Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Prezidenti “Şərq-2018” təlimlərini yüksək qiymətləndirib

Rusiya Prezidenti Vladimir Putin “Şərq-2018” təlimlərinin aktiv mərhələsinin uğurla keçirildiyini bildirib. Bu barədə o, manevrlərə səhra baxışı zamanı bəyan edib. Məlumatı TASS verib. 
“Bu gün (dünən – red.) Zabaykalyenin Tsuqol poliqonunda manevrlərin aktiv mərhələsi başa çatır. Siz onu yüksək səviyyədə həyata keçirdiniz: bütün hissə və birləşmələr qarşıya qoyulmuş vəzifələri yerinə yetirdilər. Siz hərbi peşəkarlıq nümayiş etdirdiniz, hərbi təhlükələri uğurla dəf etmək bacarığınızı göstərdiniz”, - deyə prezident qeyd edib. 
Putinin sözlərinə görə, bu təlimlər ordu və donanma üçün ilk belə miqyaslı imtahan olub. Manevrlərdə 300 min hərbçi, on minlərlə ədəd silah və hərbi texnika (mindən artıq təyyarə, 36 min tank, vertolyotlar, uçan pilotsuz aparatlar, zirehli maşınlar) iştirak edib. Təlimlərə Çin və Monqolustan hərbçiləri də qatılıb, onlara da təşəkkür etmək lazımdır. 
Prezident deyib ki, ölkə özünün suverenliyini qorumaq və müttəfiqlərini dəstəkləmək üçün Silahlı Qüvvələrinin inkişafını davam etdirəcək. 
Putin Rusiyanı aqressiv planları olmayan sülhsevər ölkə adlandırıb: “Rusiya sülhsevər ölkədir. Bizim aqressiv planlarımız yoxdur və ola da bilməz. Bizim xarici siyasətimiz əməkdaşlıqda maraqlı olan ölkələrlə yaradıcı münasibətlərə istiqamətlənib. Ona görə də bu təlimlərdə dünyanın 59 ölkəsindən 87 müşahidəçi iştirak edir, mən onların hamısını salamlayıram”.
Sonra Rusiya Prezidenti manevrlərdə iştirak edən texnikanın paradını izləyib. Xatırladaq ki, “Şərq-2018” təlimləri Rusiyanın müdafiə naziri Sergey Şoyqunun rəhbərliyi altında Yaxın Şərq ərazisində, bu regiondakı dəniz akvatoriyasında və Sakit okeanın yaxın ərazi sularında sentyabrın 11-dən 17-dək keçirilir. 
 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

13 2018 20:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə