Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdam: ağ pambıq ağ günlərin müjdəçisidir

Ağdam: ağ pambıq ağ günlərin müjdəçisidir

Tarixçilər, elə yaşlı sakinlər də “Ağdam” sözünün bu yerlərdə zaman-zaman yerli ağ əhəng daşından tikilmiş evlərlə bağlı olduğunu söyləyirlər. Lakin uzaq ötənlərdə belə “ağ evlər” hamıya nəsib olmayıb. Ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin respublikaya birinci dəfə rəhbərlik etdiyi illərdə isə kənd təsərrüfatının yüksək və hərtərəfli inkişafının gətirdiyi böyük qazanc və ərazidəki əhəngdaşı karxanası ağdamlılara kütləvi surətdə ağ evlər tikmək imkanı yaratmışdır.

O illərdə pambıqçılığın yüksək inkişafı Ağdamda belə bir deyim yaratmışdı: “Ağ pambıq bizi ağ evlərə və ağ günlərə çıxartdı”. O dövrdə bütün fəsillərdə başdan-başa ağ görkəmli evləri ilə diqqəti cəlb edən Ağdamın yaşayış məntəqələri payız gələndə ucsuz-bucaqsız ağ pambıq tarlalarının əhatəsində nəhəng bir bəyazlıq mənzərəsi yaradırdı. O zaman ağdamlılar hər il 30 min ton pambıq istehsal edirdilər. Rayon isə adətən, mövsümün əvvəlindən-axırınadək ölkə üzrə yarışın önündə gedirdi...
İndi o illərin xoş xatirələrdə yaşayan mənzərəsi yenidən boy göstərməkdədir. Yayla payızın görüş məqamında ötüb-keçdiyimiz yollar boyunca ağ örpəkli pambıq tarlaları yenidən sıx-sıx gözə dəyir, sanki, ənənəvi təsərrüfat sahələrindən biri kimi yeni ağ günlərin müjdəsini pıçıldayır. Ayaq saxlayıb görüşdüyümüz pambıqçıların özlərinin də qənaəti belədir: “Ağ pambıq Ağdamın ötən ağ günlərini geri qaytarır”. 
Rayona budəfəki səfərimiz pambıq yığımı mövsümünə təsadüf etdiyindən, ilk növbədə, bu sahədəki vəziyyətlə tanış olduq. Bələdçimiz-- Ağdam RİH başçısının kənd təsərrüfatı üzrə müavini Allahverən Əliyev məlumat verdi ki, müəyyən səbəblərdən ölkədə pambıqçılığın tənəzzül etməsinin bir ciddi ziyanı da o idi ki, bu sahədə uzun illər qazanılmış qiymətli təcrübə ildən-ilə itirilirdi. Bir zaman rayonumuz ölkədə də qabaqcıl pambıqçılıq məktəbi kimi tanınmışdı. Sadə pambıqçının təcrübədə əldə etdiyi yenilik bəzən alim üçün tədqiqat mövzusu olurdu. Müharibə, köçkünlük, pambıqçılığın tənəzzülü bu məktəbi də dağıtdı. 
Təəssüf ki, pambıqçılığın tənəzzülü dövründə, istehsal ildən-ilə azaldı. Əhali pambıq gözdən düşdüyünə görə yaşamaq, torpaqdan qazanc götürmək üçün, deyək ki, kütləvi surətdə soğan əkməyə məcbur olurdu. Min tonlarla tez xarab olan, o qədər də təlabat olmayan bu məhsul çox vaxt kəndlinin zəhmətini heçə endirirdi. Pambıq isə bütün dünyada strateji məhsul olduğundan yüksək gəlir gətirir, bazarı da daim başının üstündədir. Yaxşı ki, rayonun əsas pambıqçılıq əraziləri işğal zonasından kənardadır. Burada yaşayanlar isə pambıqçılıq təcrübəsini hələ unutmamışlar.
Pambıqçılığın inkişafı ilə ətraflı tanışlıq zamanı öyrəndik ki, artıq bu sahədə yeni təcrübəli təsərrüfatlar formalaşıb. Bir neçə hektarda pambıq əkənlərdən fərqli olaraq, on hektarlarla məhsul yetirənlər daha səmərəli iş qura bilir, texnika və digər vasitələrdən daha yaxşı istifadə edir, çox da gəlir götürürlər. Bu o deməkdir ki, kiçik sahələrdə pambıq əkən fermerlər birləşib daha iri təsərrüfatlar yaratsalar, uğurları da o qədər böyük olar.
Rayonun qədim pambıqçılıq ərazilərindən olan Quzanlı kəndində Mürsəl Qurbanov bu il 58 hektarda pambıq əkib. Hər hektardan, ən azı, 40 sentner məhsul götürmək qərarındadır. Fermer bizimlə söhbətində dedi:
– Ağdamda vaxtilə hamı gözünü açandan pambıq içində böyüyür, torpağı əkinə hazırlamaqdan tutmuş çiyid səpməyə, məhsulu hasilə gətirib toplamağa qədər canlı bir məktəb keçirdi. Bizim Quzanlı kəndi də o təcrübəni unutmayıb. Ona görə Prezident İlham Əliyevin pambıqçılığı inkişaf etdirmək çağırışına böyük sevinc və həvəslə qoşulduq. Builki əkinimizdən 230 ton pambıq götürə biləcəyik. Hər kiloqramının qiyməti 65 qəpik, üstəgəl 10 qəpik də dövlət subsidiyası. Bu da eləyir 170 min manatdan çox qazanc. 
Biz başqa bir sahədən bu qədər gəlir götürə bilməzdik. Sifarişçimiz var, məhsula da yerindəcə sahib çıxır. Müqavilə bağladığımız “Azərpambıq” şirkəti toxum, texnika verib, becərmə pulunu ödəyib, məhsulun haqqını isə dərhal hesabımıza köçürür. Biz ölkədə pambıqçılıq üçün yaratdığı bu şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. 
Cəbhə xəttinin yaxınlığında yerləşən Təzəkənddə fermer Tiflis Abışovun rəhbərlik etdiyi təsərrüfat isə bu il 30 hektarda pambıq əkib- becərib. Fermer bildirdi ki, ilk açmış pambığı əllə toplayırlar. Yaxın günlərdə bütün qozalar açılandan və yarpaqtökmə əməliyyatından sonra maşınla yığıma başlayıb bol məhsulu qısa müddət toplayacaqlar:
– Çalışacağıq ki, məhsulu itkisiz toplayaq, 90 ton pambıq əldə edək. Bu, 67 min manat gəlir deməkdir. Ağdamın pambıqçılıqdakı təcrübəsini tam bərpa etməklə daha yüksək nəticələr əldə etmək mümkündür. Dövlət başçısı İlham Əliyevin kənd əməkçilərinə göstərdiyi davamlı kömək biz ağdamlıları da məmnun edir, nailiyyətlərimizi ildən-ilə artırmağa şərait yaradır. Hərtərəfli dəstəyə görə ölkə rəhbərinə dərin minnətdarlığımızı bildiririk.
Kənd Təsərrüfatı Nazirliyinin rayonda yaratdığı Sort Sınaq Məntəqəsinin kollektivi də pambıqçılığın bərpasına və inkişafına öz töhfəsini vermək üçün Qaradağlı kəndi ərazisində 18 hektarda çiyid səpib və tarlanı yüksək aqrotexniki qaydada becərib. Məntəqənin müdiri Çingiz Vəliyev bildirdi:
– Elmi əsaslarla yüksək məhsuldarlığa nail olmaq üçün bütün tədbirləri həyata keçirmiş, bol pambıq yetişdirmişik. Bu mövsümdə hər hektardan 35-40 sentner məhsul götürməyi nəzərdə tutmuşuq. Bu, ölkə və rayon üzrə orta göstəricidən xeyli yüksəkdir. Mən Azərbaycan Kənd Təssərrüfatı Akademiyasını ötən əsrin 80-ci illərində bitirmişəm. O zaman müəllimlərimiz deyirdi ki, Ağdam pambıqçılıq sahəsində həyat akademiyasıdır. 
Yaxşı ki, Prezident İlham Əliyev ölkəmizdə pambıqçılığın yeni inkişafına geniş və əlverişli meydan açmaqla kəndlinin yüksək qazanc götürməsi ilə yanaşı, canlı təcrübə məktəbinin qorunub saxlanmasını da təmin etdi. Kənd Təsərrüfatı Nazirliyi və rayon rəhbərliyi isə nəzəriyyə ilə təcrübəni sıx əlaqələndirmək üçün bizə hər cür şərait yaratmışdır. Rayonda pambıqçılığın inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Bugünlər rayon pambıqçıları gərgin zəhmət bahasına yetirdikləri məhsulu qısa müddətdə yığmaq üçün sübh tezdən gün batanadək tarlalardadırlar. Əlavə işçi qüvvəsi kimi yüzlərlə köçkün də məhsul yığımına cəlb edilmişdir. Hər gün onlarla ton pambıq toplanıb sifarişçi şirkətlərin qəbul məntəqələrinə göndərilir.
Sonda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşdük. Rayon rəhbəri ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi və bu il yetişdirilmiş bol məhsulun elliklə toplanması ilə bağlı bildirdi: 
– Ölkədə kənd təsərrüfatının əsaslı surətdə inkişaf etdirilməsi yönündə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə hazırlanıb həyata keçirilən kompleks, davamlı tədbirlər kəndi yeni yüksəliş yoluna çıxarmışdır. Qoyulan investisiyalar, subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Bütün bunlar ölkəmizin bölgələri arasında, yaxşı mənada, bəhsəbəhs yaradıb. Cəbhə bölgəsində yerləşən Ağdamın kənd əməkçiləri də bəzi çətinliklərə baxmayaraq, bu canlanmadan, yarışmadan kənarda qalmayıblar. 
Vaxtilə ölkənin öndə gedən aqrar rayonu olan Ağdamın əvvəlki yüksək göstəricilərini bərpa etmək, şöhrətini geri qaytarmaq üçün dövlətin yaxından köməyi ilə lazımi tədbirlər həyata keçirilir, qüvvə və imkanlar hərəkətə gətirilir. Bu il bütün sahələrlə yanaşı, rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahənin inkişafı da diqqət mərkəzində saxlanılmış və bu yöndə xeyli iş görülmüşdür.
İşğaldan əvvəl 150 mindən artıq insan yaşayan, ölkənin ən iri kənd rayonlarından sayılan Ağdamın əhalisi son 26 ildə 200 min nəfəri keçmişdir. Dövlət proqramalrının həyata keçirilməsi nəticəsində ötən illərdə 50 minədək ağdamlı köçkün rayona qaytarılmışdır. 2003--2014-cu illərdə rayonun ərazisində tikilmiş 18 köçkün qəsəbəsindəki 5 min 641 evdə 25 min 109 nəfər məskunlaşmışdır. “Ergi” deyilən ərazidə isə 1129 nəfər məcburi köçkün yerləşmişdir. İlin əvvəlindən müxtəlif səbəblərdən rayonu tərk edənlərin 1018-i geri qayıtmışdır. Beləliklə, hazırda rayonda 110 min nəfərdən artıq insan məskunlaşmışdır və onların əsas məşğuliyyəti, dolanışıq mənbəyi kənd təsərrüfatı sahələridir. 
Əvvəlki illərdə əhalinin məşğulluğunu təmin etmək xeyli çətinlik törətmişdir. Prezident İlham Əliyevin ənənəvi əkinçilik sahələrini dirçəltmək və inkişaf etdirməklə bağlı gerçəkləşdirdiyi tədbirlər rayonumuzda da minlərlə insana gəlirli fəaliyyət sahəsi açmışdır. Bu gün kənd təsərrüfatı istehsalını daha da artırmaq, əkinçilərin yüksək reproduksiyalı toxum, suvarma suyu, texnika və mineral gübrələrlə təminatını yaxşılaşdırmaq, xüsusilə pambıqçılığı, baramaçılığı və damazlıq heyvandarlığı inkişaf etdirmək qarşımızda duran ən vacib məsələlərdir. 
Ənənəvi suvarma mənbələri işğal zonasında qalmış rayonumuzda 35,4 min hektar əkin sahəsi 843 subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz vasitəsilə suvarılır. Prezident İlham Əliyevin sərəncamına əsasən, ötən ildən qazılmaqda olan 61 subartezian quyusunun 53-ü bu mövsümdə istifadəyə verilmişdir.
Münbit torpaqlar, tarixi təcrübə və ölkə rəhbərliyinin hərtərəfli dəstəyi Ağdmda pambıqçılığı dirçəldib inkişaf etdirməyə yenidən əlverişli şərait yaradıb. Son 4 ildə ənənəvi gəlirli əkinçilik sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi üçün zəruri tədbirlər həyata keçirilib, fermerlərin bu sahəyə marağının artırılması üçün izahat-təşviqetmə işləri aparılıb. Rayonumuzda pambıq əkilib-becərilməsi təcrübəsi əsasən bərpa edilib, fermerlərin bu sahəyə marağı artıb. 
