Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

YAP-ın Ağdam və Bərdə rayonundan olan fəalları ilə görüş keçirilib

YAP-ın Ağdam və Bərdə rayonundan olan fəalları ilə görüş keçirilib

Sentyabrın 18-də Bərdə rayonunda Yeni Azərbaycan Partiyasının Bərdə və Ağdam rayonlarından olan fəalları ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənov, Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Ağdam və Bərdə Rayon İcra hakimiyyətlərinin başçıları Vaqif Həsənov, Vidadi İsayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər gül dəstələri qoyulub.
Bərdə rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənov çıxış edərək, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb, rayon təşkilatının və partiya fəallarının qarşısında duran vəzifələrdən bəhs edib. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə ölkəmizdə qazanılmış böyük uğurlardan, genişmiqyaslı inkişafdan danışan Baş Nazirin müavini deyib: “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını xalqa xidmət təşkil edir. Prezidentlə xalq arasında monolit birlik var. Bu birlik sayəsində son 15 ildə ölkəmizdə ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişaf, Azərbaycanın dünyaya inteqrasiyası təmin edilib. Son 15 ildə ümumdaxili məhsul 3,3 dəfə artıb. Ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub ki, bunun da təxminən yarısı xarici sərmayələrdir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyətləri sayəsində Azərbaycan dünyaya tanıdılıb. Azərbaycan dünya dövlətləri arasında öz layiqli yerini tutub. Bu gün beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir”. 
Dövlətimizin başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını deyən Baş Nazirin müavini bildirib ki, cari ildə həyata keçirilən sosial islahatlar nəticəsində ölkəmizdə əməkhaqları, təqaüdlər, sosial müavinətlər və digər sosial ödənişlər əhəmiyyətli dərəcədə artırılıb. Məcburi köçkünlərə göstərilən diqqət və qayğının nəticəsidir ki, 102 yeni qəsəbə inşa edilib, 300 minə yaxın insan yeni mənzilə köçüb.
Əli Həsənov ordu quruculuğu və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib. Bildirib ki, Azərbaycan Ordusu dünyanın ən qüdrətli ordularından biridir və işğal altında olan torpaqları istənilən vaxt azad etməyə qadirdir. Azərbaycan münaqişənin həllində heç bir güzəştə getməyəcək.  
Baş Nazirin müavini, həmçinin bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini deyib və partiyanın bu seçkilərə hazırlığı məsələləri haqqında da fikirlərini bildirib. O, 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilənlərin 66,8 faizinin YAP üzvü olduğunu xatırladıb.
Yeni Azərbaycan Partiyasının böyük resurslarının və seçki təcrübəsinin olduğunu deyərək, bu seçkilərdə də uğur qazanılacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya ulu öndər Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gündən-günə inkişaf etdiyini bildirib. Diqqətə çatdırıb ki, YAP Bərdə rayon təşkilatı partiyanın ən böyük yerli strukturlarından biridir və öz sıralarında 11 min 432 üzvü birləşdirir. Onlardan 3582-si gənclərdir. Təkcə bu il partiya sıralarına 213 nəfər qəbul olub ki, onlardan 159 nəfəri gənclər, 162 nəfəri ali təhsillilərdir. YAP üzvləri rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər. 
Fəqət Şadlinskaya qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq işlərindən də bəhs edib. YAP rayon təşkilatında seçki qərargahının yaradıldığını, seçkilərdə namizədlərin müəyyən edilməsi işinə başlanıldığını diqqətə çatdırıb. 
YAP Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, YAP Ağdam rayon təşkilatının 6728 nəfər üzvü var. Onlardan 2976 nəfəri qadınlar, 1545 nəfəri gənclərdir. Son zamanlar partiya sıralarına üzv qəbul olunmaq istəyənlərin sayı artmaqdadır. 2018-ci ildə və 2019-cu ilin 8 ayında 450 nəfər partiya sıralarına qəbul edilib ki, onlardan da 230 nəfəri gənclər, 323 nəfəri qadınlardır. Allahverən Əliyev rayonda gedən sosial-iqtisadi inkişaf, aparılan tikinti-quruculuq işlərindən, bələdiyyə seçkilərinə hazırlıqla bağlı həyata keçirilən tədbirlərdən danışıb. 
Milli Məclisin deputatı Bəxtiyar Əliyev və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tədbirdə çıxış edərək,  ölkəmizdə həyatın bütün sahələrində baş verən böyük inkişafdan, uğurlu sosial-iqtisadi islahatlardan söz açıblar. Bildirilib ki, həyata keçirilən dövlət proqramları, reallaşan böyük infrastruktur layihələri nəticəsində Azərbaycanın bölgələrinin siması tanınmaz dərəcədə dəyişib, vətəndaşların sosial təminatı əhəmiyyətli dərəcədə yüksəlib, insanların sosial-rifah halı yüksəlib. 
Sonda YAP sıralarına yeni daxil olmuş gənclərin bir qrupuna partiya biletləri təqdim edilib.

18 2019 23:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə