Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sağlam həyat tərzi təbliğ edilir

Sağlam həyat tərzi təbliğ edilir

“Sağlam həyat tərzinin təşviqi” mövzusunda beynəlxalq təlim kursu keçirilib. Son kursda gənclər və idman nazirinin müavini İntiqam Babayev, səhiyyə nazirinin müavini Rahim Əliyev, “Addım” Yaradıcı Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə çıxış edərək bildiriblər ki, təlim kursunun əsas məqsədi gənc jurnalistləri, bloqqerləri, sosial şəbəkə istifadəçilərini sağlam həyat tərzi ilə bağlı maarifləndirmək, həmçinin müasir texnologiyalardan və media mənbələrindən yararlanaraq bu mövzunu daha geniş auditoriyaya çatdırmaqdır.

Diqqətə çatdırılıb ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisləri – Monitorinq və təhlil şöbəsinin müavini İnara Makayeva, layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova və monitorinq və təhlil şöbəsinin həkim-metodisti Zümrüd Kazımova tərəfindən aparılan təlimlər zamanı iştirakçılara sağlam həyat tərzi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, gənc nəslin sağlam böyüməsi üçün erkən yaşlarından onlarda sağlam həyat tərzinə uyğun vərdişlərin formalaşması çox vacibdir. Sağlam həyat tərzinin formalaşmasında önəmli rol oynayan amillərdən söz açılaraq vurğulanıb ki, sağlam qidalanmaq, fiziki aktiv olmaq, tütünçəkmə və digər zərərli vərdişlərdən imtina etmək çağırışları rəqəmsal mediada, o cümlədən sosial şəbəkələrdə geniş təbliğ olunmalıdır.

Qeyd edək ki, təlim kursu Gənclər və İdman Nazirliyinin və MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi, “Addım” Yaradıcı Gənclər Təşkilatının təşəbbüsü ilə təşkil olunub. Təlimdə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan və Ukraynadan 70-ə yaxın gənc iştirak edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 2019 11:06 - SƏHİYYƏ
SƏHİYYƏ
23 Oktyabr 2019 | 17:04
Həkim məsləhəti

Köhnə versiyamızdan xəbərləri izlə