Bu il rayondakı 3 pambıqçılıq şirkətinin sifarişi ilə fermerlər 2 min 600 hektarda pambıq əkiblər. Pambıq istehsalını yüksəltmək üçün ən məhsuldar və su təchizatı yüksək olan ərazilərə üstünlük verilib, tarlalarda “Altunbəyaz” Türkiyə sortu çiyidi səpilib. Pambığın 1350 hektarını ” MKT İstehsal Kommersiya MMC “ , 600 hektarını “ Azərpambıq ”, 650 hektarını isə “P-Aqro “ MMC əkdirib. Aparılan düzgün aqrotexniki qulluq sayəsində tarlalarda bol məhsul yetişdirilib. Hazırda əllə yığım uğurla davam edir. Yaxın günlərdə pambıq tam açandan sonra, yarpaqtökmə əməliyyatı aparılacaq və maşınla yığıma başlanacaq. Pambıq yığımına 8 kombayn, 35 traktor, 75 qoşqu, 4 yükləyici cəlb edilib.
Öyrəndik ki, rayonda kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsində mövcud çətinliklər nəzərə alınaraq xidmət idarələrinin fəaliyyəti xeyli gücləndirilmişdir. İlin əvvəlindən “Aqrolizinq” ASC- Ağdam rayon bölməsi gətirdiyi 1119 ton mineral gübrənin 749 tonunu güzəştli qiymətlə fiziki və hüquqi şəxslərə satmışdır. Fermerlərə yanacaq xərclərinin və digər subsidiyaların ödənişi də vaxtında təmin edilmişdir.
İşğaldan sonrakı dövrdə rayonun 1 əsas yolu normal vəziyyətdə saxlansa da, Bərdədən gələn və Ağcabədiyə gedən, kəndlərarası yollar tədricən dağılıb sıradan çıxmışdı. Son 2 ildə Dördyol – İmamqulubəyli, Quzanlı – Hindarx magistralı və bir neçə istiqamətdə kəndarası yollar yenidən çəkilməklə ümumi gediş-gəliş rahatlaşdırılmışdır. Bu, təsərrüfat fəaliyyətini də ciddi surətdə yaxşılaşdırmışdır. Dövlətin fəal dəstəyi ilə həyata keçirilən belə tədbirlər iqtisadi sahədə əldə edilən nailiyyətləri artırmağa əlverişli şərait yaratmışdır.
Konkret faktlar, rəqəmlər bu artımı, yüksəlişi aydın əks etdirir. 2019-cu ilin məhsulu üçün əkilmiş 14 min 433 hektar zəmidən bu mövsümdə 55,5 min ton taxıl istehsal edilmiş, hektardan məhsuldarlıq orta hesabla 38,4 sentner olmuşdur. Bu, ötənilki rəqəmlərdən, eyni zamanda, orta respublika göstəricisindən yüksəkdir. 
Bu mövsümdə 4,5 min hektarda tərəvəz, 373 hektarda kartof, 302,4 hektarda şəkər çuğunduru əkilib- becərilmiş, sahələrdə bol məhsul yetişdirilmişdir. Ötən il fermerlər 5 min 923 ton kartof, 68 min 355 ton tərəvəz istehsal etmişdilər. Bu il daha artıq kartof, tərəvəz, şəkər çuğundurunun əldə edilməsi gözlənilir.
Rayonda əkinçiliklə yanaşı, baramaçılığın, heyvandarlığın da inkişaf etdirilməsinə diqqət artırılmış və hər iki sahənin yem bazasının möhkəmləndirilməsi ilə bağlı zəruri işlər görülmüşdür. Rayona gətirilmiş 182 min ədəd tut tingi lazımi yerlərdə əkilmişdir. Əlavə 1553 hektarda yeni yoncalıq salınmışdır.  
Uzun fasilədən sonra 2016-cı ildə ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpa edilməsinə başlanmışdır. Həmin il rayonda 2 min 450 kiloqram, 2017-ci ildə 13 min 205 kiloqram, 2018-ci ildə isə 17 min kiloqram barama istehsal olunmuşdur. Bu il rayonda kümçülərə 9 min 975 qram, ipəkqurdu toxumu paylanmış, 17, 2 ton yüksək keyfiyyətli barama istehsal edilmişdir. 
Göründüyü kimi, ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi Ağdam rayonunda da aqrar sahəni yeni inkişaf yoluna çıxarmışdır. Uğur olsun, ağdamlılar. Qoy, nəsibiniz həmişə ağ günlər olsun! 

 

Tahir AYDINOĞLU, 
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”

Ağdam – Bakı

 

20 2019 11:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə