Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuz: qazanılmış nailiyyətlər son hədd deyil

Tovuz: qazanılmış nailiyyətlər son hədd deyil

Tovuz RİH-in başçısı Məmməd Məmmədov rayonun təhsil işçiləri ilə görüşmüşdür. Tədbirdə çıxış edən rayon rəhbəri qeyd etmişdir ki, son 15 il ərzində cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır. Sənaye istehsalı 2,6 dəfə, ixracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artmışdır. Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxarmışdır. 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulmuşdur. 

İlk dəfə Azərbaycanın adı Dünya Bankının “Doing Business” hesabatında 2006-cı ildə qeyd olundu və o vaxt ölkəmiz 98-ci yerdə qərarlaşdı. Aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində son hesabatda Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Ölkəmizdə təhsil sahəsinə də xüsusi diqqət və qayğı var. Müstəqil Azərbaycan dövləti, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilimizin inkişafına böyük önəm verirlər. Son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib. 
Rayon rəhbəri daha sonra qeyd etmişdir ki, dövlətimizin qayğısı ilə Tovuz rayonunda da məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni inventar və avadanlıqlarla təmin olunması uğurla həyata keçirilmişdir. Bu işlər indi də mərhələlərlə davam etdirilir. 2003-2018-ci illərdə 47 ümumi təhsil müəssisəsində təmir-tikinti işləri aparılmış, o cümlədən 26 məktəb inşa olunmuş, 10 məktəb əsaslı təmir edilmiş və ucqar dağ kəndlərində modul tipli 11 məktəb quraşdırılmışdır.
Təhsilin inkişafı sahəsində Heydər Əliyev Fondunun təşəbbüsləri də yüksək dəyərə malikdir. Fondun təşəbbüsü və dəstəyi ilə Cəlilli, Əsrik Cırdaxan və Alakol kəndlərində yeni məktəb binaları tikilmiş, hazırda Bozalqanlı kəndində 1200 şagird yerlik məktəb binası tikilməkdədir, Aşağı Quşçu və Köhnəqala kəndlərində məktəblər əsaslı təmir olunur. Rayon üzrə 26 məktəbdə lokal istilik sistemi quraşdırılmışdır.
Təhsil sahəsində islahatlar uğurla həyata keçirilir. Təhsil Nazirliyinin rəhbərliyi ilə bu sahədə çox önəmli tədbirlər görülür. Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsindən sonra əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması müəllim peşəsinə verilən önəmin və göstərilən dövlət qayğısının nəticəsidir. İndi müəllimlərin, hətta məktəb direktorlarının işə qəbulu şəffaf qaydada aparılır. Şagirdlərin biliklərinin qiymətləndirilməsində tətbiq olunan mexanizmlər, ali və orta ixtisas məktəblərinə qəbulun təşkili ortaya yalnız bircə meyar qoyur. Bu da daha çox oxumaq, mükəmməl biliklərə yiyələnmək və savadlı olmaq meyarıdır.
Bu il müəyyən nailiyyətlər var. On birinci sinfi bitirmiş1504 nəfər məzundan 1037 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermiş, onlardan 594 nəfəri ali məktəblərə, o cümlədən 27 nəfəri ali hərbi məktəblərə qəbul olunmuşdur. Məzunlardan 17 nəfəri 600-dən çox bal toplamışdır. A.S. Puşkin adına məktəb-liseyin yetirmələri Eşqin Həsənov 675 bal və Aqşin İsgəndərzadə isə 671 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmişlər. Sevindirici haldır ki, onların hər ikisi Prezident təqaüdünə layiq görülmüşdür.
Maraqlıdır ki, Qaraxanlı kənd tam orta məktəbinin XI a sinfini bitirmiş 23 nəfər, Y. Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin XI b sinfini bitirmiş 15 nəfər, Çatax kənd tam orta məktəbinin XI sinfini bitirmiş 4 nəfər məzunun hamısı yüksək ballarla ali məktəblərə daxil olmuşdur.
Rayonun Qədirli, Azaflı, Qovlar şəhər 2 və 3 nömrəli, Hunanlar, Əlibəyli, ­Ağbaşlar, E. Orucov adına Bayramlı kənd tam orta məktəblərindən ali məktəblərə qəbul üçün sənəd verənlərin hamısı tələbə adına yiyələnmişdir.
Tədbirdə rayon təhsil şöbəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Hüseynova, M. Ələkbərov adına Tovuz şəhər tam orta məktəbin direktoru Sadıq Rəhimov, Y. Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin direktoru Nüsrət Quliyev, N. Tusi adına Tovuz şəhər məktəb-liseyin direktoru Valeh Məmmədov, Şıxheybət kənd məktəbinin direktoru Məhəmməd Bayramov, E. Orucov adına Bayramlı kənd tam orta məktəbin direktoru Zülfüqar Mustafayev, Azaflı kənd tam orta məktəbin direktoru Adil Əsgərov, N. Sadıqov adına Alakol kənd tam orta məktəbin direktoru Elmira Səfərova, Göyəbaxan kənd ümumi orta məktəbin direktoru Etibar Musayev, Təhsil Nazirliyinin 6 saylı maliyyə-hesablama mərkəzinin direktoru Emin Əliyev çıxış edərək rayonda tədrisin keyfiyyətinin yüksəldilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni dərs ilinə hazırlığın vəziyyəti barədə məlumat verərək müxtəlif təkliflər səsləndirmişlər.
Tədbiri rayon icra hakimiyyətinin başçısı M. Məmmədov yekunlaşdıraraq vurğulamışdır ki, təhsildə əldə olunan nailiyyətlər bizim üçün son hədd deyil. Çünki potensialımız daha böyükdür. Ona görə də çox çalışmalıyıq. Qəbul imtahanlarında iştirak edən məzunların ballarını müqayisə edəndə rayonun respublika göstəricisindən aşağı nəticələr əldə etdiyi aydın olur. Məktəblərdə dərsə davamiyyətin təşkili, əmək və icra intizamına riayət olunmasına nəzarət etmək təhsil şöbəsinin və məktəb direktorlarının əsas vəzifələrindəndir.
Biz həmişə çalışacağıq ki, təhsildə fərqlənən şagirdləri, müəllimləri lazımınca dəyərləndirək, həvəsləndirici tədbirlər görək. Hesab edirik ki, bundan sonra da təhsil sahəsində işlər lazımi səviyyədə qurulacaq və Tovuz təhsildə daha böyük uğurlar qazanacaqdır. 
 
 
Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

20 2019 11:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə