Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb

Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb

Heydər Əliyev Mərkəzində “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisinin açılış mərasimi keçirilib.

Açılış mərasimdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi Milli Musiqi Günü ərəfəsində açılan sərginin əhəmiyyətindən danışıb. Xalq artisti Azərbaycan milli musiqi alətlərinə təcavüz, aqressiya hallarının müşahidə edildiyi bir zamanda belə sərginin təşkilinin çox önəmli olduğunu bildirib.

Xalq artisti, tarzən, professor Ramiz Quliyev bu möhtəşəm sərginin təşkilini Azərbaycan xalqının mədəni həyatında mühüm hadisə kimi dəyərləndirib. “Sərgidə yer alan Azərbaycan milli musiqi alətləri xalqımızın sərvətidir. Azərbaycan musiqi alətlərinin tarixi eramızdan əvvəlki dövrə gedib çıxır. Bu gün beynəlxalq səviyyədə musiqi alətlərinin nümayişi dünyaya səs salacaq.

Xalq artisti, Azərbaycan Milli Konservatoriyanın professoru, xanəndə Mənsum İbrahimov diqqətə çatdırıb ki, Heydər Əliyev Fondu yaranan gündən muğam sənətimizin ikinci inkişaf dövrü başlanıb. Muğam televiziya və beynəlxalq müsabiqələri nəticəsində onlarca gənc ifaçı bu sənətə gəlib.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

31 ölkədən 200-dək musiqi alətinin nümayiş olunduğu unikal sərginin ekspozisiyada Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı unikal kolleksiya – XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunur.

Bunlar 31 ölkəyə - Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstana aid musiqi alətləridir.

Sərgidə Azərbaycan musiqi mədəniyyəti və tarixinə də geniş yer verilib. Ekspozisiyada 50-dək milli musiqi aləti təqdim edilir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 2019 15:39 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə