Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin Səhiyyə komitəsində bir sıra problemlərlə bağlı təkliflər səsləndirilib

Milli Məclisin Səhiyyə komitəsində bir sıra problemlərlə bağlı təkliflər səsləndirilib

Milli Məclisin (MM) Səhiyyə komitəsinin iclasında deputat Qənirə Paşayeva bir sıra vacib təkliflər səsləndirib. O, seçki bölgəsində keçirdiyi görüşlər zamanı məktəblilər arasında skalioz və kifozların sayının artmasının müşahidə olunduğunu vurğulayıb: "Böyüyən uşaqlar arasında skalioz və kifozların sayının artması onlarda gələcəkdə bir sıra xəstəliklərin əsasını qoyur. Görüşlər zamanı skalioz və kifozdan əziyyət çəkən uşaqların müalicəyə cəlb olunmasına çalışmışıq. Lakin onun müalicəsi kifayət qədər vaxt və vəsait tələb edir. Bəzən isə ümid əməliyyata qalır. Ona görə MM-in elm və təhsil komitəsini və səhiyyə komitəsini Səhiyyə və Təhsil nazirliklərinin nümayəndələrini dəvət edərək məktəbyaşlı uşaqlar arasında skalioz və kifoz hallarının artması məsələsini birgə müzakirə etməyə, bu xəstəliklərin artmaması və gələcəkdə uşaqların həyatına ciddi təhlükə törətməsinin qarşısını almaq məqsədilə onların  müalicəyə və müayinəyə cəlb edilməsi kimi məsələləri müzakirə etməyə çağırıram".

Q.Paşayeva  unun zənginləşdirilməsi məsələsinə xüsusi diqqət yetirməyi təklif edib: "Bir sıra xarici ölkələrdə anemiyanın qarşısının alınması məqsədilə unun zənginləşdirilməsinə xüsusi diqqət yetirilir. Ölkəmizdə, xüsusilə, hamilələr və yeni doğulan uşaqlarda anemiya halları artmaqdadır, bunun qarşısının alınması üçün unun zənginləşdirilməsinə önəm verilməlidir. Hesab edirəm ki, bu məsələnin ciddi şəkildə həllini tapması vacibdir və komitə tərəfindən aidiyyəti qurumlara müraciət edilməsinə, məsələnin həll edilməsinə ehtiyac var".

Deputat, eyni zamanda, "Reproduktiv sağlamlıq haqqında" qanunun payız sessiyasında qəbulunun vacibliyini qeyd edib: "Yüzlərlə sonsuzluqdan əziyyət çəkən ailələr bu qanunun qəbulunu gözləyirlər, ona görə bu qanunun payız sessiyasında qəbul edilməsini təklif edirəm". O, həmçinin tütün məmulatlarından istifadənin qadağan edilməsi ilə bağlı qanuna baxmayaraq, icrasında problemlər olduğunu, antibiotiklərin həkim resepti olmadan satılması məsələsini, bunun gələcəkdə səbəb ola biləcəyi fəsadları vurğulayaraq, təkrar müzakirələrin aparılmasını təklif edib. Bundan başqa, səhiyyə komitəsində hazırlanan "İnsan orqanlarının donoru və transplantasiyası haqqında" qanunun payız sessiyasında qəbul olunmasının vacibliyini vurğulayıb. Əhalinin maarifləndirilməsi ilə bağlı mətbuat və medianın üzərinə böyük vəzifə düşdüyünü deyib və səhiyyə komitəsində mətbuat və media qurumları ilə bu mövzuda birgə müzakirələrin keçirilməsini təklif edib.

Q.Paşayeva narkomaniyadan əziyyət çəkən insanların həyata qaytarılması və xilas edilməsi, bu bəladan qurtulması ilə bağlı çağırış səsləndirib, həmçinin vərəmdən əziyyət çəkənlərə dəstək göstərilməsini, onların əlilliyə çıxa bilməsi ilə bağlı prosedurların sadələşdirilməsini təklif edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 2019 10:54 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə