilərlə çiyin-çiyinə xalqımıza qarşı düşmənçliyini davam etdirir. Siyasi oyunbazlıqda tayı olmayan Qurban Məmmədov xalqa məsafədən demokratiya dərsi keçir. Vidadi İsgəndərli, Orduxan Temirxan və s. kimi xalqın o qədər də tanımadığı başabəla uğursuzlar da düşmən dairələrin antiazərbaycan təbliğatının dublyorlarına çevrilmişlər. Konkret arqument olmadığına görə onlar yalanlar uydurur, əxlaqa sığmayan söyüşlərdən belə çəkinmirlər.  
Budurmu onların düşmənlər qabağında yaratdığı Azərbaycan mənzərəsi, azərbaycanlı obrazı və imici?!  Bütün bunları xalqımız yaxşı görür və doğru-düzgün qiymətləndirir. Xalqımız taleyini birdəfəlik alternativi olmayan Heydər Əliyev yoluna, ulu öndərin ən layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli yeniləşmə və üstün sosial rifah siyasətinə bağlayıb. Radikal müxalifəti sarsıdıcı məğlubiyyətə uğradan da məhz xalqın bu qəti seçimi oldu. İndi barmaqla sayılacaq qədər bədnam dəstənin aqibəti xəyanətin girdabında boğulmaqdır.
Ölkə daxilində özünü müxalifətin həqiqi lideri elan edən Əli Kərimli də siyasi mübarizədə iflasa uğrayıb, qeyri-sivil mübarizə yolu seçənlərdəndir. AXCP sədri Əli Kərimli bu günədək siyasi fəaliyyəti ilə hər an Azərbaycanın milli maraqlarını satmağa hazır olduğunu nümayiş etdirib. O və müttəfiqləri yalançı, qısa ömürlü birliklər yaradaraq pafoslu çıxışlar edir, əslində isə bir-birlərindən xarici pulverənlərə kompromat ötürmək uğrunda mübarizə aparırlar. Bunu uzun müddət Ə. Kərimli ilə bir cəbhədə təmsil olunanlar da bəyan ediblər. AXCP sədri tək öz xalqına, vətəninə deyil, amalına, məsləkinə, dostlarına, yoldaşlarına qarşı da xəyanət yolu tutub.
Onun həqiqi simasını öz keçmiş cəhbədaşları daha dəqiq nişan verirlər. Əli Kərimlinin keçmiş müavini Razi Nurullayev  bu yaxınlarda bildirib ki, Əli Kərimlinin, əslində, heç bir siyasi qüvvəsi–partiyası yoxdur. O, xalqın yaratdığı AXCP-ni qrup maraqlarına qurban verərək 4-5 nəfərin maraqlarına xidmət göstərməyə vadar edib. Sabiq cəbhədaşı Fazil Mustafa da deyir ki, Azərbaycanda satqın dedikdə, birinci olaraq, Əli Kərimli yada düşür: “Xəyanət, satqınçılıq dedikdə, ilk olaraq, təsəvvürlərdə məhz Əli Kərimlinin obrazı ­canlanır”.
Cəbhədaşları arasında da təklənən Əli Kərimli diqqəti özündən yayındırmaq üçün köhnə palan içi eşir, hakimiyyətdə olduqları dövrdə bais olduqları uğursuzluqları indiki iqtidarın üstünə atmağa uğursuz cəhdlər göstərir və belə açıqlamalara görə xalqın daha artıq nifrətini qazanır.
Son vaxtlar Azərbaycana qarşı düşmən qüvvələrin, ilk növbədə, ermənilərin və ermənipərəst dairələrin əlində alətə çevrilmiş böhtan müxalifətinin cavablandırılması üçün hamı öz sözünü deməli, bu tör-töküntünü süpürüb bir kənara atmaqda mövqeyini göstərməlidir. Ötən illərdə müxtəlif vəzifələrdə çalışanlar da öz məsləklərinə, Heydər Əliyev yoluna sonadək sadiqliklərini göstərməlidirlər. 
Sonda bidirirəm ki, mən də mənsub olduğum Yeni Azərbaycan Partiyasının etimad və etibarı ilə vəzifədə olmuş, bir neçə il doğma Laçının İcra Hakimiyyətinə başçılıq etmişəm. Bu vəzifədə bacardığımı eləmişəm. Heç də hər şeyi etdiyimi düşünmürəm. Səhvsiz insan olmur. Həyatda bir ölülər, bir də yeni doğulan körpələr səhv etmirlər. Mənim üçün ən böyük qazanc odur ki, elimin-obamın dəyərli sakinlərini görəndə alnı­açıq-üzüağ görüşürəm, başqaları kimi başımı aşağı dikmirəm. 
Bunu mən özüm üçün ən böyük qazanc hesab edirəm. İndi də partiyamın maraqları mənim üçün məslək işidir. Yaxşı deyiblər ki, heç vaxt vəzifə axtarma, qoy vəzifə səni axtarsın. Əksinə olsa vəzifəni də, özünü də hörmətdən salarsan. Necə ki, Gültəkin Hacıyeva kimiləri bunu asanlıqla bacardılar.
Radikal müxalifətin xarici düşmənlərlə əlbir olub Azərbaycanı ikinci Suriyaya çevirmək cəhdləri əbəsdir. Lakin onları cavabsız da qoymaq olmaz. Azərbaycanın yüksək uğurları, milli ləyaqətimiz, demokratik imicimiz böhtan, şər kampaniyası qarşısında bütün əzəməti ilə  ortaya qoyulmalı, Vətən satqınları susdurulmalıdırlar.

 

Ramiz CƏBRAYILOV, 
Qarabağ müharibəsinin veteranı, 
Laçın rayonundan məcburi köçkün

 

20 2019 11:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə