Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ankara və London iqtisadi və ticari əlaqələri gücləndirməyi qərara alıblar

Türkiyənin ticarət naziri Böyük Britaniyada işgüzar səfərdədir

Londonda Türkiyə-Böyük Britaniya arasında iqtisadiyyat və ticarət üzrə birgə komissiyanın növbəti, altıncı iclası keçirilib. Tədbirdə iştirak edən hər iki ölkənin ticarət nazirləri anlaşma memorandumu imzalayıblar. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
Türkiyənin ticarət naziri Ruhsar Pekcan hesab edir ki, “Brexit”dən sonra Böyük Britaniya ilə Türkiyə arasında iqtisadi əlaqələr sürətlə genişlənəcək. Xanım nazir deyib: “Biz xidmətlər, kənd təsərrüfatı məhsulları, elektron ticarət, eləcə də istehlak malları üzrə əlaqələri gücləndirmək əzmindəyik”.
R.Pekcanın sözlərinə görə, Ankara Böyük Britaniya şirkətlərinin Türkiyənin azad iqtisadi zonalarında, xüsusilə yüksək texnologiyalar sahəsində iri həcmdə sərmayələr yatırmasında maraqlıdır. 
Tədbirdə çıxış edən Böyük Britaniyanın beynəlxalq ticarət üzrə dövlət katibi Liam Foks memorandumun əhəmiyyətini yüksək qiymətləndirib. Onun fikrincə, Türkiyənin geosiyasi imkanları bu ölkəni Qərb ölkələri, o cümlədən Böyük Britaniya üçün cəlbedici iqtisadi məkana çevirib. 
L.Foks sonra deyib ki, yaxın gələcəkdə Türkiyə və Böyük Britaniya ticarət dövriyyəsini artıraraq 20 milyard dollara çatdırmaq əzmindədirlər. Onun fikrincə, bu, mümkün olan hədəfdir. Hazırda Türkiyənin 200-dən çox aparıcı şirkəti Böyük Britaniyada uğurla fəaliyyət göstərir. 
Yeri gəlmişkən, son illər britaniyalı turistlərin Türkiyəyə marağı xeyli artıb. İlkin hesablamalara görə, 2018-ci ilin sonuna qədər Türkiyəni ziyarət edən britaniyalı turistlərin sayı 3 milyon nəfərə çatacaq. Məlumat üçün bildirək ki, 2017-ci ildə bu göstərici 1,6 milyon nəfər olub. 
Britaniyanın dövlət katibi sonda bildirib ki, London İstanbulun dünyanın maliyyə mərkəzlərindən birinə çevrilməsinə müsbət yanaşır. Belə ki, bu ölkənin maliyyə dairələri ümid edirlər ki, çağdaş dünyanın güclü maliyyə mərkəzləri kimi London və İstanbul öz aralarında sıx əməkdaşlıq edəcəklər. 
 

M.HACIXANLI, 
“Xalq qəzeti”

13 2018 20:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə